Сен 04, 2020 | 12:01 / Конференции, собрания
Uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasına nadir hallarda yoluxurlar və xəstəliyi daha yüngül keçirirlər. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya uşaqlarda qeydə alınan bəzi əlamətlər böyüklərdə müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bunlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatrı, Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Sevda Məmmədovanın “Koronovirus infeksiyası və uşaqlar” mövzusunda hazırladığı məqalədə öz əksini tapıb.
Məqalədə qeyd olunub ki, uşaqlarda virusun inkubasiya dövrü 4-7 gün, sağalma müddəti 1-2 həftədir. Uşaqların SARS-CoV-2 infeksiyasına nisbi davamlılığını bir sıra səbəblərlə izah etmək olar:
• epidemioloji cəhətdən uşaqlar daha az yerdəyişmə, ünsiyyət, səyahət etdiklərinə görə yoluxma riski aşağıdır,
• dövr edən ACE2 səviyyəsi uşaqlarda aşağı tənəffüs yollarda az miqdarda olması səbəbindən, yoluxma zamanı yuxarı tənəffüs yolları zədələnir,
• uşaqlarda selikli qişaların vəziyyətinin böyüklərə nisbətən qənaətbəxş olması. Böyüklərdə siqaret tüstüsünün, hava çirklənməsinin təsiri və çoxsaylı xronik xəstəliklərin mövcudluğu selikli qişaların baryer funksiyasını xeyli zəiflədir.
Uşaqlarda COVID-19 infeksiyasının klinik manifestasiyası zamanı rast gəlinən simptomlar müxtəlifliyi ilə seçilir. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya əksinə.
Beləliklə, uşaqlarda daha çox təsadüf edilir:
• asimtpom gediş
• qızdırma (50% hallarda)
• öskürək
• boğazda ağrı/faringit (40% hallarda)
• yüngül ishal
Nadir hallarda rast gəlinir:
• rinoreya
• fitverici tənəffüs
• baş ağrısı, mialgiyalar. Böyüklərdə təsadüf edilsə belə, uşaqlarda rast gəlinməsi haqqında heç bir informasiya yoxdur:
• anosmiya/hiposomiya (böyüklərdə patoqnomonik simptomlar siyahısındadır)
• konyunktivit
• böyrəklərin zədələnməsi ( əvəzedici terapiya tələb edən vəziyyətlər, xüsusilə STC bağlı olan şəxslər arasında)
Böyüklərdə bilinməyən, uşaqlarda rast gəlinən əlamətlərdən biri “COVID barmaqlar”dır. "COVID barmaqlar" İspaniyada, ABŞ-da uşaqlar arasında rast gəlinən, xəstəliyin digər simptomlarına təsadüf edilmədiyi təqdirdə, barmaq falanqalarında zahiri görünüşünə görə donmuş, ağrılı, vaskulit əlamətlərinin aşkar olunmasıdır. Həmin simptom laboratoriyada təsdiq olunmayan hallarda, uşaqlarda COVID-19-a diaqnoz qoyulması üçün patoqnomonik simptom hesab edilə bilər.
İmmunodepressant qəbul edən autoimmun revmatik xəstəliyi olan uşaqlar xüsusi qrup təşkil edir. Onların nəinki koronavirusla, həm də digər infeksiyalarla yoluxma riski yüksəkdir. Güman etmək olar ki, SARS-CoV-2 ilə yoluxma patoloji prosesi kəskinləşdirə, immun sisteminin ağır patologiyası və komorbid xəstəliklər infeksiyanın gedişini ağırlaşdıra bilər.
Revmatik xəstəlikləri olan uşaqlara koronavirus infeksiyasının təsiri barədə məlumat kifayət qədər deyil.
Beləliklə, sağlam qrupa aid olan uşaqlar koronavirus infeksiyasını daha yüngül keçirirlər. Onların arasında da asimptomatik daşıyıcılar var. Belə uşaqlar, xəstəliyi ağır keçirən böyüklərdən fərqli olaraq, daha tez-tez infeksiya mənbəyi ola bilərlər.
İnfeksiyanın qarşısını almaq üçün uşaqlar da daxil olmaqla, profilaktik tədbirlərə riayət etmək zəruridir.