(Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 19 sentyabr 2003-cü il tarixli (protokol №12) və 06 iyun 2004-cü il tarixli (protokol №11) qərarları ilə edilmiş dəyişikliklərlə)
1. Dissertasiyanın strukturu:
- üz vərəqi;
- mündəricat;
- ixtisarların siyahısı (dissertasiyada varsa);
- giriş;
- əsas hissə (dissertasiyanın məzmunu);
- nəticə;
- istifadə edilmiş ədəbiyyat;
- əlavələr.
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.
2. Dissertasiyanın tərtib edilməsi qaydaları:
2.1. Əsas tələblər
2.1.1. Dissertasiyanın mətni makinada (qara lentdən və qara surətçıxaran kağızdan istifadə etməklə) və ya kompyuterdə çap olunur. Çap A4 (210x297 mm) formatlı ağ kağızın bir üzündə, makinada sətirlər arasındakı məsafə 2 interval, kompyuterdə isə 1,5 interval olmaqla yerinə yetirilməlidir.
2.1.2. Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır:
- Azərbaycan dilində latın əlifbası ilə Az-Times Lat-14, Az Tms 97 Lat-14, Alk-Az-Tms-14, A3 Times AzLat-14, Times Roman AzLat-14 şriftləri ilə;
- rus dilində kiril əlifbası ilə Times New Roman Cry-14, Rus Helviltica-14, Arial (Cyr)-14 şriftləri ilə;
- ingilis dilində mətn Times New Roman-14, Arial-14 şriftləri ilə çap olunur.
Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər.
2.1.3. Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə-30 mm, sağ-10mm, yuxarı və aşağı-20 mm (yuxarı və sonuncu sətrə qədər).
2.1.4. Sözlər arasındakı məsafəni nəzərə almaqla, sətirdəki işarələrin sayı 60-65-dən az olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
2.1.5. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır.
2.1.6. Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas mətnin sıxlığına yaxın olmalıdır.
2.1.7. Dissertasiyada çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqlar düzəldilə bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.
2.1.8. Doktorluq dissertasiyasının həcmi 200-250 səhifə, namizədlik dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30 % artıq ola bilər.
2.1.9. Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür.
2.1.10. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan başlayaraq sətri hərflərlə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlıqların yazılışında sözlər sətirdən sətrə keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır.
2.1.11. “Mündəricat”, “Giriş”, “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat”, “əlavələr” sözləri dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir.
2.1.12. Fəsil və yarımfəsil arasındakı, eləcə də başlıq və mətnin (bəndin) arasındakı məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz.
2.1.13. Hər fəsil yeni səhifədən başlanmalıdır.
2.2. Nömrələmə
2.2.1. Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir.
Dissertasiyanın səhifələri nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqində nömrə çap edilmir, ondan sonra gələn səhifə “2” rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr, arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir.
2.2.2. İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir.
2.2.3. Fəsillər rum rəqəmləri ilə ardıcıl olaraq nömrələnir (məsələn: I fəsil). Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur.
2.2.4. Yarımfəsil nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin nömrələrindən ibarətdir. Yarımfəslin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5. (ikinci fəslin beşinci yarımfəsli).
2.2.5. Yarımfəslin daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndi nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, yarımfəslin və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5.1. (ikinci fəslin beşinci yarımfəslinin birinci bəndi).
2.2.6. Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir.
2.2.7. Dissertasiyanın mətni və cədvəllərə arayış və aydınlaşdırıcı xarakter daşıyan qeydlər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Əgər cəmi bir qeyd varsa, o nömrələnmir, əgər qeydlərin sayı birdən çoxdursa, “Qeyd” sözündən sonra iki nöqtə qoyulur və qeydlər nömrələnir. Məsələn:
Qeyd:
1. ...
2. ...
Qeydlərin çapı üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
3. İllüstrasiya
3.1. İllüstrasiyalar keyfiyyətli olmalıdır. Şəkillər həm qara tuş və ya qara mürəkkəblə çəkilə bilər, həm də rəngli ola bilər.
Dissertasiyada ancaq kompyuter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
A4 formatından kiçik olan fotolar standart ağ vərəq yapışdırılmalıdır.
3.2. İllüstrasiyalar elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə onlara birinci istinaddan sonra yerləşdirilməlidir.
