Keçmiş direktorlar

Keçmiş direktorlar

KRASUSKİ KONSTANTİN ADAMOVİÇ
(1867-1937)

SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun direktoru 
(1935-1937)

Krasuski Konstantin Adamoviç 1867-ci il sentyabrın 14-də Moskva vila­yətinin Zaraysk şəhərində anadan ol­ub. 1891-ci ildə Peterburq Uni­ver­­­sitetinin fizika-riyaziyyat fakül­­təsi­­ni bitirib. 1902-ci ildə kimya üzrə magistr alimlik dərəcəsi, 1903-cü ildə professor elmi adı almışdır. 1902-1907-ci illərdə Varşava Universitetində professor kimi çalışıb, 1911-ci ildə Kiyev Uni­ver­sitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə edib, 1926-cı ildə Ukrayna SSR EA-nın, 1933-ci ildə isə SSRİ EA-nın müxbir üzvü seçil­ib. 1907-1912-ci illərdə Kiyev Politexnik İns­ti­tu­tun­da, 1913-1916-cı illərdə Kiyev Universitetində, 1916-1919-cu illərdə Xarkov Universitetində işləyib. 1929-cu ildə Azərbaycana dəvət olunub. 1929-30-cu illərdə Bakı Döv­lət Universitetində, 1930-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunda "Üzvi-kimya" kafedrasına rəhbərlik edib. 1935-1937-ci illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun təşki­latçısı və ilk direktoru olub. K.Krasuskinin elmi fəaliy­yətinin əsasını hipoxlorit turşusunun olefinlərə birləşmə qaydasının müəy­yən edilməsi, üzvi oksidlərin iştirakı ilə gedən izomerləşmə reaksiyalarının öyrənilməsi, ammonyak və aminlərin üzvi oksidlərə təsirinin araş­dırılması məsələləri təşkil edib. Onun tərəfindən müəyyən edilib ki, aminlər qeyri-sim­metrik oksid­lərə birləşən zaman hidrogen ən az olan yerə bir­ləşir və nəticədə ikili aminospirt əmələ gəlir. Bu proses K.Krasuski qaydası adı ilə üzvi kimyada geniş istifadə olunur. Azərbaycanda üzvi kimya elmi­nin inkişafında, elmi kadrların hazırlanmasında, üzvi kimya labora­toriyalarının təşkil edilməsində K.Krasuskinin böyük xidmətləri olub. O, 60-dan artıq elmi əsərin müəllifidir. K.Krasuski Azərbaycan SSR «Əməkdar elm xadimi» adına layiq görülüb.

 

ƏLİYEV ŞIXBALA ƏBÜLFƏZ OĞLU
(1910-1960)

SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun direktoru 
(1941-1943)

Əliyev Şıxbala Əbülfəz oğlu 1910-cu il martın 28-də Bakı quberniyasının Binəqədi kəndində anadan olub. Ş.Əliyev 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib,1934-cü ildə kimya üzrə fəlsəfə doktoru, 1943-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1946-cı ildə isə professor adı alıb. 1935-ci ildən başlayaraq Azərbaycan Sənaye İnstitutu və Bakı Dövlət Universitetində dosent, SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda əvvəlcə şöbə, sonra laboratoriya müdiri, 1941-1943-cü illərdə direktor, 1943-1947-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1950-ci ildə isə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri vəzifəsində işləyib. 1950-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib və 1960-cı ildə həmin institutda aparılan sınaq işləri zamanı baş vermiş partlayış nəticəsində faciəli surətdə həyatını itirib. Ş.Əliyevin elmi-tədqiqat işləri neft məhsullarının termiki krekinqi və pirolizi nəticəsində xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların alınması ilə bağlı olub. O, respublikamızda olan yanar şistləri tədqiq edib və onlardan yanacaq və inhibitor alınmasının yollarını göstərib. Onun rəhbərliyi altında aşağı molekullu karbohidrogenlərin alüminium-xlorid iştirakı ilə doymamış karbohidrogenlərlə alkilləşməsi sahəsində tədqiqatlar aparılıb. Üzvi sintezin mühüm monomerlərindən olan allil- xloridin və onun törəmələrinin sintezi tədqiqat istiqamətlərindən biri olmub. Onun rəhbərliyi ilə respublıkamızın yabanı bitkilərindən müxtəlif alkoloidlərin alınması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ş.Əliyev 60-dan çox elmi əsərin müəllifidir. O, “Şərəf Nişanı” ordeni ilə, bir sıra medallarla və səmərəli elmi-pedaqoji fəaliyyətinin 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

