Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları 247 nömrəli tam orta məktəbdə keçirilmiş “Kiçik Akademiya”nın konfransında iştirak etmişlər
May 30, 2024 | 15:09 / Konfranslar, iclaslar
Oxunub 2006 dəfə

AR ETN Bakı şəhəri Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin “Kiçik Akademiyası”nın konfransı keçirilmişdir. Kiçik akademiyanın fəaliyyətinin illik hesabatına həsr olunan konfransda AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetini təmsil edən qonaqlar iştirak etmişdir. Konfransda VII-IX sinif şagirdləri fizika, kimya, coğrafiya, ekologiya, humanitar və sosial elmlər sahəsini əhatə edən müxtəlif mövzulara həsr olunmuş məruzələr təqdim etmişdirlər. “Kiçik akademiya”nın üzvləri olan VII-IX sinif şagirdlərinin təqdimatında “Günəş ulduz kimi”, “Qlobal istiləşmə, onu yaradan səbəblər və həlli yolları”, “Nüvə silahı və onun fəsadları”, “Radioaktiv maddələr” və s. mövzularda elmi populyar və maarifləndirici məruzələr dinlənilmişdir.

 “Kiçik Akademiya”larla iş əməkdaşlıq çərçivəsində konfransda İnstitutumuzun əməkdaşları Gənc Alim və Mütəxəssislər şurasının sədri, k.ü.f.d. Elmir Babayev, sədr müavini, k.ü.f.d. Nigar İbrahimova, b.e.i., k.ü.f.d.  Bilqeys İsmayılova da iştirak ediblər. Əsas məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, elm və təhsilin inteqrasiyasına töhfə vermək, istedadlı gəncləri elmə həvəsləndirmək olmuşdur.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sitarə Abbasova açmış və qonaqlara “Kiçik akademiya”nın fəaliyyəti barədə ətraflı məlumat vermişdir.  

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev çıxış edərək şagirdlərin günümüzün qlobal problemlərinə həsr olunmuş məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab edib. Elmir Babayev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Kiçik Akademiya”larla əməkdaşlıq çərçivəsində məktəbdə təhsil alan şagirdlərlə intensiv işlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Şuranın fəaliyyəti nəticəsində elmi-tədqiqat müəssisələrində “Açıq qapı” günlərinin təşkili, məktəblilərin müxtəlif institutlarda elmi rəhbərlərlə əlaqələrinin qurulması, onların fəaliyyətinin təşkili, tədqiqatlara cəlb olunması kimi işlərdə dəstəyin olduğunu bildirmişdir. Eyni zamanda sabahın alimlərinin hazırlanmasında elmi rəhbər kimi gənc alimlərin dəstəyini diqqətə çatdırmışdır. Çıxışının sonunda Elmir Babayev mayın 6-sı KQKİ-nin qonağı olmuş və həmçinin konfransda məruzə ilə çıxış edən VII sinif şagirdlərinə institut rəhbərliyi adından həvəsləndirici sertifikatlar təqdim etmişdir.

Sonda konfransda təqdimat edən məruzəçilər arasından münsiflər heyətinin ümumi qərarı ilə I, II və III yerlər müəyyən edilərək şagirdlər mükafatlandırılmışdır.

JURNALLAR
Faydalı linklər