3.3. İllüstrasiyalar (cədvəllərdən başqa) “Şək.” sözü ilə nişanlanır və fəslin daxilində ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən ibarətdir. Məsələn: Şək. 1.2 (birinci fəslin ikinci şəkli).
İllüstrasiyanın nömrəsi və adi illüstrasiyanın altında yerləşdirilir.
4. Cədvəllər
4.1. Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir.
4.2. Cədvəl, mətndə onun ilk xatırlanmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərildikdən sonra onu oxumaq mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirmək olar.
4.3. Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2. (birinci fəslin ikinci cədvəli). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir.
4.4. Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, “Cədvəl” sözü və onun nömrəsi cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir; cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Əgər dissertasiyada bir neçə cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır. Məsələn: cədvəl 1.2-nin ardı.
Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə çap edilir.
4.5. Cədvəllərin sütun və sətirlərin başlıqları, onların içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
5. Formullar
5.1. Mətndə verilən formullar (sayı birdən artıqdırsa) ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Formulun nömrəsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və formulun ardıcıl nömrələrindən ibarətdir. Formulun nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn: (3.1)-yəni üçüncü fəslin birinci formulu.
5.2. Formulda rast gəlinən simvolların qiyməti və ədədi əmsalların izahı, onların formuldakı yerləşmələr ardıcıllığını nəzərə alaraq, bilavasitə formulun altında verilir. Hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməlidir. İzahatın birinci sətri “Burada” sözündən başlamalıdır.
5.3. Tənlikləri və formulları mətndən boş sətirlər vasitəsilə ayırırlar. Hər formulun üstündə və aşağısında bir-iki boş sətir olmalıdır. Əgər tənlik bir sətrə yerləşməyibsə, onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə (:) işarələrindən sonra yeni sətrə keçirilə bilər.
6. Biblioqrafik istinadlar
6.1. Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [115] və ya (115)
6.2. Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild(çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252], [153, s. 2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1,86-91] və s.
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir.
7. Üz vərəqi
Üz vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları haqqında” əsasnamədəki əlavə 1,5-ə uyğun olaraq tərtib edilir.
8. Mündəricat
Mündəricatda bütün fəsillər, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilir.
9. Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı
9.1. Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı” başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir.
9.2. Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı verilir.
9.3. Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci dəfə adı çəkilən kimi verilir.
10. İstifadə edilmiş ədəbiyyat
10.1. Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilir.
10.2. İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir.
10.3. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
: iki nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ), [] mötərizə
10.4. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir.
10.4.1. Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları ilə verilir. Məsələn: Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
Мамедов М.Г., Кребс Р.И. Иммуноферментный анализ: теория и практика. М.: Кристалл, 1999, 109 с.
Прихожан А.М. Психологический справочник, или как обрести уверенность в себе: Кн. Для учащихся. М.: Просвещение, 1994, 191 с.
Fremel H. History of agriculture development in Europe. Berlin: Springer Verlaq, 2000, 242 p.
Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir. Məsələn: Kriminalistika: Ali məktəblər üçün dərslik / K.Q. Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq ədəbiyyatı, 1999, 715 s.
Умственное воспитание дошкольника / Под ред. Поддьякова. М.: Педагогика, 1972, 288 с.
Оперативно-розыскная деятельность: Учебник / Под ред. К.К.Горяинова, В.С.Овчинского, А.Ю.Шумилова. М.: Инфра-М, 2001, 794 с.
Çoxcildli nəşrə aşağıdakı kimi istinad edilir:
Azərbaycan tarixi: 7 cilddə, IV c., Bakı: Elm, 2000, 456 s.
Годфура Ж. Что такое психология: В 2-х т. Т.1, М.: Мир, 1992, 496 с.
10.4.2. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur. 1. Məqalə haqqında məlumat; 2. Məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir-birindən qoşa çəpəki xətlə -“//” ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur.
Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. Məsələn:
Vəlixanlı N.M. X əsrin ikinci yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha “Naxçıvanşahlıq” haqqında // AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, №3, s. 120-129.
Baxşəliyeva V.B., Qədirzadə Q.Y. Gəmiqaya rəsmlərində Ön Asiya motivlərinin izləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, №9, s. 37-40.