 

 MƏMMƏDOV ŞAMXAL ƏLİMƏMMƏD OĞLU 

(1910-1984)

SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun direktoru 
(1943-1949)

Məmmədov Şamxal Əliməmməd oğlu 1910-cu il oktyabrın 10-da Füzuli şəhərində anadan olub, 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Ş. Məmmədov 1936-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1942-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1956-ci ildə isə professor adı alıb.1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. 1936-cı ildən Bakı Dövlət Universitetində dosent, 1943-1952-ci illərdə kafedra müdiri, 1937-1943-cü illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda laboratoriya müdiri, 1943-1949-cu illərdə isə həmin institutun direktoru olub. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri, 1959-1978-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri olub. Ş.Məmmədovun əsas elmi fəaliyyəti bioloji xassə daşıyan qlikol efirlərin sintezi və tədqiqi ilə bağlı olub. Onun tərəfindən qlikol efirlərinin sintezinin onlarla üsulu işlənib hazırlanıb və bu üsulların köməyilə 5000-ə qədər maddə alınıb və ABŞ-ın İndex Chemicals-ın qeydiyyatından keçib. Alimin rəhbərliyi ilə qlikol efirləri əsasında bioloji aktiv birləşmələr sinfinə mənsub olan yeni herbisidlər, insektisidlər, akarisidlər, baytarlıqda işlədilən Efiran-111 və Efiran -67 tipli müalicəvi preparatların sintezi üsulları işlənib hazırlanıb. Ş.Məmmədov 400 elmi əsərin, o cümlədən 70 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Ş.Məmmədovun respublikamızda yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sayəsində böyuk rolu olub. Onun rəhbərliyi ilə 50 fəlsəfə doktoru yetişdirilmişdir. O, «Şərəf nişanı» ordeni və bir sıra medallarla təltif olunmuşdur.

 

 

ƏFƏNDİYEV HEYDƏR XƏLİL OĞLU 
(1907-1967)

SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun direktoru
(1949-1967)

Əfəndiyev Heydər Xəlil oğlu 1907-ci il iyulun 1-də Şəki şəhərində anadan olub. O, 1931-ci ildə Bakı Dövlət Universitetinin təbiət-riya­ziy­yat fakül­təsini bitirib, 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1958-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1959-cu ildə isə professor elmi adı alıb. 1962-ci ildə Azərbay­can EA-nın müxbir üzvü seçilib. 1941-1949-cu illərdə Azərbaycan SSR EA-nın Kimya İnstitutunda laboratoriya müdiri, 1949-cu ildən ömrünün sonuna qədər həmin İnstitutun direktoru olub. H.Əfəndiyevin əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edilib. O, respublikanın mineral və neft-lay sularında müxtəlif tip süxurlarda nadir və radioaktiv element­lərin yayılma qanuna­uyğunluqlarını öyrənib. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemini hazırlayıb və eyni zamanda Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geo­kimyasının öyrənilməsinə rəhbərlik edib. H.Əfəndiyev respublikada geo­kimya elminin yaradıcılarından biri olub. O, gözəl pedaqoq, ictimai xadim və elm təşkilatçısı idi. Onun yaratdığı geokimya məktəbi indi də öz fəaliyyətini davam etdirir. Alimin əldə etdiyi elmi nəticələr onun «Радиоактивность минеральных вод Азербайджана», «Гидротермальный рудный комплекс северо-восточной части Малого Кавказа», «Nadir elementlər kimya­sına giriş», «Вопросы геохимии радиоактивных элементов нефт­яных месторождений» və bir çox digər əsərlərində öz əksini tapıb. H.Əfəndiyev 216 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru yetişdirilib. H.Əfəndiyevin dilimizdə kimya və geologiya terminlərinin yaradılmasında və təkmilləşməsində əvəzsiz xidmətləri olub. O, 2 dəfə «Şərəf nişanı» ordeni və medallarla, Azərbaycan SSR Ali Sovetinin «Fəxri fərmanı» ilə təltif olunub.

