Требования к диссертации

 

Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə

 

 

Azərbaycan Respublikası Prezidentinin

 

2019-cu il 11 iyun tarixli

 

Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir.

 

1.2. Elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir.

 

1.3. Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.

 

1.4. Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.

 

1.5. Əvvəllər verilmiş elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur.

 

1.6. Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyaların müdafiəsi və ekspertizası zamanı bu Əsasnamənin tətbiqi qaydasını Komissiya müəyyən edir.

 

1.7. Komissiya fəlsəfə doktorlarına və elmlər doktorlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi dərəcələri təsdiq edən diplom verir.

 

2. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi

 

iddiaçılarına dair tələblər

 

2.1. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında həyata keçirilir.

 

2.2. Dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir.

 

2.3. Elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir. Dissertasiya ilə bağlı tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsi olan iki rəhbər təyin oluna bilər.

 

2.4. Dissertasiyaların mövzularını müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının təqdimatı əsasında Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir.

 

2.5. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir.

 

2.6. Fəlsəfə doktoru imtahanları fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının attestasiyasının əsas tərkib hissəsi olub, dissertasiyanın ilkin müzakirəsinədək verilir və iddiaçının ixtisas üzrə bilik səviyyəsini müəyyən edir.

 

2.7. Fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:

 

2.7.1. iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);

 

2.7.2. xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);

 

2.7.3. Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).

 

2.8. İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir.

 

2.9. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

 

2.10. Fəlsəfə doktoru imtahanının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası yaradılan elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi ödəyir.

 

2.11. Fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydasını və proqramını Komissiya təsdiq edir və imtahan nəticələrinin qiymətləndirilməsi Komissiyanın müəyyən etdiyi meyarlar əsasında aparılır.

 

2.12. İddiaçılara hər bir fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Komissiyanın müəyyən etdiyi formada şəhadətnamə verilir.

 

2.13. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda (tibb və baytarlıq elmləri istisna olmaqla), onlar həmin elm sahəsinin ümumelmi əsaslarından Komissiyanın təsdiq etdiyi proqram əsasında əlavə imtahan verməlidirlər.

 

2.14. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər fəlsəfə doktoru və ya elmlər doktoru dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji sahədə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının ali təhsil müəssisəsində yiyələndiyi ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır.

 

2.15. Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələbləri və dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını Komissiya müəyyən edir.

 

2.16. Dissertasiyaların xarici dildə dərc olunmuş əsas elmi nəticələrinin Azərbaycan dilində xülasəsi (dərc edilmiş nəticələrin 20 faizindən az olmamaqla) Komissiyaya təqdim edilməlidir.

 

2.17. Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir.

 

2.18. Elmlər doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beşi həmmüəllifsiz olmaqla humanitar və ictimai elmlər üzrə on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı üç, dəqiq və təbiət elmləri üzrə on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı beş məqaləsi dərc edilməlidir.

 

2.19. Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim edilmiş yerli patent dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərində bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.

 

Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim olunmuş beynəlxalq patent dissertasiyaların əsas elmi nəticələrini əks etdirən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.

 

2.20. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla), elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün isə azı beş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı ikisi xaricdə dərc edilməklə) olmalıdır.

 

2.21. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, o cümlədən elektron nəşrlərə dair tələbləri Komissiya müəyyən edir.

 

2.22. Dissertasiyaların əsas elmi nəticələrini əks etdirən və bu Əsasnamə ilə müəyyən olunmuş sayda elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən azı bir ay əvvəl dərc edilməlidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən əvvəl həmin sistemlərdə (bazalarda) yerləşdirilməlidir.

 

3. Dissertasiyaya və avtoreferata dair tələblər

 

3.1. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:

 

3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;

 

3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir.

 

3.2. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:

 

3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;

 

3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;

 

3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir.

 

3.3. Dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir.

 

3.4. Dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir.

 

3.5. Dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır:

 

3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir;

 

3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir;

 

3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir;

 

3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir;

 

3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir;

 

3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir;

 

3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir;

 

3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir;

 

3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir.

 

3.6. İddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər.

 

3.7. İddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə çıxara bilməz.

 

3.8. Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər.

 

3.9. Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir.

 

3.10. Kollektiv müəlliflərə mənsub elmi ideya və işləmələrdən istifadə olunursa, iddiaçı bu barədə dissertasiyada müvafiq qeyd etməlidir.

 

3.11. Dissertasiya Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.

 

3.12. Dissertasiyanı iddiaçı, elmi rəhbər və ya elmi məsləhətçi imzalayır.

 

3.13. Dissertasiya Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.

 

3.14. Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyalara və onların avtoreferatlarına dair tələbləri Komissiya müəyyən edir.

 

3.15. Dissertasiyalar müdafiəyə qəbul olunduqda fəlsəfə doktoru dissertasiyaları üçün A5 formatında, otuz altı – qırx min işarə (əsərlərin siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyaları üçün isə A5 formatında, yetmiş altı – səksən min işarə (əsərlərin siyahısı istisna edilməklə) həcmində avtoreferat çap edilir. Humanitar elmlər üzrə avtoreferatın həcmi bu həcmdən iyirmi faizədək artıq ola bilər.

 

3.16. Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.

 

3.17. Avtoreferat Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.

 

3.18. Avtoreferat Azərbaycan dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30-dan çox olmamaqla) ingilis dilində nüsxələri çap edilir.

 

3.19. Avtoreferat rus dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda Azərbaycan və ingilis dillərində (hər biri üzrə 30-dan çox olmamaqla) nüsxələri çap edilir.

 

3.20. Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.

 

3.21. Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış Komissiyanın müəyyən etdiyi siyahı üzrə zəruri ünvanlara göndərilməlidir.

 

3.22. Avtoreferat Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.

 

4. Dissertasiya şuralarının yaradılması və fəaliyyəti

 

4.1. Dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır.

 

4.2. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərləri dissertasiya şuralarının işinin təşkili və müdafiələrin keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin edirlər.

 

4.3. Dissertasiya şuralarının fəaliyyətinin maliyyələşdirilməsini (dissertasiya şurası üzvlərinin əməyinin ödənilməsi, antiplagiat proqramı ilə təminat, dissertasiya müdafiələrinin videoçəkilişi və canlı yayımının təşkili və s.) dissertasiya şurasının fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi həyata keçirir.

 

4.4. Dissertasiya şuraları nəzdində fəaliyyət göstərdikləri elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin əsas möhür və blankından istifadə edirlər.

 

4.5. Dissertasiya şuralarının fəaliyyət müddətini Komissiya üç ilədək müəyyən edir.

 

4.6. Dissertasiya şuraları bir neçə ixtisas üzrə (dörddən çox olmamaqla) yaradılır.

 

4.7. Dissertasiya şurasında hər bir ixtisas üzrə üzvlərin sayı bərabər və hər bir ixtisas üzrə beş nəfərdən az olmamalıdır.

 

4.8. Fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı üç elmlər doktoru, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı beş elmlər doktoru olmalıdır.

 

Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər.

 

4.9. İxtisas üzrə müvafiq dissertasiya şurası olmadığı halda elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında Komissiya birdəfəlik dissertasiya şurası yarada bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.

