İyn 12, 2020 | 15:00 / Mühüm hadisələr
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda karantin rejiminin qaydalarına ciddi əməl olunur.
Elmi müəssisənin rəhbərliyi tərəfindən laboratoriya və şöbə rəhbərlərinə tapşırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, işçilər arasında sosial məsafənin saxlanılması və qoruyucu maskalardan istifadə edilməsinə ciddi şəkildə riayət olunmalıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər bir işçi elmi müəssisənin inzibati binasında sosial məsafəni gözləyir. İnstitutun inzibati binasında qoruyucu maskalarsız fəaliyyət qadağan olunub. Binanın girişində dezinfeksiyaedici vasitələr qoyulub, hər bir əməkdaş qoruyucu vasitələrlə təmin olunub. Bununla yanaşı, inzibati binanın iş otaqları və dəhlizlər mütəmadi olaraq dezinfeksiya olunur. Hər bir işçi məsuliyyəti dərk edərək karantin rejiminin qaydalarına ciddi əməl edir.