İyn 20, 2024 | 13:59 / Yubileylər
İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitioqallatlarının və -indatlarının sintezi və fiziki-kimyəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantanoidlərin mürəkkəb oksisulfidlərinin əmələ gəlməsinin və faza çevrilmələrinin quruluş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
Hazırda o, AR ETN akademik Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda "Keçid elementlərinin xalkogenidləri" laboratoriyasının rəhbəridir.
1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük elmi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq görülmüşdür.
1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İngiltərə) tərəfindən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə verdiyi töhfələrə görə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olunmuşdur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensiklopedik nəşrdə (Dictionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cambridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İ.Bəxtiyarlıya “Qeyri-üzvi kimya” ixtisası üzrə “professor” elmi adı verilmişdir.
İxtiyar Bəxtiyarlı elmi işində müəyyən etmişdir ki, lantanoidlərin bütün oksisulfidləri peritektik reaksiyalar vasitəsilə əmələ gəlir. Bu birləşmələrin və onların parçalanmasından yaranan bərk fazaların quruluşları arasında sadə planlı rekonstruksiya əlaqəsi ilə yanaşı onların bir-birinə çevrilməsini asanlaşdıran atomların kollektiv cüz’i sürüşmə mexanizmi də olmalıdır. Bu kriteriyalar peritektik reaksiyalarla əmələ gələn başqa sinif birləşmələrdə də ödənilir ki, bu da onun daha ümumi mahiyyət daşıdığını göstərir. Peritektik reaksiyalarla əmələ gələn birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşları arasında belə bağlılıq onların birinin quruluşu məlum olduqda da, o birinin quruluşu haqqında qabaqcadan müəyyən fikir söyləməyə imkan verir və onların məqsədli sintezinin təşkilində, fiziki-kimyəvi xassələrinin izahında aparıcı ideyadır.
İxtiyar Bəxtiyarlı laboratoriya əməkdaşları ilə birgə lantanoid oksisulfidlərinin alınması üçün iki yeni üsul təklif etmiş, katodolüminsent və antistoks lüminofor materiallar almışdır. Üsulların və materialların yeniliyi müəlliflik şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Onun rəhbərliyi ilə aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq xaricdən gətirilib yayma istehsalatında istifadə olunan valların innovativ metallrugiyası texnologiyası əsasında, daxili resuslar hesabına, hazırlanarkən işçi hissəsi üçün keçid elementləri ilə legerlənmiş funksianal xassəli çuğun alınmışdır.Həmin çuğunun istifadəsi ilə işlənmiş bimetallik valların yayma prosesində tədbiqi müəssisəyə böyük iqtisadi səmərə verir.
İ.Bəxtiyarlı 300-dən çox elmi əsərin, o cümlədən 3 müəlliflik şəhadətnaməsi, 1 patent, 3 kitabça və görkəmli kristalloqraf–vətəndaş alim, AMEA-nın müxbir üzvü X.S.Məmmədovun həyatı və elmi fəaliyyətinə həsr olunmuş elmi publisistik monoqrafiyanın müəllifidir. Elmi əsərlərin əksəriyyəti keçmiş SSRİ məkanında və uzaq xaricdə (ABŞ, İtaliya, AFR, Hollandiya, Çexiya, Türkiyə, Norveç, Avstriya, İspaniya və s.) çap olunmuşdur.
İxtiyar Bəxtiyarlı bir sıra beynəlxalq konfrans və simpoziumlarda: Bratislava (Çexoslavakiya,1985), Moskva (SSRİ,1989), Bulder (ABŞ,1991), Genuya (İtaliya,1994), Krado (İtaliya,1994), Stresa (İtaliya,2000), Diyarbəkir (Türkiyə,2000), Oslo (Horveç,2001),Leoben (Avstriya,2001), İstambul (Türkiyə,2001) və b. şəhərlərdə məruzə ilə çıxış etmişdir.
İ.Bəxtiyarlının rəhbərliyi ilə 12 fəlsəfə doktoru və onlardan 3 elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir. O, 30-dan çox fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işlərinə opponentlik etmişdir.
Hazirda o, institutda fəaliyyət göstərən Dissertasiya Şurasının və İnstitut Elmi Şurasının üzvüdür.
İxtiyar Bəxtiyarlı elmin populyarlaşması sahəsində xidmətlərinə görə dəfələrlə AMEA-nın Rəyasət Heyətinin, Respublika Bilik Cəmiyyətinin və D.İ.Mendeleyev adına Kimyaçılar Cəmiyyətinin Respublika İdarə Heyətinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
İxtiyar müəllimi institutumuzun bütün kollektivi adından təbrik edirik!