 

 

ORUCOVA İZZƏT MİRZƏAĞA QIZI (1909–1983)

Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971)

Orucova İzzət Mirzəağa qızı 1909-cu il sentyabrın 16-da Bakı şəhərində anadan olub. 1932-ci ildə Azər­baycan Sənaye İnstitutunun neft tex­nologiyası fakültəsini bitirib. İ.Orucova 1947-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1962-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1962-ci ildə isə professor adı alıb. 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1970-ci ildə isə həqiqi üzvü seçil­ib. 1959-cu ildən Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitu­tunda, 1965-1967-ci illərdə Azər­bay­­can SSR EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1967-1971-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru olub. İ.Orucovanın əsas elmi fəaliy­yəti sürtkü yağlarının keyfiy­yətinin və istehsalının yüksəldil­məsinə həsr edil­ib. O, yeni növ neft yağlarının alınma texnolo­giyasının işlənib hazır­lan­masında, onların tə­mizlən­məsi, pa­rafinsizləşdirilməsi proseslərinin tək­milləşdirilməsin­də və həmçinin al­kilfenollar və sulfatlar əsasında sürtkü yağlarının yeni aş­qarlarının tətbiqində fəal iştirak edib. İ.Orucova yağların keyfiy­yətini yaxşılaşdırmaq, onların istismar müddətini artırmaq və metal mü­hər­riklərini korroziyadan mühafizə etmək məqsədi ilə alkilfenolların efirləri və naften turşusu əsasında yeni yüksək keyfiyyətli inhibitor­ların alınma­sına nail olub. O, 200 elmi əsərin, o cümlədən 30 müəlliflik şəha­dət­naməsinin və 3 monoqra­fiyanın müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 11 fəlsəfə doktoru yetişdirilib. İ.Orucova XII çağırış Bakı Şəhər Sovetinə və müxtəlif vaxtlarda 4 dəfə indiki Səbail rayonuna deputat seçilib. O, Azərbaycan-Almaniya Cəmiyyətinin sədri, Səbail rayonu Qadınlar Cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyətinin üzvü olub.Alim 1970-ci ildə motor yağları üçün aşqar və kompozisiyaların sintez texnologiyalarının yaradılması və sənayedə tətbiqinə görə Respublika Dövlət Mükafatına layiq görülmüş, «Lenin», «Oktyabr İnqilabı», «Qır­mızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilib.

 

 

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU 
(1908–1975)

Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru 
(1965-1975)

