Elanlar
Kimya İnstitutu Qubada gənc elmi kadrlar üçün qış təlim düşərgəsi təşkil edəcək
Noy 04, 2026 | 17:30
Oxunub 20 dəfə

Dekabrın 3-6-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun təşkilatçılığı ilə Qubada “Dayanıqlı inkişaf və yaşıl kimya: elmi idarəetmə və akademik tədqiqatlarda yeni yanaşmalar” mövzusunda gənc kimyaçı alim və mütəxəssislərin qış təlim düşərgəsi keçiriləcək.

Dörd gün davam edəcək təlim düşərgəsində ümumilikdə beş təlimçi iştirakçılarla öz təcrübələrini bölüşəcək. Proqram çərçivəsində müasir laboratoriyaların yaradılması və idarə olunması, beynəlxalq multidissiplinar tədqiqatlar, texnologiyaların transferi, əqli mülkiyyət və patentləşdirmə, qrant layihələrinin hazırlanması, elmi resurslardan istifadə və elmi fəaliyyətin qiymətləndirilməsi kimi mövzular əhatə olunacaq.

Təlimlərdə ABŞ-nin Ostin şəhərində yerləşən Texas Universitetinin professoru Yusif Abdullayev və İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru, nanotexnologiyalar üzrə tədqiqatçı Şamo Salayev “Dünyanın aparıcı elmi mərkəzləri ilə müştərək beynəlxalq səviyyəli multidissiplinar tədqiqatların təcrübəsindən istifadə edərək müasir laboratoriyaların yaradılması və idarə olunması” mövzusunda çıxış edəcəklər.

ABŞ-nin Berkli Kaliforniya Universitetinin tədqiqatçısı Kənan Şıxəliyev “Texnoloji transfer, əqli mülkiyyət və patentləşdirmə qrant layihələrin yazılması və elmi ideyanın kommersiyalaşdırılmasının biznes modelləşdirməsi” mövzusunda təlim keçəcək.

Bakı Dövlət Universiteti rektorunun müşaviri Asiman İlyasov “Alimlərin akademik tədqiqatlarda səmərəliliyin artırılması üçün beynəlxalq elmi axtarış sistemlərinə çıxış imkanlarının yaradılması və Akademik tədqiqatlarda elmi resurslardan istifadə edərək məqalələrin yazılması” mövzusunda danışacaq.

“Clarivate” şirkətinin yerli nümayəndəsi Xəyalə Hacıyeva “Alim və mütəxəssislərin elmi fəaliyyətinin qiymətləndirilməsində emetrik yanaşmalar” mövzusunda təqdimatla çıxış edəcək.

Gənclər Fondunun baş mütəxəssisi Rəhim Rəhimov isə “Alim və mütəxəssislərin beynəlxalq layihə və səfər qrant layihələrinin yazılması bacarıqlarının formalaşdırılması” mövzusunda təlim keçəcək.

Qış təlim düşərgəsinin məqsədi gənc alim və mütəxəssislərin elmi tədqiqat, layihələrin idarə olunması, beynəlxalq əməkdaşlıq və elmi nəticələrin praktiki tətbiqi sahələrində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

JURNALLAR
Faydalı linklər