Xəbərlər
Bakıda V Beynəlxalq Humanitar Forum işə başlayıb
Sen 29, 2016 | 12:50 / Mühüm hadisələr
Oxunub 5415 dəfə

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarətdir. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” budəfəki Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb ediləcək.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

V Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar iclasla davam etdirib.

Forum işini sabah plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirəcək.

JURNALLAR
Faydalı linklər