Xəbərlər
Foto
AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi-texniki konfrans keçirilib.
Sen 24, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1050 dəfə

23 sentyabr 2024-cü il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA KEB-nin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi-texniki konfrans keçirilib. Konransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Bölmə üzvləri və Bölməyə daxil olan institutların rəhbərləri, əməkdaşları,  İnstitut rəhbərliyi və işçiləri iştirak edib. Tədbir şəhidlərin əziz xatirəsinin  bir dəqiqəlik sükütlə yad edilməsi ilə başlanıb.

Tədbiri AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, enerji mənbələrinə və xammala artan tələbat əsasən neft, təbii qaz və kömür də daxil olmaqla ənənəvi yanacaq növləri hesabına ödənilir. Bu da Yer kürəsində ciddi ekoloji problemlərin, qarşısı alınmaz proseslərin yaranmasına səbəb olub. Bütün dünyada vəziyyətdən çıxış yolu kimi bərpa olunan enerji resurslarına –“yaşıl enerji”yə keçid göstərilir. Bu məsələ ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Belə ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb.Qeyd olunmalıdır ki,  Heydər Əliyevin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit qorunması sahəsində 8 qanun qəbul edilmiş və hökumət səviyyəsində 30-dan artıq qərar verilmişdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırılmış, “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanmış, Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu inşa edilmişdir. 2003-cü ildə Heydər Əliyev tərəfindən “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilmiş və bu proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks tədbirlər Planı təsdiq edilmiş  və həyata keçirilmişdir.

Heydər Əliyevin ekoloji sahədə gördüyü işlər, yaşıllıq zolaqlarının genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması və s. istiqamətində gördüyü tədbirlər bu gün də, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Belə ki, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi önəm verir. Dövlətin  2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahənin  dövlət siyasətində priotitet olduğunu göstərir. Məhz bu səbəbdən  dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının “Tərəflər Konfransı”nın 29-cu sessiyası (COP-29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. Bu tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin dövlətimizə olan böyük hörmət və etimadının göstəricisidir.

Daha sonra akademik Dilqəm Tağıyev institutun əməkdaşı Günel Əzimovanın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “2023-cü ilin peşəkar gənci” mükafatı ilə təltif olunduğunu, həmçinin müəssisənin alimlərindən  aparıcı elmi işçi N.M. Həsənquliyeva, böyük elmi işci N.V.Şakunova, AMEA-nın müxbir üzvü Y.N.Litvişkov, böyük elmi işci P.A.Muradovanın  Ümumrusiya Elmi-Tədqiqatlar Cəmiyyətinin keçirtdiyi müsabiqədə 3-cü yerə layiq görüldüklərini nəzərə çatdırıb.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, bu günlərdə mühüm hadisələrə şahidlik edirik. Bilirsiniz  ki, ötən  il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının bərpa edilməsi məqsədilə antiterror tədbirləri başlandı və cəmi 23 saat davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalandı. Prezident İlham Əliyev cari ilin sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı və Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.  Eyni zamanda cənab Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Artıq dünən  orada tədris prosesinə başlanılıb. Bu əlamətdar hadisələr münasibətilə sizlərii təbrik edirəm və cənab Prezidentə təşəkkürümü bildirirəm. Allah şəhidlərimızə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.Akademik tədbirin işinə uğurlar arzulayıb.

Sonra akademik, tədbirin proqramına uyğun olaraq məruzəçilərə sös verib.

Akademik Vaqif Abbasov “Qlobal ekoloji problemlər, səbəblər, həll yolları. Yaşıl enerji” məruzə ilə çıxış edərək bildirib ki, hazırda bəşəriyyət qlobal böhran astanasındadır.Eloloji problemlərin həllində ilk növbədə insanlarda ekoloji mədəniyyət və ekololoji şüur formalaşdırılmalıdır.Akademik çıxışında qlobal ekoloji məsələlərə, o cümlədən meşələrin qırılması, Xəzərin ekoloji vəziyyəti və içməli su problemlərinə də toxunub.

Akademik Vaqif Fərzəliyev “Ekoloji problemlərin həllinə yönələn elmi tədqiqat işləri” adlı məruzəsində təmsil etdiyi Aşqarlar Kimyası İnstitutunda bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən, bu tədqiqatların ekoloji problemlərin həllinə verə biləcəyi töhvələrdən, artıq tətbiqə tövsiyə olunan işlərdən danışıb.

Daha sonra  k.ü.f.d. Elmir Babayev “Zərərli istehsalatdan davamlı və yaşıl sintezə gedən yol xəritəsi” və  k.ü.f.d. Türkan Babayeva “Ətraf mühitin kimyəvi çirklənməsi kontekstində qlobal iqlim dəyişiklikləri” mövzularında məruzələrlə çıxış ediblər. Hər iki məruzəçi ekoloji problemlərdən, onların yaratdığı fəsadlardan və onların aradan qaldırılması yollarından danışıblar.

Sonda akademik Dilqəm Tağıyev tədbirə yekun vuraraq bildirib ki, hazırki dövrdə biz kimyaçıların qarşısında duran əsas prioritetlərdən biri, yaşıl enerji, xüsusi ilə  suyun parçalanmasından hidrogenin iqtisadi cəhətdən daha səmərəli üsulla alınması, onun saxlanılması və daşınması, eləcə də günəş enerjisindən istifadənin yeni yollarının araşdırılması, tullantılardan təkrar emal üçün yeni texnologiyaların hazırlanması və s.  olmalıdır və bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması  intensivləşdirilməlidir.

 

 

JURNALLAR
Faydalı linklər