Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında 2023-cü il üzrə elmi və elmi - təşkilati hesabatlar dinlənilmişdir.
Noy 03, 2023 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 5071 dəfə

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatlarının dinlənilməsi başa çatır. İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirdi ki, cari ildə institutun  elmi fəaliyyəti qənaətbəxş olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə edilmiş və həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunmuşdur. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində nəzərəçarpacaq qədər əhəmiyyətli işlər görülmüşdür. Akademik sonra sözü şöbə və laboratoriya müdirlərinə verdi.

Akademik Əjdər Məcidov 2023-cü ildə aparılan elmi tədqiqat işlərindən ətraflı məlumat verərək bildirdi ki, nəticə olaraq  Polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatlar sintez edilmiş, eyni zamanda keçid metalların (Cu, Ni) kompleksləri əsasında bioloji aktiv maddələr və yüksək istilik keçiriciliyinə malik mikro/nano flüidlər hazırlanmışdır. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı çıxışında apardıqları tədqiqat işləri barəsində bildirdi ki, cari ildə  əməkdaşlarımız entropiya mühəndisliyi strategiyasına əsaslanmaqla sistemli tədqiqatlar nəticəsində argirodit ailəsi birləşmələri əsasında müxtəlif əvəzləməli bərk məhlullar almış və onları xarakterizə edərək bu  birləşmələr əsasında yüksək termoelektrik effektivliyinə və qarışıq ion-elektron keçiriciliyinə malik yeni ekoloji təhlükəsiz funksional materialların alınmasının mümkünlüyü nətcəsinə gəlmişlər. Prof. Nizami Zeynalov çıxışında tədqiqat işlərinin nəticəsi olaraq xitozan əsasında  yüksək sorbsiya xüsusiyyətlərinə malik olan  adsorbentin alındığını qeyd etdi. AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev neft emulsiyalarının təmizlənməsi prosesləri üçün  iki fərqli mexanizm işlənib hazırlandığını və bu  mexanizmlər əsasında müxtəlif neft emulsiyalarının təmizləndirilməsi və saflaşdırılması prosesləri üçün fərqli effektiv texnologiyalar yaratmaq təklif olunduğunu, prof. Arif Heydərov Azərbaycan Respublikasında 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn məsələləri vürğulayaraq cari ildə əməkdaşlarımız tərəfindən tullantıların səmərəli idarə olunması istiqamətində Daşkəsən filiz hövzəsinin arsentərkibli tullantılarından arsenin tələbat həddinə qədər zərərsizləşdirilməsinin optimal şəraitinin tapıldığını, alinan nəticələrin “Ekologiya və ətraf mühit”lə məşğul olan təşkilatlara təklif edilməsi nəzərdə tutulduğunu dinləyicilərin nəzərinə çatdırdılar. Prof. Etibar İsmailov öz çıxışında tərkibində nanoölçülü FeOx (MnOx) hissəciklərinin və izolə olunmuş Fe3+ (Mn2+) ionlarının olduğu bentonit  əsaslı sistemlərin  CO2-nin C2+ karbohidrogenlərə hidrogenləşməsi reaksiyasının katalizatorları kimi rolunun tədqiq edildiyini, dəmir oksid  hissəciklərinin ölçülərini  və nəticə kimi maqnit halının monitorinqi bu tip katalizatorların istifadəsi ilə karbon dioksidin hidrogenləşməsi reaksiyasının mexanizmin müəyyən edilməsində ən mümkün üsullardan biri ola biləcəyini qeyd etdi. Akademik A.Əliyev, prof. A.Məmmədov və laboratoriya müdirləri (AMEA-nın müxbir üzvü E.Zeynalov, prof. V.Əhmədov, prof. Ak.Əliyev, prof. E.Salahova, prof. A.Əfəndi, prof. İ.Bəxtiyarlı, prof. İ.Əliyev, k.e.d. İ.Lətifov, k.e.d. M.Munşiyeva, k.e.d. N.Əlizadə, və başqaları) çıxış etdilər.

Sonra akademik Dilqəm Tağıyev qeyd etdi ki, 3 gün ərzində “Mineral xammalın kompleks emalı”, “Qeyri-üzvi funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalari”, “Oksidləşdirici heterogen kataliz”, “Nano- və elektrokataliz”, şöbələrinə daxil olan laboratoriyaların hesabatları dinlənilmişdir. Qeyd olunan laboratoriyaların 2023- cü il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin hesabatlarının dinlənildiyini və məruzələr ətrafında geniş müzakirələr aparıldığını söylədi.

Akademik Dilqəm Tağıyev hesabatlar barəsində fikirlərini bölüşərək bildirdi ki, cari ildə Azərbaycan Respublikasında 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn  tullantıların səmərəli idarə olunması istiqamətində Daşkəsən filiz hövzəsinin arsentərkibli tullantılarından arsenin tələbat həddinə qədər zərərsizləşdirilməsinin optimallaşdırılması, polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatların sintezi, müxtəlif neft-karbohidrogen xammalının termiki pirolizi nəticəsində əmələ gələn maye yan məhsullar – pirolizin yüngül və ağır qətranlarının müştərək emalı nəticəsində yanacaq və yanacaq komponentlərinin sənaye miqyasında  yeni, səmərəli  texnoloji sxemin tətbiqi, müxtəlif təyinatlı yeni qeyri-üzvi funksional materialların  istiqamətli sintezi, xitozan əsasında yeni yüksək sorbsiya xüssusiyyətlərinə malik olan maddələrin, müxtəlif mexanizmlər əsasında neft emulsiyalarının təmizlənməsi və saflaşdırılması prosesləri üçün effektiv texnologiyaların yaradılması kimi vacib elmi nəticələr əldə edilmişdir.

Sonda akademik Dilqəm Tağıyev hesabatlar barəsində gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verdi. Alim qeyd etdi ki, prioritet istiqamətlər üzrə  innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi- tədqiqat işləri genişləndirilməlidir.

Sonda  qeyd olunan laboratoriyaların hesabatlarının qəbul olunması haqqında qərar verildi.

JURNALLAR
Faydalı linklər