Сен 16, 2019 | 15:56 / Конференции, собрания
Sentyabrın 16-da AMEA-nın Rəyasət Heyətində Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu qurumda yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bu, elmi ictimaiyyət tərəfindən uğurla qarşılanıb. A.Əlizadə AMEA-nın magistraturasına bir sıra prioritet ixtisaslar üzrə qəbulun həyata keçirildiyini söyləyib .
AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.
Akif Əlizadə akademiyada təhsil alan magistrantların elmi laboratoriyalarda təcrübə keçəcəklərini, elmin son nailiyyətləri ilə tanış olacaqlarını, müasir və perspektivli mövzulara həsr olunan dissertasiyalar müdafiə edəcəklərini və görkəmli alimlərlə ünsiyyət quracaqlarını bildirib. Alim, həmçinin AMEA-da magistrantların elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını söyləyib.
AMEA rəhbəri qeyd edib ki, AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyəti təhsillərini doktorantura və dissertantura pilləsində, 74 məzundan 48-i öz təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirib. Akademik beş nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını, bu ilin məzunlarından 1-nin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasına tam təqaüdlə qəbul edildiyini bildirib.
Akademik A.Əlizadə magistrantların elmi nailiyyətlərinin artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən tələbələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il təşkil edilən “Magistr” müsabiqəsindən də bəhs edib. Bu ildən isə yüksək balla magistraturaya daxil olan, həmçinin elm və təhsildə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünün veriləcəyini bildirib.
Cari ilin qəbul nəticələri barədə mlumat verən A.Əlizadə bu il AMEA-ya tələbə qəbulunun keçən illərlə müqayisədə iki dəfə çox olduğunu söyləyib. Bildirib ki, bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artmasının parlaq nümunəsidir.
"İlk dəfə olaraq AMEA bu ildən ödənişli magistr hazırlığına start verib"- deyə bildirən akademik A.Əlizadə AMEA-nın magistraturasına bu il 22 ixtisas,75 ixtisaslaşma üzrə 120 tələbənin qəbul olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda AMEA rəhbəri tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrların yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyyə edib.
Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov magistraturaya qəbulun nəticələri haqqında statistikanı nəzərə çatdırıb. O, ötən illər ərzində akademiyada magistratura fəaliyyəti, AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində tətbiq edilən yeniliklər və əldə olunan nailiyyətlərdən danışıb.
Daha sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun I kurs ən yüksək bal toplamış magistrantı Xalidə Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva, Geologiya və Geofizika İnstitutunun məzun magistri Yusif Əliyev çıxış ediblər.
Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub.
Bundan başqa, "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.