 

4.10. Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-pedaqoji iş aparan yüksəkixtisaslı mütəxəssislər daxil edilirlər.

 

4.11. Dissertasiya şuraları dissertasiyaların qiymətləndirilməsi zamanı obyektivliyin təmin olunmasına, iddiaçının yüksəkixtisaslı elmi kadr səviyyəsinə uyğunluğuna və qəbul edilən qərarların əsaslandırılmasına görə cavabdehdirlər.

 

4.12. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrləri və üzvləri müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin bu Əsasnamənin 3-cü hissəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdirlər.

 

4.13. Bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələbləri pozulduğu halda dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrlərinə və üzvlərinə, elmi rəhbərlərə (elmi məsləhətçilərə), rəsmi opponentlərə Komissiya bu barədə rəsmi xəbərdarlıq edir.

 

4.14. Dissertasiya şurasında dissertasiya işinin müdafiəsi zamanı dissertasiya, avtoreferat və digər sənədlərdə opponentlər və digər şura üzvlərinin aşkar etdikləri nöqsanların düzəldilməsinə yol verilmir.

 

4.15. Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatı Komissiya təsdiq edir.

 

4.16. Dissertasiya şuralarının fəaliyyətinə Komissiya nəzarət edir.

 

5. Dissertasiyaların təqdim olunması və müdafiəsi

 

5.1. Dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir.

 

5.2. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir.

 

5.3. Rəydə dissertasiya işində şərh olunan elmi nəticələrin alınmasında iddiaçının konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların elmi yeniliyi, praktiki və metodiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi, iddiaçının dərc olunmuş işlərində dissertasiya materiallarının əks etdirilməsi dərəcəsi göstərilməlidir.

 

5.4. Dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi Komissiyaya təqdim edildikdə iddiaçının digər sənədlərinə əlavə olunur.

 

5.5. Elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin rəhbəri geniş protokol və rəyin keyfiyyəti, obyektivliyi və hazırlanma müddəti üçün cavabdehdir.

 

5.6. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir.

 

5.7. Müvafiq ixtisas üzrə dissertasiya şurası olmadıqda, dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi birdəfəlik dissertasiya şurasının yaradılması üçün Komissiya qarşısında vəsatət qaldırır.

 

5.8. Komissiyanın müəyyən etdiyi siyahı üzrə tələb olunan sənədlər təqdim edildikdə dissertasiya şurası dissertasiyanı müzakirə və müdafiə üçün qəbul edir.

 

5.9. Dissertasiya şurasına təqdim edilmiş dissertasiyalar müzakirə üçün dissertasiya şurası nəzdində fəaliyyət göstərən elmi seminara göndərilir.

 

5.10. Elmi seminar dissertasiya şurasının yaradıldığı elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə, dissertasiya şurasında təmsil olunan hər bir ixtisas üzrə mütəxəssislərdən ibarət tərkibdə olmaqla, ayrılıqda yaradılır və elmi seminarın sədri vəzifəsinə həmin ixtisas üzrə dissertasiya şuralarının üzvü olan elmlər doktorları təyin edilirlər.

 

5.11. Elmi seminar ixtisas üzrə elmi dərəcəsi olan azı beş mütəxəssisdən ibarət tərkibdə yaradılır.

 

5.12. Elmi seminarda digər şəxslər, o cümlədən dissertasiya şurasının üzvləri səsvermə hüququ olmadan iştirak edə bilərlər.

 

5.13. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə dissertasiya işi uyğun ixtisaslar üzrə fəaliyyət göstərən elmi seminarların birgə iclasında müzakirə olunur.

 

5.14. Dissertasiya şurasının nəzdində uyğun ixtisas üzrə elmi seminar mövcud olmadığı halda dissertasiya şurasının yaradıldığı elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə müvafiq mütəxəssislərdən ibarət birdəfəlik elmi seminar yaradılır.

 

5.15. Fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün təşkil olunan elmi seminarlarda səsvermə hüququ olan azı iki elmlər doktoru, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün təşkil olunan elmi seminarlarda səsvermə hüququ olan azı üç elmlər doktoru iştirak etməlidir.

 

5.16. Elmi seminarın gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi Komissiyaya təqdim edildikdə iddiaçının digər sənədlərinə əlavə olunur.

 

5.17. Elmi seminarda dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında iddiaçının konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi və elmi-praktiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi, iddiaçının dərc olunmuş işlərində dissertasiya materiallarının əks etdirilməsi, avtoreferatın dissertasiyaya uyğunluğu və Komissiyanın müəyyən etdiyi tələblərə uyğun tərtib edilməsi müəyyənləşdirilir.

 

5.18. Elmi seminar dissertasiyanın müdafiəyə tövsiyə edilib-edilməməsinə dair qərar qəbul edir.

 

5.19. Elmi seminarın protokolu rəylərlə birlikdə elmi seminarın keçirildiyi tarixdən bir ay müddətinədək dissertasiya şurasına təqdim edilir.

 

5.20. Elmi seminar dissertasiyanı müdafiə üçün tövsiyə etmədiyi halda, dissertasiya şurası müzakirə zamanı müəyyən edilmiş nöqsanların əsaslandırıldığı qərarını vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə göndərir və dissertasiya və sənədləri iddiaçıya qaytarır.

 

5.21. Elmi seminarın fəaliyyətinin təşkili qaydasını Komissiya müəyyən edir.

 

5.22. Dissertasiya şurası elmi seminarın qərarı əsasında dissertasiya işinin müdafiəsinə razılıq verir və müvafiq elm sahəsində səriştəli alimlərdən (onların yazılı razılığı ilə) rəsmi opponentləri və müdafiənin vaxtını təyin edir. Dissertasiya şurası Komissiyanın müəyyən etdiyi “Dissertasiyaların avtoreferatlarının göndərilməli olduğu təşkilatların siyahısı”na əlavə olaraq digər ünvanları müəyyən edir, avtoreferatın əlyazması hüququnda çapına razılıq verir.

 

5.23. Zərurət yarandıqda, dissertasiya şurası müvafiq qaydada şuranın tərkibinə əlavə üzvlərin daxil edilməsi ilə bağlı Komissiya qarşısında vəsatət qaldırır.

 

5.24. Dissertasiya şurasında dissertasiya işlərinə elmi seminarların protokol tarixlərinə uyğun olaraq, növbəlilik əsasında baxılır.

 

5.25. Dissertasiya şurasında bir ay ərzində iki fəlsəfə doktoru və bir elmlər doktoru və ya dörd fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilə bilər.

 

5.26. Dissertasiya şurasında bir gün ərzində iki fəlsəfə doktoru və ya bir elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilə bilər.

 

5.27. Dissertasiya şuralarında dissertasiyaların müzakirəsi və müdafiəsi Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimata uyğun aparılır.

 

5.28. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə və dissertasiya şurasının ikinci ixtisas üzrə müdafiə keçirmək hüququ və ya həmin ixtisas üzrə fəaliyyət göstərən şura olmadıqda, Komissiya müdafiənin keçirilməsi üçün dissertasiya şurasının tərkibinə tələb olunan ixtisas üzrə uyğun mütəxəssislər daxil edir.