Nağıyev Murtuza Fətulla oğlu 1908-ci il mayın 5-də Cənubi Azər­bay­ca­nın Sərab şəhərin­də anadan olub. O, 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya üzrə elmlər dok­toru elmi dərəcəsi, 1945-ci ildə professor elmi adı alıb. 1952-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üz­vü seçilib. 1945-1946-cı illərdə Azərbaycan SSR EA Neft İnstitutunda şöbə mü­diri, 1945-1956-cı il­lərdə həmin ins­titutun direktoru və şöbə müdiri, 1959-1962 ci illərdə Azərbaycan EA Neft Kimya Pro­ses­ləri İnstitutu­nun direktoru, 1965-1975-ci illərdə isə Azər­baycan SSR EA Kimya Tex­nolo­gi­yasının Nəzəri Prob­­lemləri İnstitu­tu­nun yaradıcısı və direk­toru ol­ub. 1956-1957-ci illərdə Azər­baycan SSR Elm­lər Aka­demiya­sının Fizika-tex­nika böl­mə­­sinin akademik-katibi, 1957-1959-cu illərdə birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri böl­mə­sinin aka­demik-katibi, 1962-1967-ci illərdə isə Azər­baycan EA-nın aka­demik-katibi olub. M.Nağı­yevin el­mi fəaliyyəti­nin əsas istiqaməti neft kimyası və tex­nologiyası, kimyəvi reaksiyaların kine­tikası və termodinamikası idi. M.Nağıvev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qə­bul olunmuş resirkul­yasiya prosesləri nəzəriy­yə­si­nin yaradı­cısıdır. Bu nəzəriyyə kimya-texnologiya proseslərinin və eləcə də Kim­­ya Tex­no­lo­giyası Kom­bi­nat­la­rının (KTK) ən effektli yolla in­ten­sivləş­di­ril­məsinə im­kan yaradıb. Re­sir­kul­ya­si­ya nəzəriyyəsindən istifadə edilmə­dən KTK-ları, hətta ayrıca reak­torları belə layi­hə­ləşdirilməsi qey­ri-mümkündür. M.Na­­­ğı­yevin qlobal optimallaş­dırma anla­yışı, mürək­kəb KTK-nın optimal­laşdırılmasına sis­temli yanaşma olmaqla, kimyə­vi proseslərin mo­del­ləşdirilməsinə ilkin təkan verib. Onun bu sahədə prio­ritetliyi bütün dünyada qəbul olun­ub. M.Nağı­yev tərəfindən kimyəvi reaktorların potensial im­kan­larının təyini; realizə olunan təc­rübi pro­seslərin opti­mal­laş­dı­rıl­ması; re­sir­kul­yasiya sistemləri üçün katali­za­torun seçilməsi və təd­qi­qi; əks-əlaqəli sis­tem­lərin həyata keçi­rilməsi ilə təcrü­bi proseslərin təd­qiqi; mak­­simum sə­mə­rəliliklə işləyən kim­ya kompleks­lərinin işlənib ha­zır­lan­ması kimi nəzəri məsə­lələr həll olun­ub. M.Nağı­yev tə­rə­­findən əsası qoyulmuş superopti­mallıq prinsipi kimyəvi proses­lərin təd­qi­qinə kimyanın klassik ən­ənə­lərindən fərqli olan yeni yanaşma olub, kimyəvi reaktorların yüksək məh­sul­dar­lıqla işləməsinə və tullantıların azal­masına imkan yaradır. M.Nağıyev 300 elmi əsərin, 12 müəlliflik şəhadətnaməsinin və 30 funda­­mental mo­no­qrafiyanın müəl­lifidir. Onun rəhbərliyi ilə 3 elmlər dok­toru və 30 fəlsəfə doktoru yetişdirilib. M.Nağıyev görkəm­li ictimai xadim kimi Azərbaycan Ali Sovetinin 4, 5 və 6-cı çağı­rışlarının deputatı olub. “Əmək­dar Elm Xa­dimi” və Sosialist Əməyi Qəhrə­manı adlarına layiq gö­rü­l­üb. O, həmçinin “Lenin”, “Qır­mızı Əmək Bayrağı” ordenləri və bir sıra me­dallarla, Azərbaycan SSR Ali Sove­tinin “Fəxri Fər­manı” ilə təltif olunub.

 

 

ZÜLFÜQAROV ZÜLFÜQAR HÜSEYNQULU OĞLU
(1913-1992)

Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru
(1971-1983)

Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1959-cu ildə isə professor elmi adı alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.1968-1970-ci illərdə Azəbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün axırına kimi həmin institutda laboratoriya müdiri olub. Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın - alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və digər mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlib. O, bu tip katalizator və adsorbentlərin hazırlanma üsullarını təkmilləşdirib, onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə adsorbsiya qabiliyyətləri arasında qarşılıqlı əlaqənin təbiətini öyrənib, korrelyasiya qanunauyğunluqları aşkar edib. Alimin əldə etdiyi elmi nəticələr onun «Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri», «Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi», “Modifi¬kasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar” və bir çox başqa əsərlərində öz əksini tapıb. O, 400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru yetişdirilib. Z.Zülfüqarov II dərəcəli Vətən Müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif olunub, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı və Azərbaycan SSR-nin “Əməkdar Elm xadimi” adına layiq görülüb.

