Elanlar
"Elmi innovasiyalar və dayanıqlı texnologiyalar" mövzusunda Respublika elmi-praktiki multidisiplinar konfransı
Apr 16, 2026 | 10:05
Oxunub 47 dəfə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş magistrantların və gənc tədqiqatçıların "Elmi innovasiyalar və dayanıqlı texnologiyalar" mövzusunda Respublika elmi-praktiki multidisiplinar konfransı

13 may 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistrantların və gənc tədqiqatçıların “Elmi innovasiyalar və dayanıqlı texnologiyalar” mövzulu multidisiplinar respublika elmi konfransı keçiriləcək. Konfransının əsas məqsədi magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını təşviq etmək, onların apardıqları tədqiqatların müzakirəsi və elmi nəticələrin təqdim edilməsi üçün əlverişli platforma yaratmaqdır. Konfrans çərçivəsində müasir qlobal çağırışlar fonunda milli inkişaf prioritetlərinə uyğun elmi yanaşmaların formalaşdırılması, innovativ ideyaların irəli sürülməsi və elmi-tədqiqat nəticələrinin praktiki əhəmiyyətinin artırılması nəzərdə tutulur. Eyni zamanda, tədbir gənc tədqiqatçıların elmi potensialının inkişafına, onların akademik mühitə inteqrasiyasına, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və gələcək elmi kadrların formalaşmasına xidmət edir.

KONFRANSIN İSTİQAMƏTLƏRİ

Geologiya və Yer elmləri

Kimya və kimya texnologiyaları

Energetika və elektrik mühəndisliyi

İqtisadiyyat və menecment

Neft-qaz mühəndisliyi və mədən işi

Mexanika və maşınqayırma mühəndisliyi

İnformasiya texnologiyaları və avtomatlaşdırma

Konfransda iştirak etmək istəyən şəxslər 30 aprel 2026-cı il tarixinədək məruzə və tezislərini Google Forms vasitəsilə göndərə bilərlər. Hər hansı sual yarandığı təqdirdə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlayın. Qeydiyyat : https://asoiu.edu.az/c_detail https://forms.gle/79Y6J6V7o3hGbwRVA

 

Tezisin tərtib qaydaları

Konfransın işçi dili: Azərbaycan, rus və ingilis dilləri

1.Tezislərin ümumi tələbləri

Tezislər A4 formatında hazırlanmalıdır. Əlavələr, şəkillər və cədvəllər daxil olmaqla tezisin ümumi həcmi 3–5 səhifə olmalıdır. Mətn Times New Roman şrifti ilə, 12 ölçüdə yazılmalıdır. Sətirlərarası interval 1,0, abzas girintisi 0,5 sm olmalıdır. Səhifə kənarları: sol – 20 mm, sağ – 20 mm, yuxarı – 20 mm, aşağı – 20 mm.

2.Müəllif haqqında məlumat

Tezisdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, iş yeri, elektron poçt ünvanı və əlaqə nömrəsigöstərilməlidir. Bu məlumatlar səhifənin ortasında yerləşdirilməlidir. Məruzə və tezisin adı isə səhifənin ortasında, qalın və iri şriftlə yazılmalıdır.

3.Xülasə

Tezisə ingilis dilində xülasə əlavə olunmalıdır. Xülasənin həcmi 150–200 söz aralığında olmalı və tədqiqatın mahiyyətini, məqsədini və əsas nəticələrini qısa şəkildə əks etdirməlidir.

4.Açar sözlər

Xülasədən sonra 3–5 açar söz göstərilməlidir

5.Məqalənin strukturu

Tezisin əsas mətn hissəsi elmi məqalə tələblərinə uyğun şəkildə aşağıdakı struktur üzrə tərtib edilməlidir: giriş, əsas mətn (müvafiq başlıqlara bölünməklə), nəticə və ədəbiyyat siyahısı

6.İstinad qaydaları

Məqalədə istifadə olunan elmi mənbələrə müvafiq qaydada istinad verilməlidir. Məqalənin sonunda təqdim olunan ədəbiyyat siyahısı ya əlifba ardıcıllığı ilə, ya da mətn daxilində istifadə olunma ardıcıllığına uyğun şəkildə nömrələnməlidir. İstinadlar mətndə [1] və ya [1, s. 119] formasında göstərilməlidir. Eyni mənbəyə mətnin müxtəlif hissələrində təkrar istinad edildikdə, həmin mənbə əvvəl verilmiş nömrə ilə göstərilməlidir

7.Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısında son 5–10 il ərzində dərc olunmuş elmi məqalələrə, monoqrafiyalara və digər etibarlı elmi mənbələrə üstünlük verilməsi tövsiyə olunur

8.Plagiat yoxlanışı

Təqdim olunan tezislər mütləq plagiat yoxlanışından keçirilməlidir. Tezisin orijinallıq səviyyəsi minimum 75%təşkil etməlidir

9.Qəbul şərtləri

Konfransın mövzusuna (istiqamətlərinə) və müəyyən olunmuş tələblərə uyğun olmayan məruzə və tezislər qəbul edilməyəcəkdir.

JURNALLAR
Faydalı linklər