 

5.29. Dissertasiya şurası dissertasiya və sənədlərin təqdim olunduğu gündən etibarən fəlsəfə doktoru dissertasiyasının müdafiəsinin təşkili haqqında qərarı dörd ay, elmlər doktoru dissertasiyasının müdafiəsinin təşkili haqqında qərarı altı ay müddətində qəbul edir.

 

5.30. Dissertasiya şurasına təqdim olunan dissertasiya və avtoreferatın bir nüsxəsi müdafiə gününə azı bir ay qalmış əlyazması hüququnda saxlanılmaq üçün şuranın fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin kitabxanasına verilir, dissertasiya və avtoreferatların elektron versiyaları (məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiya və avtoreferat istisna olmaqla) həmin elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin, Komissiyanın rəsmi internet saytında yerləşdirilir.

 

5.31. Fəlsəfə doktoru dissertasiyası üzrə elmi dərəcəsi olan üç rəsmi opponent (azı biri elmlər doktoru olmaqla) təyin edilir. Rəsmi opponentlərdən biri müdafiəni keçirən şuranın üzvü ola bilər.

 

5.32. Elmlər doktoru dissertasiyası üzrə dörd elmlər doktoru elmi dərəcəsi olan rəsmi opponent təyin olunur. Rəsmi opponentlərdən ikisi müdafiəni keçirən şuranın üzvü ola bilər.

 

5.33. Rəsmi opponentlər eyni təşkilatı təmsil etməməlidirlər.

 

5.34. Komissiyanın Rəyasət Heyətinin sədri və üzvləri Komissiya Aparatının əməkdaşları, dissertasiya şuralarının sədrləri və sədr müavinləri, elmi katibləri, iddiaçıların elmi rəhbərləri, elmi məsləhətçiləri, iddiaçının elmi əsərlərinin həmmüəllifləri, həmçinin dissertasiyanın yerinə yetirildiyi və ya iddiaçının işlədiyi kafedra, laboratoriya və ya şöbənin əməkdaşları, müəssisənin rəhbərləri, ekspert şuralarının sədrləri, sədr müavinləri və elmi dərəcələr verilməsində fəaliyyətinə bu Əsasnaməyə uyğun olaraq Komissiyanın məhdudiyyət qoyduğu şəxslər rəsmi opponent ola bilməzlər.

 

5.35. Ekspert şuralarının üzvləri yalnız Komissiyanın razılığı ilə rəsmi opponent təyin oluna bilərlər.

 

5.36. Rəsmi opponentlərin əməyinin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

5.37. Rəsmi opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olunmuş elmi işləri araşdıraraq, dissertasiya şurasına yazılı rəy təqdim edir. Həmin rəydə mövzunun aktuallığı, nəticələrin yeniliyi və nəzəri-praktiki əhəmiyyəti, dissertasiyanın bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu öz əksini tapmalıdır.

 

5.38. Rəsmi opponentlərin yazılı rəyləri müdafiə gününə azı on gün qalmış dissertasiya şurasına, rəylərin surəti isə həmin müddətdə iddiaçıya təqdim edilməlidir.

 

5.39. Dissertasiya şurası bu Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə rəsmi opponenti dəyişə və ya bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə onun yazdığı rəyi yenidən işləmək üçün rəsmi opponentə qaytara bilər.

 

5.40. Dissertasiya şurası iddiaçının və digər maraqlı şəxslərin əsaslandırılmış rəsmi müraciəti əsasında Komissiyanın razılığı ilə dissertasiyanın müdafiə tarixini dəyişdirə bilər.

 

5.41. Müdafiənin yeni təyin olunmuş tarixi haqqında iddiaçıya məlumat verilir, həmin məlumat, eyni zamanda, dissertasiya şurasının fəaliyyət göstərdiyi təşkilatın və Komissiyanın rəsmi internet saytında yerləşdirilir.

 

5.42. Dissertasiya şurasının iclası onun başlanmasından gizli səsvermənin nəticələri haqqında yekun rəy qəbul edilənədək üzvlərin azı üçdə iki hissəsi iclasda iştirak etdikdə səlahiyyətli sayılır.

 

5.43. Dissertasiya şurasının iclasında müdafiə zamanı ixtisas üzrə elmi dərəcəsi olan azı beş şura üzvü iştirak etməli və fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı onlardan azı üç nəfəri, elmlər doktoru dissertasiyasının müdafiəsi zamanı isə azı beş nəfəri elmlər doktoru olmalıdır.

 

5.44. Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada olan bütün nəticələrin, elmi və nəzəri-praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə edilməlidir.

 

5.45. Dissertasiyanın müdafiəsində rəsmi opponentlərin iştirakı mütləqdir.

 

5.46. Müstəsna hallarda müsbət rəy vermiş rəsmi opponentlərdən yalnız birinin müdafiədə iştirak etməməsinə icazə verilir. Bu halda dissertasiya şurasının iclasında həmin rəsmi opponentin rəyi oxunur.

 

5.47. Dissertasiyaya dair rəsmi opponentlərin verdikləri rəylər mənfi olduğu halda da dissertasiyanın müdafiəsi keçirilir.

 

5.48. Dissertasiyanın müdafiəsi, bir qayda olaraq, Azərbaycan dilində keçirilir. Dissertasiya şurası üzvlərinin və rəsmi opponentlərin açıq səsverməsi əsasında səs çoxluğu ilə qəbul olunmuş qərarla dissertasiyanın müdafiəsi, sinxron tərcümə təmin edilməklə, digər dildə keçirilə bilər.

 

5.49. Dissertasiya şurasının fəaliyyəti ilə əlaqədar kargüzarlıq işləri Azərbaycan dilində aparılır.

 

5.50. Dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir.

 

5.51. Gizli səsvermənin keçirilməsi üçün açıq səsvermə əsasında sadə səs çoxluğu ilə iclasda iştirak edən dissertasiya şurası üzvlərindən üç nəfərdən az olmamaqla hesablama komissiyası yaradılır.

 

5.52. Gizli səsvermə iki mərhələdə keçirilir. Birinci mərhələdə dissertasiya şurasının iclasında müdafiənin keçirildiyi ixtisas üzrə iştirak edən şura üzvləri, ikinci mərhələdə dissertasiya şurasının digər üzvləri səs verirlər.

 

5.53. Müdafiənin keçirildiyi ixtisas üzrə şura üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir.

 

5.54. Hesablama komissiyası protokolunda əvvəl birinci mərhələnin səsverməsinin nəticəsi, sonra ikinci mərhələnin səsverməsinin nəticəsi göstərilir. Protokol iclasda iştirak edən dissertasiya şurası üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə təsdiq edilir.

 

5.55. Elmi dərəcənin verilməsinə dair gizli səsvermənin nəticəsi müsbət olduqda, dissertasiya şurası dissertasiya haqqında açıq səsvermə əsasında sadə səs çoxluğu ilə yekun rəy qəbul edir.

 

5.56. Dissertasiya şurasının yekun rəyində dissertasiyanın iddiaçı tərəfindən alınmış mühüm elmi nəticələri göstərilir, onların dürüstlüyü, yeniliyi, nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrindən istifadə edilməsi haqqında tövsiyələr verilir və onun bu Əsasnamənin 3.1-ci və ya 3.2-ci bəndlərinin tələblərindən hansına uyğun olaraq qiymətləndirildiyi əks etdirilir.

