Dek 30, 2021 | 12:01 / Konfranslar, iclaslar
2022 il yanvar ayının 22-də AMEA-nın müxbir üzvü Məhəmməd Baba oğlu Babanlının 70 yaşı tamam olur.
Babanlı Məhəmməd Baba oğlu 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1974-1977-ci illərdə aspiranturada təhsil alıb.
M.Babanlı 1977-ci ildə kimya üzrə fəlsəfə doktoru (Belarusiya Dövlət Universiteti), 1988-ci ildə kimya üzrə elmlər doktoru (Moskva Dövlət Universiteti) elmi dərəcəsi, 1990-cı ildə professor elmi adı alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
O, əmək fəaliyyətinə Bakı Dövlət Universitetində başlayaraq kiçik elmi işçi, böyük elmi işçi, dosent, professor, dekan müavini, kafedra müdiri, prorektor, elmi katib vəzifələrində işləyib. 2014-2021-ci illərdə AMEA-nın akad.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2021-ci ilin avqust ayından isə həmin institutun icraçı direktorudur. Eyni zamanda 2015-ci ildə yaradılmış İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək “Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar” beynəlxalq laboratoriyasının elmi rəhbəridir.
M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif edib, onun nəzəri və metodoloji aspektlərini hazırlayıb və geniş şəkildə reallaşdırıb. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, bərk superion keçirici və digər funksional materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-stexiometrik fazalar aşkar edib, onların istiqamətli sintezinin elmi əsaslarını yaradıb.
M.Babanlı 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi WEB of Sciences və Scopus informasiya sistemlərinə daxil olan beynəlxalq jurnallarda, o cümlədən, yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda Nature, Nature Communications, ASC Nano, Nano Letters, Quantum materials, Physical Review Letters, Physical Review B, Solid State Chemistry, Journal Alloys and Compounds, Journal of Thermal Analysis and Calorimetry və s. çap edilib.
M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülüb: Almaniya akademik mübadilə xidmətinin (DAAD) qrantı – 1999 il, Avropa birliyinin İNTAS proqramı üzrə qrantlar – 2000 və 2001-ci illər, Fransanın ECONET proqramı üzrə qrant – 2007 il, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Inkişafı Fondunun qrantı- 2011 il, ARDNŞ Elmi Fondunun qrantı-2014 il, AR Prezidenti yanında EİF qrantı- 2016 il, AR Prezidenti yanında EİF və RFFİ qrantı-2017 il.
O, respublikamızın elmi-ictimai həyatında fəal iştirak edir. Müxtəlif illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü, sədr müavini və sədri, Dissertasiya Şuralarının üzvü olmuşdur. Hazırda "Russian Journal of Inorganic Chemistry", "Turkish Journal of Chemistry" , "Condensed Matter and Interphases", "Physics and Chemistry of Solid State", Azerbaijan Chemistry Journal", "BSU News" və Chemical Problems jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfizadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəlxalq akademik nəşriyyatının mükafatına layiq görülüb. "Russ.J.Inorg.Chem" jurnalında 2018-2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqəsinin qalibi diplomu ilə təltif edilib.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı verilib; elmi nailiyyətlərimə görə bir necə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA KEB-in və BDU rektorunun Fəxri Fərmanları ilə təltif edilib.
2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan “görkəmli elmi məqalə”yə görə xüsusi mükafata layiq görülmüşdür.
2016-cı ildə AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.