Rəhmani S.Ə., Əhmədov M.A., Həmişəyev U.Ş., Babaşova N.M. Plazmoferez zamanı hemoreoloji göstəricilərin dinamikası // Azərbaycan Tibb Jurnalı, 1993, №9-10, s. 30-33.
Краснопольский В.И., Буянова С.Н., Иоселиани М.Н., Петрова В.Д. Диагностика и выбор хирургической коррекции недержания мочи при пролапсе гениталий у женщин // Акушерство и гинекология, 2000, №1, с.29-32.
Liang C., Kriman S. An JR-spectroscopic studi of the effect of imozing irradiation on the struciture of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123, p. 51-60.
Dörddən çox müəllifi olan məqalələrdə ilk üç müəllifin soyadları və inisialları, sonra isə aşağıdakılar ixtisarlardan biri verilir:
- “və b.”-Azərbaycan dilində olan nəşrlərdə;
- “и др.”-rus dilində olan nəşrlərdə;
- “et al”-Qərbi Avropa dillərində olan nəşrlərdə. Məsələn:
Məmmədov F.X., Mahmudov T.Q., Sadıxova Z.İ. və b. Armourianum növü və onun seleksiya əhəmiyyəti // Azərbaycan Aqrar elmi, 2003, №1-3, s. 78.
Желудкова О.Г., Русанова М.Г., Ишкова Т.А. и др. Результаты лечения хронического гепатита у детей со злокачественными опухолями // Вирусные гепатиты, 1999, №2, с. 11-14.
İqer D., Mollis A., Kniqht A.et al. Automatized proqrammed sinthesis of peptides // J. Applic. Biochem., 2001, v. 48, p. 326-329.
10.4.3. Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri də iki hissədən ibarət olur. Onlar isə bir-birindən bir çəpəki xətlə- “/” ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Məsələn:
Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu / Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı: Nurlan, 2003, s. 3-10.
Qurbanov B.O., N.A.Berdyayevin insan və dövlət fəlsəfəsi / Mədəniyyət dünyası, Bakı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatı, 2003, s. 9-20.
Магомедов А.Г. Шейх Шамиль и освободительное движение в Дагестане / Материалы научной сессии Института общей истории РАН. СПб.: Теза, 2002, с. 135-147.
Dadasheva A., Mamedov M., Mikhailov M. et al. Influence of hepatotropic carcinogens to cytokines level in serum of rats. / Hepatocyte transplantation. Int. Symp.: Progress in gastroenterology and hepotology. Hannover, 2001, p.12
10.4.4. Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları, dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi, şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn:
Süleymanov S.Y. Xlorofil-zülal kompleksləri, xloroplastların tilakoid membranında onların struktur-molekulyar təşkili və formalaşmasının tənzimlənməsi: Biol.elm.dok. ... dis. Bakı, 2003, 2002. s.
Павличкова Г.Л. Индивидуализация педагогической помощи на основе учета акцентуация педагогической помощи на основе учета акцентуаций характеров: Дис. … канд.пед.-наук. Владимир, 1992, 141 с.
Dissertasiyanın avtoreferatına da eyni qaydalarla istinad edilir, yalnız “avtoreferat” sözü əlavə edilir. Məsələn:
Feyziyev F.G. İkilik xanalı sistemlərdə diskret proseslərin kvadratik optimallaşdırılması (üsullar, alqoritmlər, proqramlar): Fiz.-riyaz. elm. dok. ... dis. avtoref. Bakı, 2003, 41 s.
Влегжанин А.Н. Международно-правовые основы природоресурсной деятельности государств в Мировом океане: Автореф. дис. … док. Юр. Наук. Дип. Академия МИД РФ, М., 2002, 39 с.
10.4.5. Qəzet materiallarına istinad edildikdə, müəllifin soyadı və insialları, sonra mənbənin adı, qəzetin adı, nəşr olunduğu şəhər, il, gün, ay və ya nömrə göstərlir. Məsələn:
Məmmədov M.A. Faciə janrının tədqiqi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı, 1966, 14 may.
Зотов Г.Б. Тибетские тайны Гитлера. Газ. «Аргументы и факты», 2004, июнь, № 24.
10.4.6. Arxiv materiallarına aşağıdakı kimi istinad edilir:
Azərbaycan Respublikası MDTA: f. 44, siy.2, iş 26, vv. 3-5
ЦГИА Российской Федерации: Ф. 19, оп. 3, д. 101, л. 1