Mart 17, 2023 | 09:30 / Mühüm hadisələr
Martın 16-da keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda əsas məruzəyə əlavə çıxış edib.
AMEA Rəyasət Heyətinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə aparatın strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsinin yaradıldığını xatırladan Fariz İmranov şöbənin “Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin, rəqəmsal elmi informasiya resursların işlənilməsinin dəstəklənməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili və s. vəzifələrin icra etdiyini bildirib.
Ölkəmizdə “Vikipediya”nın inkişafında AMEA əməkdaşlarının böyük rolu olduğunu deyən şöbə müdiri Akademiyada “Vikipediya” qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Fariz İmranov AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində işlərin görüldüyünü qeyd edərək elmi müəssisə və təşkilatlarda bu sahədə aparılan tədqiqatlar, təşkil olunan konfranslardan, yaradılan elektron resurslardan ətraflı məlumat verib.
Daha sonra şöbə müdiri Akademiyada elektron elmin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib. Təkliflər sırasında Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması və Fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılması, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılması və elmi nailiyyətlərinin, nəşrlərinin toplanılması, Elektron Elmi Məlumat Bazasının yaradılması və institutların fəaliyyətinin elmmetrik dəyərləndirmə məlumatlarının toplanılması, “İnstitut və KİV” bazasının yaradılması, KİV-də, sosial şəbəkələrdə institut və əməkdaşlarının fəaliyyətini işıqlandıran materialların toplanılması, “Lüğətlər” bazasının yaradılması və digər zəruri məsələlər öz əksini tapıb. Bundan əlavə, elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də qeyd edib.
AMEA-nın müəssisələrinin, elmi jurnallarının saytlarının fəaliyyətinin təkmilləşdirilməsinin, nüfuzlu elmmetrik bazalarda institutların, jurnalların, əməkdaşların səhifələrinin yaradılmasının, elmi əsərlərimizə istinadların sayının artırılmasının ümumilikdə ölkəmizin bu bazalardakı reytinqinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb. O, Türkiyənin Ulakbim Dərgi Parkı ilə əməkdaşlığın bu istiqamətdə tədbirlərin həyata keçirilməsində mühüm rol oynayacağını qeyd edib.