İyn 21, 2023 | 10:56
Noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI respublika elmi konfransı keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfrans təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, biotexnologiya, neft-kimya, enerji resursları, tibb, ətraf mühit, yer haqqında elmlər, coğrafiya və s.), İKT və mühəndislik (elektrik, qazma, elektronika, robototexnika, avtomatlaşdırma və inşaat mühəndisliyi, maşınqayırma, süni intellekt və data elmi, kibertəhlükəsizlik və digər kompüter elmləri və s.) və sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat, turizm və s.) istiqamətlərini əhatə edir. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Tam mətn məruzələri avqustun 1-dək göndərilməlidir.
Konfransa təqdim olunacaq bütün tezislər əsasnamədə qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın təşkilat komitəsi tərəfindən imtina cavabı alacaqdır. Konfransda məruzə etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaqdır.
Müraciət etmək üçün “Gmail” hesabınızın olması mütləqdir!
Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı [email protected] ünvanına yazmaq olar.