News
Photo
AMEA Yüksәk Texnologiyalar Parkının Müşahidə və Ekspertlər şuralarının birgə iclası keçirilib
Jul 18, 2017 | 12:58 / Meetings
Read 9161 time (-s)

İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının Müşahidə və Ekspertlər şuralarının birgə iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, üzvlər − AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovİşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev iştirak ediblər. Görüşdə, həmçinin Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Ekspertlər Şurasının üzvlərindən akademik Vaqif Fərzəliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən Adyunktura və elm şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Elşən Həşimov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri Yaqub Həsənov iştirak ediblər.

Müşahidə Şurasının sədri, akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamını xatırladaraq innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyindən danışıb. Akademiyanın rəhbəri şuranı öz səlahiyyətləri çərçivəsində cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarət edən orqan kimi xarakterizə edərək məqsəd və vəzifələrindən danışıb. Yüksək Texnologiyalar Parkı MMC-nin fəaliyyətindən bəhs edən akademik Akif Əlizadə parkda həyata keçirilən görüş və layihələri aparılan elmi tədqiqat işlərinin nəticələri, ixtiralar, alimlərimizin innovativ təkliflərinin istehsalatda tətbiqinə müsbət təsiri baxımından yüksək qiymətləndirib.

Ekspertlər Şurasının sədri, akademik İbrahim Quliyev isə rəhbəri olduğu şuranın texnologiyalar parkında rezident kimi qeydiyyata alınmaq üçün müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, onlara müvafiq rəyin hazırlanması, layihələrin işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, eləcə də tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradıldığını bildirib. Şuranın ərizəçilərin innovasiya layihələrinə, texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy verərkən ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə ixtisaslaşmış mütəxəssislərin cəlb ediləcəyindən söz açıb.

Müşahidə və Ekspertlər şuralarının birgə iclasında AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda icra olunan layihələr barədə məlumat verərək artıq hazır məhsulların olduğunu vurğulayıb. Vüqar Babayev bildirib ki, Yüksək Texnologiyalar Parkının ərazisində fəaliyyət göstərəcək potensial rezidentlər var: "Təcrübə-Sənaye Zavodu digər sahibkarlıq subyektləri kimi bərabərhüquqlu müəssisə olaraq rezident şəhadətnaməsi aldıqdan sonra bir sıra güzəştli şərtlər əsasında fəaliyyət göstərəcəyi üçün burada istehsal olunan məhsulların maya dəyəri aşağı düşəcək, “Made in Azerbaijan” brendi ilə ixrac imkanlarımız genişlənəcək. Təcrübə-Sənaye Zavodundan başqa bir sıra potensial rezidentlər var və müvafiq şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərəcəklər".

JOURNALS
Useful links