 

 

ŞAHTAXTİNSKİ TOĞRUL NEMƏT OĞLU 
(1925–2010)

Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru
(1975-2002)

 AMEA Kimya Problemləri İnstitutunun direktoru 
(2002-2010)

Şahtaxtinski Toğrul Nemət oğlu 1925-ci il oktyabrın 22-də Bakı şəhərində anadan olub. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. T.Şahtaxtinski 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru və 1968-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə isə professor adı alıb. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçil­ib. 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olmaqla yanaşı, 1962-1975-ci illərdə “Mono­merlər” şöbəsinə rəhbərlik edib. 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri, 1975-2002-ci illərdə Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitutunun, 2002-2010-cu illərdə isə Kimya Problemləri İnstitutunun direktoru, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Bölməsinin, 1997-2007-ci illərdə Azər­bay­can EA-nın akademik-katibi olub. T.Şahtaxtinskinin əsas elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, karbohidrogenlərin katalitik çevril­mələ­rinin öyrənilməsi, kimyəvi proses­lərin modelləşdirilməsi və optimal­laşdırıl­masının və kimya texnolo­giyasının nəzəri əsaslarının işlənil­məsi ilə əlaqəli geniş problem­ləri əhatə edir. Onun rəhbərliyi ilə oksidləşmə və oksidləşdirici ammonolizin mühüm təcrübi prosesləri işlənib hazırlanmış, mürək­kəb kimyəvi-texno­loji sistemlərin model­ləş­dirilməsi və optimal idarə olunma­sının nəzəri əsasları, ayrıca proseslər üçün katalizatorun «qocal­masının» dinamikasının ümumi prinsipləri yaradılıb, suspenziya polimerizato­ru, yanmanın elektro­kimyəvi kame­rası, qeyri-stasionar qarışdırıcı reak­tor­lar hazırlanıb. T.Şahtaxtinski 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru yetişdirilib. 1975-2010-cu illərdə “Azərbaycan kimya jurnalı”nın baş redaktoru olub. O, dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib. T.Şahtaxtinski «Şərəf nişanı», «Xalqlar Dostluğu», «Şöhrət», «İstiqlal» ordenləri, «Fədakar əməyə görə» medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub və «Əməkdar elm xadimi» fəxri adına layiq görül­üb.

 

 

RİZAYEV RAMİZ HƏSƏNQULU ÖĞLU 
(1939)

Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru 
(1985-2002)

Rizayev Ramiz Həsənqulu oğlu 1939-cu il noyabrın 2-də Naxçıvan şə­hərində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərq­lənmə diplomu ilə bitirib. R.Rizayev 1965-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1974-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1978-ci ildə isə professor adı alıb. 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçil­ib. 1973-1985-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1985-2002-ci illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnsti­tutunun direktoru, 1993-2005-ci illərdə Azərbaycan Respubli­ka­sının Rusi­ya Federasi­yasında Fövqəladə və Səlahiy­yət­li səfiri işləyib. Hazırda Kataliz və Qey­ri –üzvi kimya İnstitutunda baş elmi işçi vəzifəsində çalı­şır. R.Rizayevin əsas elmi fəaliy­yəti heterogen kataliz sahəsinə aiddir. O, karbo­hidro­genlər və onların funksional törəmələrinin yumşaq və qoşulmuş oksidləşmə reaksiyalarının nəzəri və prak­tiki aspektlərini ətraflı tədqiq etmiş, alkilbenzollar və onların xlorlu törəmələrinin oksid­ləşdirici ammonoliz reaksiyaları üçün yüksək effektli katalizatorlar yaratmış və bu proseslərin elmi əsas­larını işləmişdir. R.Rizayev kiçik mole­kullu parafinlərin oksidləşdirici dehidrogen­ləşmə proses­lərinin öyrənilməsində bir sıra fundamental nəti­cələr əldə etmiş, aromatik nitrillər əsasında bir çox qiymətli sintetik materialların səmərəli alınma üsulla­rını sənaye praktikasında tətbiq etmiş­dir. Alimin əldə etdiyi elmi və praktiki nəticələr onun “Гетерогенный катализ в произ­вод­стве ароматических нитрилов”, “Механизм окислительной дегидродимеризации на Bi-Mn ок­сид­ном катали­заторе” və bir çox başqa əsər­lərin­də öz əksini tapıb. O, 280-dan çox elmi əsə­rin, o cümlə­dən 50 müəlliflik şəha­dət­naməsi və 30 xarici patentin mü­əllifidir. R.Rizayevin rəhbərliyi ilə 7 elmlər doktoru və 26 fəlsəfə doktoru yetişdirilib. O, SSRİ EA-nı “Kataliz” Elmi Şurası­nı üzvü, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü, neft-kimya üzrə ekspert şurasının və “Neft-kimya” jurnalının redaksiya heyətinin üzvü olub. R.Rizayev Azər­baycan SSR Ali Sovetinin “Fəxri Fərmanı”, “Əmək rəşadətinə görə” medalı ilə təltif olunub.