 

5.57. Dissertasiyanın müdafiəsi zamanı dissertasiya şurasının iclaslarının keçirilməsi proseduru, o cümlədən gizli səsvermənin və hesablama komissiyasının işinin təşkili Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir.

 

5.58. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında müsbət qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının elmi dərəcə almaq üçün Komissiyanın müəyyən etdiyi qaydada tərtib olunmuş sənədlərini, dissertasiyanın bir nüsxəsini və onların elektron versiyasını Komissiyaya təqdim edir.

 

5.59. İddiaçının elmi dərəcə almaq üçün təqdim edilmiş sənədləri on ildən az olmayan müddətdə dissertasiya şurasının fəaliyyət göstərdiyi müəssisənin və Komissiyanın arxivlərində saxlanılır.

 

5.60. Dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir.

 

5.61. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər.

 

5.62. Təkrar müdafiə zamanı yeni rəsmi opponentlər təyin edilir. Əvvəlki müdafiə zamanı verilmiş bütün mənfi rəylər təkrar müdafiədə səsləndirilməlidir.

 

5.63. Dissertasiya işinə baxılma prosesində hazırlanmış bütün sənədlər dissertasiya şurasının fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində saxlanılır və tələb edildikdə təkrar müdafiə keçirilən təşkilata göndərilir.

 

5.64. İddiaçı gizli səsvermə başlayana qədər yazılı ərizə ilə dissertasiyaya baxılmanı istənilən mərhələdə dayandıra bilər.

 

5.65. İddiaçı dissertasiyaya baxılmanı dayandırmaq haqqında dissertasiya şurasına ərizə ilə müraciət etdikdə dissertasiya şurasının sədri ərizəni, dissertasiyanın və avtoreferatın bir nüsxəsini dissertasiya şurasında saxlamaqla, iddiaçının təqdim etdiyi digər sənədlərin ona qaytarılması haqqında qərar qəbul edir.

 

5.66. İddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi aşkar olunarsa, dissertasiya şurası, dissertasiyaya baxılma mərhələsindən asılı olmayaraq, həmin dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dissertasiyanın ekspertizasını dayandırır. Bu zaman iddiaçının dissertasiya işinə baxılmanı dayandırmaq haqqında ərizəsi qəbul olunmur, dissertasiya və avtoreferat dissertasiya şurasının qərarı ilə birlikdə müvafiq məktubla Komissiyaya göndərilir.

 

5.67. Elmi müəssisə və təşkilatların rəhbərləri və onların müavinləri, ali təhsil müəssisələrinin rektor və prorektorları rəhbərlik etdikləri qurumların nəzdində fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə edə bilməzlər.

 

5.68. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri dissertasiya və ekspert şuralarının sədri, sədr müavinləri ola bilməzlər.

 

6. Komissiyada dissertasiyalara baxılma

 

6.1. Fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir.

 

6.2. Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilən dissertasiya və avtoreferat, bu Əsasnamənin 3-cü hissəsində dissertasiyaya və avtoreferata dair tələblər nəzərə alınmaqla, Azərbaycan və ya rus dillərində, digər sənədlər Azərbaycan dilində, stenoqram isə müdafiənin keçirildiyi dildə olmalıdır. Xarici dildə dərc edilmiş elmi nəticələr, məqalələr, elmi tədbirlərin nəticələri üzrə dərc olunmuş məruzə və tezislər bu Əsasnamənin 2.16-cı bəndinin tələbləri nəzərə alınmaqla təqdim edilir.

 

6.3. Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.

 

6.4. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

6.5. Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və onu vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır.

 

6.6. Ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir.

 

6.7. Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə isə daxil olduğu gündən beş ay müddətində baxılır.

 

6.8. Dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər.

 

6.9. Elmi dərəcə almaq üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.

 

6.10. Komissiyanın Rəyasət Heyətinin, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən dissertasiya şuralarının və elmi seminarların sədrləri, sədr müavinləri, rəsmi opponentlər, elmi rəhbərlər, elmi məsləhətçilər və iddiaçılar Komissiyanın iclaslarına dəvət edilə bilərlər.

 

6.11. Elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılmış birgə dissertasiya şuralarının fəaliyyətində Komissiya azı bir il müdafiə prosedurlarının, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etmədiyi təqdirdə, həmin dissertasiya şuralarının vəsatəti əsasında elmi dərəcə verilməsi haqqında birbaşa (ekspertizasız) qərar qəbul edə bilər.

 

Müdafiə prosedurunun, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etdiyi təqdirdə Komissiya həmin dissertasiya şuralarının bu hüququna xitam verir.

 

6.12. Komissiyanın Rəyasət Heyətinin və Kollegiyasının qərarlarının surəti iddiaçının müraciəti ilə bir ay müddətində ona verilir.

 

6.13. Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilmiş dissertasiya, avtoreferat və digər sənədlərdə aşkar edilmiş nöqsanların düzəldilməsinə yol verilmir.

 

6.14. Elmi dərəcə verilməsi haqqında Komissiyada qərar qəbul olunanadək iddiaçının istənilən mərhələdə dissertasiyaya baxılmanı dayandırmaq hüququ vardır.

 

6.15. İddiaçının ərizəsinə əsasən dissertasiyaya baxılmanın dayandırılması haqqında Komissiyanın qərarı qətidir.

 

6.16. Dissertasiyaya baxılmanın dayandırılmasından və Komissiyanın elmi dərəcə verilməsindən imtina barədə qərarından sonra həmin dissertasiya, yeni iş kimi azı bir ildən sonra ilkin müzakirədən keçirilməklə müdafiəyə təqdim oluna bilər.

 

6.17. Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dayandırılır. Bu zaman iddiaçının dissertasiya işinə baxılmanı dayandırmaq haqqında ərizəsi qəbul olunmur və onun dissertasiyası və sənədləri Komissiyada saxlanılır.

 

6.18. Komissiya dissertasiya şurasında müdafiə prosedurunun pozulduğunu aşkar etdikdə, dissertasiya şurasının iclasına sədrlik etmiş şəxsə və dissertasiya şurasının elmi katibinə bu barədə rəsmi xəbərdarlıq edir.

 

6.19. Komissiya dissertasiya şurasında müdafiə prosedurunun pozulduğunu aşkar etdiyi halda dissertasiyanın təkrar müdafiəsi Komissiyanın Rəyasət Heyətinin bu barədə qərarından sonra üç aydan tez olmayaraq keçirilir.

 

6.20. Komissiya dissertasiya şurasında üçüncü dəfə müdafiə prosedurunun pozulduğunu aşkar etdikdə, dissertasiya şurasının iclasına sədrlik etmiş şəxsi və dissertasiya şurasının elmi katibini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında vəzifələrinin icrasından kənarlaşdırır.

 

6.21. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu aşkar etdikdə, dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsə, dissertasiya şurasının elmi katibinə və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrinə bu barədə rəsmi xəbərdarlıq edir.

 

6.22. Komissiya üçüncü dəfə dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu aşkar etdikdə, dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırır.

 

6.23. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq edir.

 

6.24. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ vermir. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz.

