Июн 16, 2017 | 09:30 / Конференции, собрания
AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclas iştirakçılarını salamlayaraq 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Akademik bu tarixi günün sadəcə təqvim bayramı deyil, böyük ictimai və siyasi əhəmiyyətə malik olduğunu qeyd edərək ulu öndər Heydər Əliyevin ruhuna rəhmət diləyib.
Sonra akademik Akif Əlizadə gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Alim qısa zaman ərzində Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb: "AMEA-nın magistraturasının böyük nüfuz və reytinq qazanması alimlərimizin uğurudur və buna görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda AMEA-ya çoxlu sayda abituriyentin sənəd verməsi Akademiyada yaradılan şəraitdən, magistratura təhsil pilləsinin müvəffəqiyyətlə həyata keçirilməsindən xəbər verir".
Mövzu ilə əlaqədar çıxış edən Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə böyük marağın olmasından danışıb. O, AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, o cümlədən orta hesabla hər bir yerə 20-dən artıq ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.
İclasda magistratura səviyyəsinə qəbul və magistr hazırlığı prosesilə bağlı həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öz təkliflərini verib, ölkəmiz üçün yüksəkixtisaslı kadr hazırlığında, yeni elmi nəslin yetişdirilməsində AMEA-nın böyük potensiala malik olduğunu vurğulayıb.
İclasda akademik A.Əlizadə Akademiyanın elmi müəssisələrində ingilis dilinin öyrənilməsinin vəziyyəti, alimlərin biblioqrafik göstəricilərinin müasir tələblər səviyyəsində nəşr edilməsi ilə bağlı çıxış edib, təkliflərini səsləndirib.
Sonra AMEA rəhbəri Akademiya ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.
Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: "Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq".
İşlər İdarəsinin müdiri F.Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını diqqətə çatdırıb. O, AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.