Sen 30, 2024 | 15:00 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutununda 27 sentyabr 2024- cü il tarixində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İnstitutun Baş direktoru akademik Dilqəm Tağıyev iclasın gündəliyi haqqında əməkdaşlara məlumat verərək, institutda 10 ildə aparılan elmi- tədqiqat və təşkilatı işlərin hesabatları haqqında danışmağa başladı. O qeyd etdi ki, hesabatların hazırlanmasında tələb olunan formaya çiddi əməl edilməlidir. 2024-cü ilin hesabatlarının şöbələrdə müzakirəsi oktyabr ayının 15-nə qədər davam etməli və15-20 oktyabrda Elmi Şurada hesabatlar dinlənilməlidir.
Sonra akademik 2024-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri barədə danışaraq qeyd etdi ki, 2024-cü ildə fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planına görə, fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya 3 ixtisas üzrə 5 yer ( 2- qeyri-üzvi kimya, 1- fiziki kimya, 2- kimyəvi kinetika və kataliz ) ayrılmışdır. İmtahanlarda iştirak edənlərdən 7 nəfəri imtahanları müvəffəqiyyətlə vermişdir. “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə 5 nəfərdən üçü ixtisas fənnindən 46-47 bal toplamışdır.
2303.01 “Qeyri-üzvi kimya” ixtisasına Qəniyev Fərid ,2307.01 " Fiziki- kimya "ixtisasına Ağazadə Tərlan, 2316.01 "Kimyəvi kinetika və kataliz" ixtisasına Orucov Şahin , Musazadə Könül və Əhmədov İsmayıl qəbul edilmişdir.
“Qeyri-üzvi kimya” ixtisası üzrə boş qalan yerin , “Kimyəvi-kinetika və kataliz” ixtisasına dəyişdirilməsini və eləcə də fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya “Qeyri-üzvi kimya” ixtisasından ayrılmış bir yerə 2 nəfərin ingilis dili fənnindən yüksək bal toplamasını nəzərə alaraq həmin ixtisas üzrə əlavə bir yerin ayrılmasını Elm və Təhsil Nazirliyindən xahiş etmişik .
Sonda akademik istitututun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşı k.ü.f.d. Nigar Şıxıyevanın “Art and chemistry” kitabı haqqında məlumat verərək bu kitabın çapa verilməsinin məqsədəuyğun olduğunu iştirakçıların nəzərinə çatdırdı və çap olunma haqqında qərar qəbul edildi.