Mar 27, 2019 | 12:37 / Important events
“Elm günü”nə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə ölkəmizdə “Elm günü” təsis edilib.
“Elm günü” çərçivəsində keçirilən tədbirlər planı çərçivəsində AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilmiş “Magistr-2019” müsabiqəsində 35 nəfər iştirak edib.
Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı ilə ekspert komissiyası yaradılıb. Ekspert komissiyası qiymətləndirmə zamanı bir sıra meyarları, o cümlədən tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübəkeçmədə, elmi tədqiqat layihələrində, konfrans və s. tədbirlərdə iştiraklarını nəzərə alıb.
Akademik Akif Əlizadənin 2019-cu il 5 mart tarixli sərəncamı ilə “Magistr-2019” müsabiqəsinin qalibləri təsdiqlənib. Müsabiqənin nəticələrinə əsasən, I yerə Botanika İnstitutunun II kurs magistrantı Lalə İsgəndərova, II yerə İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Zümrüd Məlikzadə və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Fidan Əlisoy, III yerə isə Geologiya və Geofizika İnstitutunun II kurs magistrantı Yusif Əliyev, Neft və Qaz İnstitutunun II kurs magistrantı Aysel Məmmədova və Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantı Gülər İsmayılova layiq görülüblər.
Tədrisdə və elmi fəaliyyətində fərqlənən daha 4 magistrant - İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı Samir Məmmədov, Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantı Dünya Əliyeva, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun I kurs magistrantı Xədicə Rüstəmli və Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Sevinc Ramazanova həvəsləndirici mükafata layiq görülüblər.
Sərəncama əsasən, I yerin qalibinə 1500, II yerin qaliblərinə 1000, III yerin qaliblərinə 500 manat, həvəsləndirici mükafata layiq görülən magistrantlara isə 250 manat məbləğində pul mükafatları və diplomlar təqdim ediləcək.