İyn 11, 2024 | 10:52 / Konfranslar, iclaslar
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı - k.e.d., prof. Etibar İsmayılov, a.e.i. k.ü.f.d., dos. Aygün Rüstəmova, a.e.i. k.ü.f.d., dos. Vüsalə Məcidzadə, k.ü.f.d Sevinc Osmanova və elmlər doktorluğu hazırlığı üzrə doktorant Sevil Xəlilova, 3-6 iyun 2024 il tarixində İtaliyanın Roma şəhəri Fraskati bölgəsində Milli Nüvə Fizikası İnstitutunun təşkil etdiyi “Nanoscience and Nanotechnology 2024” adlı Beynəlxalq Elmi Konfransda iştirak etmişlər. İnstitutun elmlər doktorluğu hazırlığı üzrə doktorantı Sevil Xəlilova Amerika Kimya Cəmiyyətinin (American Chemical Society) qrant layihəsi xətti ilə konfransa qatılmışdı.
Bu konfrans 2000-ci ildən bəri keçirilir. Bu il keçirilən konfransın məqsədi nanoelmdə ən son inkişaflara və onun müxtəlif texnoloji tətbiqlərinə həsr olunmuşdur. Konfransda biologiya, tibb, aerokosmik, optoelektronika, enerji, materiallar və xarakteristikalar, aşağı ölçülü nanostrukturlar və cihazlar sahələrində nanoelm və innovativ nanotexnologiyada qabaqcıl elmi inkişaflarını təqdim edən bir sıra məruzələr dinlənilmişdir.
Konfransda dünyanın müxtəlif ölkələrindən Almaniya, Əlcəzair, Azərbaycan, Rumıniya, və s. ölkələrin alimləri iştirak edirdilər.
Konfransın açılış mərasimində Təşkilat Komitəsinin sədri Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının rəhbəri Stefano Beluççiyə Azərbaycan qrupu adından kiçik hədiyyə təqdim edildi. Konfransda başda prof. Etibar İsmayılov olmaqla digər əməkdaşların da müxtəlif mövzularda məruzələri dinlənilmişdir. 4 gün ərzində keçən konfransda müxtəlif ölkə alimləri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına dair razılıqlara gəlinmişdir.