 

6.25. Elmi dərəcənin verilməsinə dair müsbət qərar qəbul edildiyi halda dissertasiyanın Komissiyaya təqdim olunmuş nüsxəsi (kağız və elektron daşıyıcıda) və bir ədəd avtoreferat saxlanılmaq üçün Azərbaycan Milli Kitabxanasına göndərilir.

 

7. Nostrifikasiya və təkrar attestasiya

 

7.1. Xarici ölkələrdə alınmış fəlsəfə doktoru elmi dərəcəsi sənədlərinin nostrifikasiyası və təkrar attestasiya məsələlərinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsi sənədlərinin nostrifikasiyası və təkrar attestasiya məsələlərinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir.

 

7.2. Elmi dərəcələrin tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olan xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən üç ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədinin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə verir.

 

7.3. Elmi dərəcələrin tanınması və ya bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olmayan xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin tanınması – xarici ölkələrdə elmi dərəcə almış şəxslərin təkrar attestasiyası iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən altı ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə verir.

 

7.4. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.

 

7.5. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilməli sənədlərin siyahısını Komissiya müəyyən edir.

 

7.6. Komissiya nostrifikasiya və təkrar attestasiya zamanı dissertasiya işini ekspertiza üçün elm sahəsinə uyğun olan ekspert şurasına göndərir. Ekspert şurasında dissertasiyanın Azərbaycan Respublikasında müvafiq elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiyalara dair tələblərdən azı birinə cavab verməsi və dərc olunmuş işlərin dissertasiyanın əsas nəticələrini əks etdirməsi qiymətləndirilir. Təkrar attestasiya zamanı, həmçinin iddiaçının müvafiq elmi dərəcəyə uyğunluq səviyyəsi qiymətləndirilir.

 

7.7. Təkrar attestasiya zamanı iddiaçı Komissiyanın qərarı ilə ekspert şurasına dəvət olunur. Nostrifikasiya zamanı isə iddiaçının öz yazılı ərizəsi əsasında ekspert şurasının iclasında iştirak etmək hüququ var.

 

7.8. Komissiya ekspert şurasının tövsiyəsi əsasında nostrifikasiyadan və ya təkrar attestasiyadan keçməyə dair qərar qəbul edir. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri Komissiya tərəfindən nostrifikasiyadan və ya təkrar attestasiyadan sonra Azərbaycan Respublikasının ərazisində müvafiq elm sahəsində fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrinə ekvivalent sayılır.

 

7.9. Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

 

7.10. Nostrifikasiyaya və təkrar attestasiyaya dair müsbət qərar qəbul edildiyi halda dissertasiyanın Komissiyaya təqdim olunmuş nüsxəsi (kağız və elektron daşıyıcıda) və avtoreferat (olduğu halda) saxlanılmaq üçün Azərbaycan Milli Kitabxanasına göndərilir.

 

7.11. Komissiyanın nostrifikasiyadan və təkrar attestasiyadan imtina barədə qərarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət verilə bilər.

 

8. Diplomların və şəhadətnamələrin hazırlanması və verilməsi

 

8.1. Dissertasiya şuralarının elmi dərəcələr verilməsi haqqında vəsatətləri əsasında Komissiyanın qəbul etdiyi qərarlar, o cümlədən nostrifikasiya və ya təkrar attestasiyaya dair qərarlar qəbul edildiyi gündən qüvvəyə minir.

 

8.2. Fəlsəfə doktoru və ya elmlər doktoru diplomlarının və nostrifikasiya və ya təkrar attestasiya əsasında verilən şəhadətnamələrin, habelə onların dublikatlarının hazırlanması və verilməsi qaydasını Komissiya müəyyən edir.

 

8.3. Fəlsəfə doktoru və ya elmlər doktoru diplomlarının, habelə nostrifikasiya və ya təkrar attestasiya əsasında verilmiş şəhadətnamələrin itirildiyi, yararsız hala düşdüyü və ya həmin sənədlərdə səhv aşkar olunduğu hallarda şəxslərə yeni nömrə ilə həmin sənədlərin dublikatı verilir. Göstərilən sənədlərin sahiblərinin soyadı, adı və atasının adı dəyişdikdə, həmin sənədlər onların müraciəti əsasında dəyişdirilir.

 

9. Elmi dərəcədən məhrumetmə və elmi dərəcənin bərpası

 

9.1. Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir.

 

9.2. Komissiya elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsaslarını özü aşkar etdiyi halda həmin məsələyə öz təşəbbüsü ilə baxır.

 

9.3. Komissiya aşağıdakı hallarda elmi dərəcədən məhrumetmə ilə bağlı qərar verir:

 

9.3.1. müdafiə proseduru pozulduqda;

 

9.3.2. elmi plagiat aşkar edildikdə;

 

9.3.3. elmi etika pozulduqda.

 

9.4. Komissiya elmi dərəcədən məhrum edilmiş şəxsin elmi dərəcəsini qanuni əsaslar olduğu halda bərpa edir.

 

9.5. Komissiyada elmi dərəcədən məhrumetmə və elmi dərəcənin bərpası üçün təqdim olunan sənədlərə bu barədə müraciət daxil olduğu gündən altı ay müddətində baxılır. Sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya bu müddəti üç aya qədər artıra bilər.

 

9.6. Elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) məsələsinə həmin şəxsin iştirakı ilə baxılır. Aidiyyəti şəxs üzrsüz səbəbdən iclasda iştirak etmədikdə, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) məsələsinə onun iştirakı olmadan baxıla bilər.

 

9.7. Elmi dərəcədən məhrumetmə məsələlərinə elmi dərəcənin verildiyi tarixdən on il keçdikdən sonra baxılmır.

 

10. Şikayətlərə baxılma

 

10.1. Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər.

 

10.2. Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər.

 

10.3. Şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır.

 

10.4. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir.

 

10.5. Şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.

 

 

 

Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 11 iyun tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edir.

1.2. Elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.

1.3. Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir.

1.4. Komissiya elmi-pedaqoji kadrların mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində əhəmiyyətli nailiyyətlərini bu sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının məlumatları əsasında müəyyən edir.

1.5. Azərbaycan Respublikasında elmi adlar verilməsi üçün dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələbləri və dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını Komissiya müəyyən edir.

1.6. Professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir.

1.7. Əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur.

1.8. Komissiya dosent və ya professor elmi adı verilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi adı təsdiq edən attestat verir.

2. Dosent elmi adının verilməsinə dair tələblər

2.1. Dosent elmi adı elmi fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə və ya laboratoriya müdiri, şöbə və ya laboratoriya müdirinin müavini, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrindən birini tutan, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.1.1. iddiaçının azı üç il elmi iş stajı olmalıdır;

2.1.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.1.3. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə monoqrafiya (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli və həcmi iki yüz min işarədən az olmamalı) nəşr etdirməlidir və ya iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;

2.1.4. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı üç, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki elmi məqalə təqdim etməlidir;

2.1.5. iddiaçının fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı iki olmalıdır.

2.2. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.2.1. iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıdır;

2.2.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.2.3. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.2.4. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı üç, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki elmi məqalə təqdim etməlidir;

2.2.5. iddiaçının fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı iki olmalıdır.

2.3. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan) iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.3.1. iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıdır;

2.3.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.3.3. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.3.4. iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıdır.

