May 24, 2022 | 11:51 / Təhsil
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə IV kurs tələbələrinin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədris-istehsalat təcrübəsi başa çatıb.
Bununla əlaqədar olaraq təcrübə keçən bir qrup tələbəni qəbul edən İnstitutun baş direktoru Akademik Dilqəm Tağıyev qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Qeyd olunmalıdır kı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmlə təhsilin inteqrasiyası istiqamətində bir sıra ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa-Azərbaycan Universiteti(UFAZ), M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edir. Belə ki,qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə magistr hazırlığı yerinə yetirilir, bakalavr tələbələrin və SABAH qruplarının təcrübə keçməsi təmin olunur. Akademik qeyd edib ki, bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, o cümlədən gənclərin elmə cəlb edilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tələbələrə və magistrlərə çatdırılması AMEA-nın qarşısında duran mühüm vəzifələrdən biridir. Sonda akademik tələbələrə uğurlar arzulayıb və təcrübə müddətində fəallıq göstərən bir qrup tələbəyə sertifikat təqdim edib. Tələbələr onlara yaradılan hərtərəfli şəraitə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, sözügedən ali məktəbin 150-ə yaxın tələbəsi ayrı-ayrı qruplar şəklində üç ay müddətində institutda təcrübə keçiblər. Təcrübə müddətində tələbələr İnstitutun laboratoriyalarında son illərdə alınan cihaz və avadanlıqların iş prinsipləri tanış olub, müasir fiziki-kimyəvi tədqiqat üsulları haqqında ətraflı məlumat alıblar. Eyni zamanda laboratoriyalarda prioritet istiqamətlər, o cümlədən kinetika və kataliz, matyerialşünaslıq, korroziya sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar. Bəzi laboratoriya təcrübələrinin aparılmasında və alınan nəticələrin müzakirəsi prosesində tələbələr yaxından iştirak ediblər. Qeyd olunmalıdır ki, artıq bir neçə ildir Bakı Dövlət Universitetinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə əldə etdiyi razılaşmaya uyğun olaraq kimya fakültəsinin tələbələri İnstitutda təcrübə keçirlər.









