Apr 18, 2022 | 10:30 / Görüşlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tərəfdaşlığı ilə Evrika liseyində Kimya Gecəsi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlamışdır.
Proqram üzrə “Kimya elminin tarixi və inkişafı” mövzusunda liseyin 7k sinfinin elmi-informativ səhnəciyi göstərilmişdir. Sonra “Mendeleyevin kimyəvi elementlərin dövri cədvəli” mövzusunda 8a sinfinin təqdimatında məruzələr dinlənilmiş, eyni zamanda “Mendeleyevin Yuxusu” adlı səhnəcik auditoriyaya təqdim olunmuşdur.
Daha sonra Evrika liseyinin kimya müəllimi Gülər Şükürovanın təqdimatında “Kimyanın Elm və Sənayedə rolu” adlı məruzəsi dinlənilmiş və şagirdlərin geniş marağına səbəb olmuşdur. Daha sonra proqram üzrə “Kimyanın tətbiq sahələri” adlı mövzu dinləyicilərə çatdırılmışdır. Liseyin şagirdlərinin təqdimatında “Karbonun Vəsiəti” adlı səhnəcik nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Evrika liseyinin direktoru Ofeliya xanım Mahmudova gələn qonaqlara öz dərin minnətdarlığını bildirmiş, şagirdlərə uğurlu çıxışlarına görə sertifikat təqdim etmiş və onlardan iki şagirdin kimya üzrə Respublika Fənn Olimpiadasında final mərhələsinə vəsiqə qazandığını qeyd etmişdir. Tədbirdə rəhbərliyin və dəvət olunan qonaqların çıxışları dinlənilmişdir.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d Elmir Babayev çıxış edərək tədbirin ənənəsinin 27 dekabr 2021-ci ildə Gənc Kimyaçıların Həmrəylik görüşündə başlanğıcının qoyulduğunu elan etmiş, tədbirlə bağlı təəssüratlarını bölüşmüş, belə tədbirlərin müntəzəm şəkildə keçirilməsini arzu etmişdir. Elmir müəllim tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə Evrika liseyinin rəhbərliyinə, eyni zamanda kimya müəllimi Gülər xanım Şükürovaya, həmçinin ssenarinin müəllifi Aysel Məmmədovaya təşəkkürünü bildirmişdir. Daha sonra akademiyanın Elm gününə həsr olunmuş aylıq plan çərçivəsində keçiriləcək “Açıq qapı” günlərində iştirak etmək üçün həmin liseyin şagirdlərini akademiyaya dəvət etmişdir.
Sonda tədbir milli vətənpərvərlik ruhunda olan mahnılarla yekunlaşmış və xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.