2.4. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan) iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.4.1. iddiaçı azı beş il hərbi sahədə xidmət göstərməli, o cümlədən onun ixtisas üzrə azı üç il elmi-pedaqoji iş stajı olmalıdır;

2.4.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.4.3. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.4.4. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı iki elmi əsər təqdim etməlidir.

2.5. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (əməkdar məşqçi, əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika və ya beynəlxalq yarışların çempionu olan və ya onları hazırlayan) iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.5.1. iddiaçının bədən tərbiyəsi və idman sahəsində azı üç il elmi-pedaqoji iş stajı olmalıdır;

2.5.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.5.3. iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.5.4. iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı yarışların hakimi və ya çempionu olmalı, yaxud onları hazırlamalıdır.

2.6. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), lakin elmi dərəcəsi olmayan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.6.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı on il (əməkdar mədəniyyət işçisi və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olmuş, yaxud onları hazırlamış şəxslər üçün azı on beş il) iş stajı, o cümlədən ixtisas üzrə azı beş il (əməkdar mədəniyyət işçisi və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olmuş, yaxud onları hazırlamış şəxslər üçün azı on il) elmi-pedaqoji iş stajı olmalıdır;

2.6.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.6.3. iddiaçının magistr elmi ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili olmalıdır;

2.6.4. iddiaçı müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.6.5. iddiaçının müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı iki olmalıdır;

2.6.6. iddiaçı aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

2.6.6.1. müvafiq ixtisas üzrə azı beş (azı ikisi həmmüəllifsiz) elmi əsər təqdim etməlidir;

2.6.6.2. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin azı iki əhəmiyyətli nəticəsini təqdim etməlidir;

2.6.6.3. müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi və ya diplomantı olmalıdır;

2.6.6.4. müvafiq sahə üzrə respublika və beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatını, qalibini və ya diplomantını hazırlamalıdır;

2.6.6.5. müvafiq ixtisas üzrə yaradıcılıq işinə dair patent təqdim etməlidir.

2.7. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan), lakin elmi dərəcəsi olmayan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.7.1. iddiaçı azı on il hərbi sahədə xidmət göstərməli, o cümlədən onun ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

2.7.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.7.3. iddiaçının magistr elmi ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili olmalıdır;

2.7.4. iddiaçı müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.7.5. iddiaçı müvafiq ixtisas üzrə azı beş elmi əsər təqdim etməlidir.

2.8. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (əməkdar məşqçi, əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika və ya beynəlxalq miqyaslı yarışların çempionu olan və ya onları hazırlayan), lakin elmi dərəcəsi olmayan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

2.8.1. iddiaçının bədən tərbiyəsi və idman sahəsində azı on il (respublika və ya beynəlxalq miqyaslı yarışların çempionu olan və ya onları hazırlayan şəxslər üçün – azı on beş il) iş stajı, o cümlədən ixtisas üzrə azı beş il (respublika və ya beynəlxalq miqyaslı yarışların çempionu olan və ya onları hazırlayan şəxslər üçün – azı on il) elmi-pedaqoji iş stajı olmalıdır;

2.8.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

2.8.3. iddiaçının magistr elmi ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili olmalıdır;

2.8.4. iddiaçı müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməlidir;

2.8.5. iddiaçının müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı iki olmalıdır;

2.8.6. iddiaçı aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

2.8.6.1. müvafiq ixtisas üzrə azı beş (azı ikisi həmmüəllifsiz) elmi əsər təqdim etməlidir;

2.8.6.2. müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı yarışların hakimi və ya çempionu olmalı, yaxud onları hazırlamalıdır.

3. Professor elmi adının verilməsinə dair tələblər

3.1. Professor elmi adı elmi fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə və ya laboratoriya müdiri, şöbə və ya laboratoriya müdirinin müavini, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrindən birini tutan, elmlər doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.1.1. iddiaçının azı beş il elmi iş stajı olmalıdır;

3.1.2. iddiaçı elmlər doktoru elmi dərəcəsi aldıqdan sonra azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.1.3. iddiaçı elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə monoqrafiya (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;

3.1.4. iddiaçının elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır;

3.1.5. iddiaçı aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.1.5.1. elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı iki, dəqiq və təbiət elmləri üzrə azı üç elmi məqalə təqdim etməli və iddiaçının elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;

3.1.5.2. iddiaçının elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı dörd mütəxəssis elmi dərəcə almalıdır.

3.2. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, elmlər doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.2.1. iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.2.2. iddiaçı elmlər doktoru elmi dərəcəsi aldıqdan sonra azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.2.3. iddiaçı elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş humanitar və ictimai elmlər üzrə azı iki, dəqiq və təbiət elmləri üzrə azı üç elmi məqalə təqdim etməlidir və ya iddiaçının elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;

3.2.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə həmmüəllifsiz tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi dörd yüz min işarədən az olmamaqla dərslik və ya dərs vəsaitləri) təqdim etməlidir;

3.2.5. iddiaçı elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə monoqrafiya (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;

3.2.6. iddiaçının elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır.

3.3. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsi tutan, sənətşünaslıq və ya memarlıq doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.3.1. iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.3.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir.

3.4. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, milli təhlükəsizlik və hərbi elmlər doktoru elmi dərəcəsi olan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblərin ödənildiyi halda verilir:

3.4.1. iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.4.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir.

3.5. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, elmlər doktoru elmi dərəcəsi olan, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (əməkdar məşqçi, əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika və ya beynəlxalq miqyaslı yarışların çempionu olan və ya onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.5.1. iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.5.2. iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir.

3.6. Professor elmi adı elmi fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə və ya laboratoriya müdiri, şöbə və ya laboratoriya müdirinin müavini, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrindən birini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.6.1. iddiaçının azı on il elmi iş stajı olmalıdır;

3.6.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.6.3. iddiaçı müvafiq ixtisas üzrə xaricdə həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;

3.6.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı ikisi – xaricdə) məruzə və tezislərinin sayı azı beş olmalıdır.

3.6.5. iddiaçı aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.6.5.1. dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş (o cümlədən azı üçü həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı on (o cümlədən azı beşi həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;

3.6.5.2. dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç (o cümlədən azı ikisi həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı yeddi (o cümlədən azı üçü həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı dörd mütəxəssis elmi dərəcə almalıdır.

3.7. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.7.1. iddiaçının azı on il elmi-pedaqoji iş stajı olmalıdır;

3.7.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.7.3. iddiaçı müvafiq ixtisas üzrə xaricdə həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;

3.7.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə həmmüəllifsiz tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi dörd yüz min işarədən az olmamaqla dərslik və ya dərs vəsaitləri) təqdim etməlidir;

3.7.5. iddiaçının müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı ikisi – xaricdə) məruzə və tezislərinin sayı azı beş olmalıdır;

3.7.6. iddiaçı aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.7.6.1. dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş (o cümlədən azı üçü həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı on (o cümlədən azı beşi həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir;

3.7.6.2. dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç (o cümlədən azı ikisi həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı yeddi (o cümlədən azı üçü həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır.

