Apr 26, 2023 | 09:31 / Publications
AR Elm və Təhsil Nazirliyinin akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, k.e.d. Nizami Zeynalov, SOCAR Neftqazelmitədqiqatlayihə İnstitutunun əməkdaşı k.ü.f.d. Şamo Tapdıqov, İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun əməkdaşları Prof. Luigi Ambrosio və Ph.D Maria Grazia Rauccinin də həmmüəllifi olduğu “Adsorption of Trypsin onto pH Sensitive Poly-N-Vinylpyyrolidone-co-Poly-4-Vinylpyridine and its Magnetic based Hydrogel: Sorption Isotherms and Thermodynamic Parameters” adlı məqaləsi “Web of Science”, “Scopus”, “Clarivate Analytics”, “Chemical Abstracts”, "SCImago" və digər nüfuzlu beynəlxalq bazalara daxil olan Q1 kateqoriyalı (İmpakt faktoru 4.291) “Elsevier” nəşriyyatının “Sensors and Actuators A: Physical” jurnalında çap olunub.
Təqdim olunan məqalədə pH-a həssas maqnetit Fe3O4 nanohissəcikləri saxlayan amfifil hidrogel, N-vinilpirrolidon və 4-vinilpiridinin radikal sopolimerləşməsi və sonuncunun N,N-metilenbisakrilamidlə tikilməsindən əldə edilmişdir. Sintez olunmuş gel və maqnetit hidrogel FT-İR, TQA, SEM, X-Ray ilə xarakterizə olunmuş, tripsinin suda məhluldan sorbsiyası tədqiq edilmiş və prosesə gelin miqdarının, mühitin pH-nın, temperaturun, ion gücünün, kontakt müddəti və fermentin ilkin qatılığının təsiri öyrənilmişdir. Tripsinin sorbsiyasının kinetik nəticələri Lenqmyür, Freyndlix, I və II tərtib, Temkin, Dubinin-Raduşkeviç izoterm modellərinə tətbiq olunmuş və maksimum monotəbəqəli protein tutumunun 45 °C-də 71-72 mq×qr-1 təşkil etdiyi müəyyən edilmişdir. Göstərilmişdir ki, polivinilpirrolidon-so-poli-4-vinilpiridin (PVPr-so-P4VP) sopolimerinin tikilməsindən alınan gel ilə tripsinin sorbsiyası Freyndlix və Lenqmyür, qismən də Dubinin-Raduşkeviç izoterm modellərinə daha yaxşı oturur (R2≥0.98). PVPr-so- P4VP/Fe3O4 əsaslı hidrogel ilə tripsinin adsorbsiyası isə yalnız Lenqmyür (R2=0.9961) və Freyndlix izoterm modellərinə uyğun gəlir (R2≥0.9893). Sərbəst enerji, entalpiya və entropiya kimi termodinamik parametrlərin dəyişilməsi hesablanılmışdır. Müəyyən olunmuşdur ki, temperaturun 45 °C-yə qədər artması prosesin endotermik olmasını, 45 °C-dən sonra isə tripsin molekulunun denaturasiyaya uğraması ilə əlaqədar adsorbsiyasının getdikcə çətinləşdiyini göstərir. ∆G°-in qiyməti hər iki hidrogel üçün mənfi qiymət alır. Hər iki hidrogel üçün ∆S° isə müsbət qiymət ilə xarakterizə olunur və uyğun olaraq 83.39 və 116.41 J×mol-1K-1 təşkil edir. Nəticələrə əsasən PVPr-so-P4VP və PVPr-so-P4VP/Fe3O4 əsaslı hidrogellərdən proteinlər və dərman maddələrinin xromatoqrafik ayrılmasında adsorbent kimi, eləcə də onların daşınması və uzun müddətli təsiri məqsədləri üçün isə matrisa kimi istifadə oluna bilər.
Tədqiqat işi İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutu ilə akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə BIOTEC Qrant layihəsi üzrə dəstəklənmişdir.
Shamo Tapdiqov, Luigi Ambrosio, Dilgam Taghiyev, Maria Grazia Raucci, Nizami Zeynalov. Adsorption of Trypsin onto pH Sensitive Poly-N-Vinylpyyrolidone-co-Poly-4-Vinylpyridine and its Magnetic based Hydrogel: Sorption Isotherms and Thermodynamic Parameters. Sensors and Actuators: A Physical, 2023, Vol. 356, p.114371.
https://www.sciencedirect.com/science/article/abs/pii/S0924424723002200