Noy 04, 2026 | 16:42
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı ilə gənc tədqiqatçıların və yeni işə qəbul olunmuş əməkdaşların peşəkar inkişafına yönəlmiş silsilə ustad dərsləri təşkil ediləcək.
Ayda bir dəfə keçiriləcək ustad dərslərində elmi fəaliyyəti və tədqiqat nəticələri ilə tanınan alimlər, təcrübəli mütəxəssislər, eləcə də müvafiq sahənin nümayəndələri çıxış edəcəklər. Görüşlərdə müxtəlif elmi istiqamətlər, müasir tədqiqat yanaşmaları, laboratoriya təcrübəsi və kimya sənayesinin praktiki tələbləri müzakirə olunacaq.
Ustad dərslərinin əsas məqsədi nəzəri biliklərlə praktiki tətbiq arasındakı əlaqəni gücləndirmək, alimlərin uzunillik təcrübəsini gənc tədqiqatçılarla bölüşmək və onların elmi-tədqiqat fəaliyyətinə marağını artırmaqdır. Eyni zamanda, təcrübəli alimlər, gənc mütəxəssislər, elmi mərkəzlər və sənaye müəssisələrinin nümayəndələri arasında əməkdaşlığın inkişafı nəzərdə tutulur.
Təşəbbüs tələbə, magistrant, gənc tədqiqatçı və yeni əməkdaşların elmi dünyagörüşünün genişləndirilməsinə, laboratoriya işinin xüsusiyyətlərini mənimsəməsinə və peşəkar bacarıqlarının inkişafına xidmət edir.
Ustad dərslərinin mövzuları və məruzəçilər haqqında məlumatlar müəyyənləşdikcə müvafiq cədvələ əlavə ediləcək.