3.8. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.8.1. iddiaçının azı otuz beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.8.2. iddiaçı azı iki il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.8.3. iddiaçı müvafiq ixtisas üzrə fəlsəfə doktoru dissertasiyasını təkrarlamamaqla monoqrafiya (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;

3.8.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə həmmüəllifsiz tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi dörd yüz min işarədən az olmamaqla dərslik və ya dərs vəsaitləri) təqdim etməlidir;

3.8.5. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;

3.8.6. iddiaçının dosent elmi adı aldıqdan sonra dövri elmi nəşrlərdə dərc edilmiş məqalələrinin ümumi sayı iyirmidən az olmamalıdır;

3.8.7. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş (o cümlədən azı ikisi – xaricdə) məruzə və tezislərinin sayı azı beş olmalıdır.

3.9. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.9.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı on il iş stajı, o cümlədən ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.9.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.9.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

3.9.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır;

3.9.5. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir;

3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır;

3.9.5.3. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır;

3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir.

3.10. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.10.1. iddiaçı azı on il hərbi sahədə xidmət göstərməli, o cümlədən onun ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.10.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.10.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir və ya iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır;

3.10.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı üç elmi əsər təqdim etməlidir.

3.11. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (əməkdar məşqçi, əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika və ya beynəlxalq miqyaslı yarışların çempionu olan və ya onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.11.1. iddiaçının bədən tərbiyəsi və idman sahəsində azı on il iş stajı, o cümlədən ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

3.11.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.11.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

3.11.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır;

3.11.5. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı üç elmi əsər təqdim etməlidir;

3.11.6. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı yarışların hakimi və ya çempionu olmalı, yaxud onları hazırlamalıdır.

3.12. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar memar), lakin elmi dərəcəsi olmayan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.12.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı iyirmi beş il iş stajı, o cümlədən ixtisas üzrə azı on il elmi-pedaqoji iş stajı olmalıdır;

3.12.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən əsas iş yerində azı iki il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.12.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

3.12.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır;

3.12.5. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı beş (azı ikisi həmmüəllifsiz) elmi əsər təqdim etməlidir;

3.12.6. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.12.6.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin azı iki əhəmiyyətli nəticəsini təqdim etməlidir;

3.12.6.2. azı iki dəfə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi və ya diplomantı olmalıdır;

3.12.6.3. azı iki nəfər respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatını, qalibini və ya diplomantını hazırlamalıdır;

3.12.6.4. ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir.

3.13. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan), lakin elmi dərəcəsi olmayan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.13.1. iddiaçı azı iyirmi beş il hərbi sahədə xidmət göstərməli, o cümlədən onun ixtisas üzrə azı on il elmi-pedaqoji iş stajı olmalıdır;

3.13.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı iki il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.13.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

3.13.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı beş elmi əsər (azı ikisi həmmüəllifsiz) təqdim etməlidir;

3.14. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (əməkdar məşqçi, əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi), lakin elmi dərəcəsi olmayan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:

3.14.1. iddiaçının bədən tərbiyəsi və idman sahəsində azı iyirmi beş il iş stajı, o cümlədən ixtisas üzrə azı on il elmi-pedaqoji iş stajı olmalıdır;

3.14.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı iki il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir;

3.14.3. iddiaçı dosent elmi adı aldıqdan sonra tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir;

3.14.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır;

3.14.5. iddiaçı dosent elmi adı aldıqdan sonra dərc edilmiş azı beş (azı ikisi həmmüəllifsiz) elmi əsər təqdim etməlidir;

3.14.6. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir:

3.14.6.1. azı iki dəfə respublika və ya beynəlxalq miqyaslı yarışların hakimi və ya çempionu olmalıdır;

3.14.6.2. azı iki nəfər respublika və ya beynəlxalq miqyaslı yarışların çempionunu hazırlamalıdır.

4. Elmi adlar verilməsinə dair vəsatət

4.1. İddiaçılara dosent və professor elmi adları elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları Komissiya qarşısında vəsatət qaldırdığı halda verilir.

4.2. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları elmi adlar verilməsinə dair vəsatəti yalnız bu Əsasnamənin dosent və professor elmi adlarının verilməsinə dair tələbləri ödənildiyi halda qaldırır.

4.3. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları, bu Əsasnamənin tələbləri ödənildiyi halda, həmin müəssisələrdə elmi və elmi-pedaqoji fəaliyyəti həyata keçirmək üçün dəvət etdikləri xarici ölkə vətəndaşlarına elmi adlar verilməsinə dair Komissiya qarşısında vəsatət qaldıra bilərlər.

4.4. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının elmi adlar verilməsinə dair qərarları gizli səsvermə yolu ilə qəbul edilir.

4.5. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının elmi adlar verilməsinə dair iclasları şura üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. İclasda iştirak edən şura üzvlərinin azı üçdə ikisi lehinə səs verdikdə şuranın qərarı qəbul edilmiş hesab olunur.

4.6. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının elmi adlar verilməsinə dair vəsatətləri digər sənədlərlə birlikdə bu barədə qərar qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya təqdim olunur. Elmi adlar verilməsinə dair vəsatətə əlavə olunan zəruri sənədlərin siyahısını Komissiya müəyyən edir.

4.7. Elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bir nüsxəsi həmin vəsatəti qaldıran elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində on ildən az olmayan müddətdə saxlanılır.

5. Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə baxılma

5.1. Dosent elmi adının verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, professor elmi adının verilməsi məsələsinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir.

5.2. Elmi adlar verilməsinə dair vəsatətin və digər sənədlərin tərtib olunması qaydasını Komissiya müəyyən edir.

5.3. Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə daxil olduğu gündən üç ayadək müddətdə baxılır. Sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər. Elmi adlar verilməsinə dair vəsatətlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.

5.4. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.

5.5. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

5.6. Komissiyanın Rəyasət Heyətinin, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına elmi adların iddiaçıları dəvət edilə bilərlər.

5.7. Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya elmi adlar verilməsinə dair sənədlərin ekspertizasını dayandırır və onu vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə qaytarır.

5.8. Ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən olunur.

5.9. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərə baxaraq, elmi ad verilməsi və ya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir.

5.10. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının vəsatətləri əsasında Komissiya azı bir il həmin elmi şuralardan daxil olan sənədlərdə elmi adlar verilməsi prosedurunun və elmi etikanın pozulmasını, elmi plagiat aşkar etmədiyi halda, həmin elmi şuraların vəsatəti əsasında elmi adlar verilməsi haqqında birbaşa (ekspertizasız) qərar qəbul edə bilər.

Elmi adlar verilməsi prosedurunun və elmi etikanın pozulmasını, elmi plagiat aşkar etdiyi təqdirdə Komissiya həmin elmi şuraların bu hüququna xitam verir.

5.11. Komissiya elmi adlar verilməsindən imtinaya dair qərar qəbul etdiyi tarixdən azı bir il keçdikdən sonra elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları həmin şəxsə həmin elmi adın verilməsi barədə təkrar vəsatət qaldıra bilərlər.

5.12. Komissiyanın elmi adlar verilməsinə dair qərarları qəbul edildiyi gündən qüvvəyə minir.

5.13. Elmi adlar verilməsinə dair vəsatət və digər sənədlər Komissiyada on ildən az olmayan müddətdə saxlanılır.

6. Nostrifikasiya və təkrar attestasiya

6.1. Elmi adların tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olan xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən üç ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi ad haqqında sənədin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə verir.

