Xəbərlər
7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Fev 06, 2024 | 14:12 / Mühüm hadisələr
Oxunub 1327 dəfə

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.

 Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.  Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.

 

JURNALLAR
Faydalı linklər