İyn 11, 2026 | 11:18
Hörmətli gənc tədqiqatçılar!
DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI (NASCO 29) 15-16 oktyabr 2026, NAXÇIVAN
Hörmətli gənc tədqiqatçılar! Sizi 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriləcək “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)”na dəvət etməkdən böyük məmnunluq duyuruq. Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə və gələcək əməkdaçlıqların qurulmasına geniş imkanlar yaradacaqdır.
Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır. Elmin bütün sahələrini əhatə edən bu tədbirdə iştirakçılar bir araya gələrək elmi polemikalar aparmaq, təcrübə və bilik mübadiləsi etmək, eləcə də multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər.
Konfransa təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlüyə uyğunluğu yoxlanılacaqdır. Qəbul edilmiş materiallar konfransın rəsmi toplusunda nəşr olunacaq və bu, əldə olunmuş mühüm elmi nəticələrin yayılması və gələcək tədqiqatlar üçün əlçatanlığın təmin edilməsinə xidmət edəcəkdir.
İnanırıq ki, ortaq elmi mühit yeni ideyaların yaranmasına, müzakirələr innovativ yanaşmaların inkişafına, qarşılıqlı əməkdaşlıq isə gələcək uğurlu layihələrin əsasının qoyulmasına səbəb olacaqdır. Bu məqsədlə Sizi Naxçıvan şəhərində keçiriləcək bu nüfuzlu elmi tədbirdə iştirak etməyə dəvət edirik.
Konfrans iştirakçıları sertifikat əldə etmək, elmi şəbəkələrini genişləndirmək, aparıcı alimlərlə ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar qazanmaq şansı əldə edəcəklər.
Sizin dəyərli tədqiqatlarınızla konfransımızın daha da zənginləşəcəyinə inanır və fəal iştirakınızı səbirsizliklə gözləyirik.
Konfransda iştirak ödənişsizdir.
Əlaqələndirici şəxs Çapay Quliyev - Magistratura və Doktorantura Mərkəzinin direktoru
[+994 51 325 11 11]
Hörmətlə,
Təşkilat Komitəsi