6.2. Elmi adların tanınması və ya bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olmayan xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin tanınması – xarici ölkələrdə elmi ad verilmiş şəxslərin təkrar attestasiyası iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən dörd ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi ad haqqında sənədin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə verir.

6.3. Xarici ölkələrdə verilmiş dosent elmi adına dair sənədlərin nostrifikasiyası, dosent elmi adı almış şəxslərin təkrar attestasiyası məsələlərinə Komissiyanın Kollegiyasında, professor elmi adına dair sənədlərin nostrifikasiyası, professor elmi adı almış şəxslərin təkrar attestasiyası məsələlərinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilməli sənədlərin siyahısını Komissiya müəyyən edir.

6.4. Komissiya nostrifikasiya və təkrar attestasiya məqsədilə təqdim edilmiş sənədləri ekspertiza üçün elm sahəsinə uyğun olan ekspert şurasına göndərir. Ekspert şurasında müvafiq elmi adı almaq üçün iddiaçının təqdim edilmiş tədris-metodiki işlərinin və dərc olunmuş elmi əsərlərinin elmi ekspertizası aparılır. Təkrar attestasiya zamanı, həmçinin iddiaçının müvafiq elmi ada uyğunluq səviyyəsi qiymətləndirilir.

6.5. Nostrifikasiya zamanı iddiaçının öz yazılı ərizəsi əsasında ekspert şurasının iclasında iştirak etmək hüququ vardır. Təkrar attestasiya zamanı iddiaçı Komissiyanın qərarı ilə ekspert şurasına dəvət olunur.

6.6. Komissiya ekspert şurasının tövsiyəsi əsasında nostrifikasiyadan və ya təkrar attestasiyadan keçməyə dair qərar qəbul edir. Komissiyanın nostrifikasiya və təkrar attestasiyaya dair qərarları qəbul edildiyi gündən qüvvəyə minir.

6.7. Xarici ölkələrdə verilmiş professor və dosent elmi adları Komissiya tərəfindən nostrifikasiyadan və ya təkrar attestasiyadan sonra Azərbaycan Respublikasının ərazisində professor və dosent elmi adlarına ekvivalent sayılır.

6.8. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.

6.9. Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

6.10. Komissiyanın nostrifikasiyadan və təkrar attestasiyadan imtina barədə qərarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət verilə bilər.

7. Attestatların və şəhadətnamələrin hazırlanması və verilməsi

7.1. Dosent və ya professor attestatları, habelə nostrifikasiya və ya təkrar attestasiya əsasında verilmiş şəhadətnamələr itirildiyi, yararsız hala düşdüyü və ya həmin sənədlərdə səhv aşkar olunduğu hallarda, şəxsə yeni nömrə ilə həmin sənədin dublikatı verilir. Göstərilən sənədin sahibinin soyadı, adı və atasının adı dəyişdikdə, həmin sənəd onun müraciəti əsasında dəyişdirilir.

7.2. Dosent və professor attestatlarının, nostrifikasiya və ya təkrar attestasiya əsasında verilən şəhadətnamələrin, habelə onların dublikatlarının hazırlanması və verilməsi qaydasını Komissiya müəyyən edir.

8. Elmi addan məhrumetmə və elmi adın bərpası

8.1. Komissiya şəxslərin elmi addan məhrumetmə (elmi adın bərpası) məsələsinə, elmi addan məhrumetmənin (elmi adın bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir.

8.2. Komissiya elmi addan məhrumetmənin (elmi adın bərpasının) əsaslarını özu aşkar etdiyi halda həmin məsələyə öz təşəbbüsü ilə baxır.

8.3. Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:

8.3.1. şəxs elmi dərəcədən məhrum edildikdə;

8.3.2. elmi ad verilməsi proseduru pozulduqda;

8.3.3. elmi plagiat aşkar edildikdə;

8.3.4. elmi etika pozulduqda.

8.4. Komissiya elmi addan məhrum edilmiş şəxsin elmi adını qanuni əsaslar olduğu halda bərpa edir.

8.5. Komissiyada elmi addan məhrumetmə və elmi adın bərpası üçün təqdim olunan sənədlərə bu barədə müraciətin daxil olduğu gündən dörd ay müddətində baxılır. Sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya bu müddəti iki aya qədər artıra bilər.

8.6. Elmi addan məhrumetmə (elmi adın bərpası) məsələsinə həmin şəxsin iştirakı ilə baxılır. Aidiyyəti şəxs üzrsüz səbəbdən iclasda iştirak etmədikdə, elmi addan məhrumetmə (elmi adın bərpası) məsələsinə onun iştirakı olmadan baxıla bilər.

8.7. Elmi addan məhrumetmə məsələsinə elmi ad verildiyi tarixdən on il keçdikdən sonra baxılmır.

9. Şikayətlərə baxılma

9.1. Komissiyanın elmi adlar verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi addan məhrumetmə (elmi adın bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər.

9.2. Şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır.

9.3. Şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.

 

 

1. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş doktorluq dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

1.1. İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;

1.2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;

1.3. Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;

1.4. İddiaçı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz;

2.   Fəlsəfə doktorluğu alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

2.1. dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;

2.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.

3.  Fəlsəfə doktorluğu alimlik dərəcəsinin iddiaçıları Komissiya tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) namizədlik imtahanları verməlidirlər.

Fəlsəfə doktoru və ya elmlər doktoru alimlik dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər namizədlik və doktorluq dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji elmlər namizədi alimlik dərəcəsi iddiaçılarının ali məktəbdə aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. Doktorluq imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda verilir. Doktorluq imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiya yaradılan müəssisə (birlik, təşkilat) ödəyir. Doktorluq imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya tərəfindən təsdiq edilir. Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı komissiya müəyyən edir.

4. Alimlik dərəcəsinin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəkilində təqdim edirlər.

5. Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyətə mailik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir.
Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir.

6. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.

Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (namizədlik dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (doktorluq dissertasiyası üzrə) təyin olunur.

Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud elmlər namizədi alimlik dərəcəsinə malik iki rəhbər təyin edilə bilər.

7. Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır.
Azərbaycan Respublikasının müvafiz elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir.

Xarici ölkələrin nüfuzlu elmi nəşrlərində xarici dildə dərc edilmiş dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi Komissiyaya təqdim edilməlidir.

Dissertasiyaların elmi nəticələrinin elmi nəşrlərdə dərc olunması ilə bağlı tələblər Komissiya tərəfindən müəyyən edilir.

8. İddiaçıların fəlsəfə doktorluğu dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunana nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Doktorluq dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir.

Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir.

9. Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materialların mənbələrinə və müəlliflərinə istinad etməlidir.

Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu barədə dissertasiyada qeyd etməlidir. Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə, baxılma mərhələsindən asılı olmayaraq dissertasiyanın ekspertizası dayandırılır və iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir.

Plagiatlıq faktı təsdiq edilmiş işdə aşkarlandıqda, alimlik dərəcəsinin verilməsi haqqında qərar rəyasət heyəti tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il  21 fevral tarixli, 857 nömrəli 
fərmanı ilə təsdiq edilmişdir