Yan 27, 2023 | 11:24 / Maraqlı məlumatlar
Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun daxilində nüvə sintezi gedir. Sözügedən ekzoplanet Yer kürəsindən 130 işıq ili uzaqlığında yerləşən HD 206893 adlı ulduzdan 483 milyon km aralıda olan orbitdə aşkar edilib. Məlumatda qeyd edilib ki, HD 206893 adlı ulduz bizim Günəşdən 30% daha böyükdür. Məlumdur ki, bu ulduz protoplanet diskinə (cavan ulduzun ətrafında dövr edən və sıx qazdan ibarət olan disk) sahibdir. Bu isə o deməkdir ki, onun ətrafında planetlər hələ formalaşma prosesindədirlər. Avropa Kosmik Agentliyinə məxsus olan Gaia adlı kosmik teleskop ulduzlu səmanın dəqiq müşahidəsini aparmağa imkan verir və ilk növbədə qalaktikanın 3D modelinin yaradılması üçün nəzərdə tutulub.
Gaia tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək alimlər Çilidə yerləşən Very Large Telescope adlı teleskop kompleksinin sahib olduğu GRAVITY adlı aləti işə salıblar. Onlar bunu sözügedən ulduz sistemində yeni ekzoplanetin mövcud olub-olmadığını təsdiqləmək üçün ediblər. Nəticədə yeni ekzoplanetin mövcudluğu təsdiqlənib və ona HD 206893c adı verilib. Alimlərin aparmış olduqları müşahidələr çərçivəsində həmçinin ekzoplanetin atmosferinin işıq spektri analiz edilib. Nəticədə alimlər güman ediblər ki, ekzoplanetin daxilində deyteriumun (hidrogen izotoplarından biri) iştirakı ilə nüvə sintezi gedir. Məlumatda qeyd edilib ki, HD 206893c adlı yeni ekzoplanetin kütləsi Yupiterin kütləsindən 13 dəfə daha böyükdür.