İyl 28, 2016 | 10:30 / Nəşrlər
AMEA Naxçıvan Bölməsində bölmənin elmi işçisi Elxan Yurdoğlu - Məmmədovun “Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev nəşrin əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli töhfə olduğunu bildirib. Qeyd edib ki, kitabda toplanan və Türkiyə türkçəsinə tərcümə edilən şeir nümunələri Naxçıvanla birbaşa bağlıdır. Bu da naxçıvanlı şairlərin yaşadıqları məkana bağlılıqlarının və sevgilərinin təzahürü kimi son dərəcə qiymətlidir.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Nakşı-cihan-Nahçıvan” kitabında Naxçıvan tarixinin, mədəniyyətinin Türk dünyasına inteqrasiyası” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, “Nakşı-cihan-Nahçıvan” kitabı Elxan Yurdoğlunun tərcümə sahəsindəki ilk işi deyil. Naxçıvanda gedən quruculuğun və təkamülün gələcək nəsillərə çatdırılması baxımından kitabda yer alan əsərlərin Türkiyə türkçəsinə tərcüməsi əhəmiyyətlidir.
Təqdimat mərasimində Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun elmi işçisi Nərgiz İsmayılova çıxış edərək kitab barədə fikirlərini bölüşüb, nəşri yüksək dəyərləndiriblər.