 

 

ƏLİYEV AĞADADAŞ MAHMUD OĞLU 
(1940)

Akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutunun direktoru 
(2011-2014)

Əliyev Ağadadaş Mahmud oğlu 1940-cı il oktyabrın 16-da Bakı şəhərində anadan olub. 1958-ci ildə Azər­­bay­can Sənaye İnstitutunun mexa­nika fakültəsini bitirib. A.Əliyev1969-cu ildə kimya üzrə fəlsəfə doktoru və 1985-ci ildə texnika elmlər doktoru elmi dərəcəsi, 1985-ci ildə isə professor elmi adı alıb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçil­ib. 1967-ci ildən Azərbay­can EA Kimya Texnologi­yasının Nə­zəri Problemləri İnstitutunda baş mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, laboratoriya müdiri və 1994-2010-cu illərdə direktor müa­vini, 2011-2014-cü illərdə isə aka­demik M.Nağıyev adına Kimya Prob­­lemləri İnstitutunun direk­toru olub, hazırda AMEA-nın Kataliz və Qeyri–üzvi Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. A.Əliyev qeyri-stasionar katalitik proses­lərin riyazi modelləşdirilməsi və opti­mal­laş­dı­rılması nəzəriyyəsinin yara­dıcı­sıdır. Kimyəvi reaksiyaların kine­ti­ka və mexanizminin təd­qiqi, çox­mər­­hə­­ləli reaksiyalar üçün yüksək effek­tivliyə malik çoxfunksiyalı me­talseolit katali­zatorları sintezinin elmi əsasları­nın işlənib hazırlanması onun əsas elmi fəaliyyətidir. A.Əliyevin rəhbərliyi ilə bir neçə yüksəktonnajlı sənaye və yeni kata­litik proseslərin riyazi modelləri işlənib hazırlanmış, onların əsasında optimal iş rejimləri hesablanmış və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilmişdir. O, etilen və aromatik karbo­hidro­genlərin birgə oksidləşmə reaksiyaları üçün aktiv katalizatorların seçilməsi isti­qamətində elmi-tədqiqat işləri aparmaqla xlor­stirolların və vi­nil­toluolların sintezi üçün yüksək effek­tivlikli katalitik sis­temlər işləyib hazır­lamışdır. Bundan əlavə qaz faza­sın­da etil­benzolun stirola dehidrogen­ləşmə reaksiyasının riyazi modelini tərtib etmişdir. Alifatik spirt­lərin və karbohidro­genlərin (olefin, pa­ra­­fin, naften) qaz fazasında oksid­ləş­dirici çevrilmə reak­siya­ları üçün məq­sədyönlü selek­tiv və aktiv poli­fun­k­sional seolit kata­li­zatorları sinte­zinin elmi əsasları işlə­nib hazır­lan­mış, nəticədə bir sıra kar­bonilli bir­ləşmələrin, karbon turşu­larının, tsik­lik dien karbo­hidrogen­lərinin və ikipil­ləli reaktorda oksigeni pillələrarası pay­lamaq üsulu ilə me­tandan asetilenin və butandiol-1,4-ün alınması üçün yüksək effektiv katali­zatorlar sintez edilmişdir. O, 550-dən çox elmi əsə­rin, 50 müəlliflik şəha­dət­naməsi və patentin müəl­lifidir. A.Əliyev bir sıra Beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Onun rəhbərliyi ilə 7 qrant layihəsi (NATO, Ukrayna ETM, Səu­diyyə Ərəbis­tanı Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Elmin İnkişaf Fondu, SOCAR) üzrə elmi-tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilib. A.Əliyevin rəhbərliyi altında 4 elmlər doktoru və 40 fəlsəfə doktoru yetişdirilib. Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin «Fəxri Fərmanı» ilə təltif olunub.

 

JURNALLAR
Faydalı linklər