Okt 07, 2024 | 16:30 / Konfranslar, iclaslar
Oktyabrın 7-də AR Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu və AMEA-nın birgə təşkilatçılığı ilə “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium” öz işinə başlayıb.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Simpoziumun Təşkilat Komitəsinin sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev dünyanın 16 ölkəsindən bu sahədə tanınmış mütəxəssislərinin iştirak etdiyi simpoziumun bu il Bakıda keçirilməsi VII simpoziumda qərara alınmışdır. O, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının və cari ildə ölkəmizin COP-29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin vacibliyindən danışıb. “COP-29 çərçivəsində ölkəmizə təqribən 70-80 min xarici qonağın gəlməsi gözlənilir və belə mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətlidir”, - deyə bildirən akademik Dilqəm Tağıyev, həmçinin 30 sentyabr-4 oktyabr tarixlərində Bakıda İqlim Həftəsinin keçirildiyini və tədbir çərçivəsində regionda və dünyada mövcud olan iqlim dəyişmələrinin geniş müzakirəsinin aparıldığını diqqətə çatdırıb.
Akademik Dilqəm Tağıyev vurğulayıb ki, bu gün qlobal problemlərdən biri enerji ilə bağlıdır. Bərpaolunan enerji ilə bağlı dünyada bir çox tədqiqatlar aparılır: “Azərbaycanda yeni Günəş və külək elektrik stansiyalarının gələn ildən işə salınması gözlənilir. Onların istehsal gücü təxminən 240 meqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi gücünün 1850 meqavata çatdırılması nəzərdə tutulur”.
Çıxışının sonunda o, aktual və qlobal məsələlərə həsr olunan beynəlxalq simpoziumun birgə əməkdaşlığın genişləndiriməsi baxımından önəmini qeyd edib, tədbirdə müzakirəyə çıxarılan məsələlərin elmin inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpoziumun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, təbiəti mühafizə istiqamətindəki mövcud vəziyyətinə görə dünyanın nümunəvi ölkələri sırasında dayandığını söyləyib.
Bildirib ki, hələ sovet hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni enerji mənbələrinin yaradılması, yaşıllaşdırma hərəkatının həyata keçirilməsi və s. istiqamətlərdə aparılan böyük işlər Azərbaycanı əsas zəngin enerji mənbələrinə sahib dövlətlərdən biri kimi tanıtmışdır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqillik illərində enerji mənbələrinin bərpasının genişləndirilməsi istiqamətində aparılan işlərin bu gün böyük səmərə verdiyini söyləyən AMEA rəhbəri hazırda Azərbaycanın ən müxtəlif yerlərində bərpaolunan enerji (külək və günəş) mənbələrindən istifadənin sürətlə artdığını diqqətə çatdırıb. O, dövlət başçısı tərəfindən Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın "yaşıl enerji" zonaları elan edilməsinin ölkə rəhbərinin mütərəqqi inkişaf siyasətinin təzahürü olduğunu vurğulayıb: “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın "yaşıl enerji" zonaları kimi müəyyənləşdirilməsi, burada genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanın dünyada yeni mərhələdə nümunəvi enerji ehtiyatları ölkəsi olduğunu əyani şəkildə göstərir”.
AMEA prezidenti qeyd edib ki, yeni tarixi dövrdə ölkəmizdə reallığa çevrilmiş “yaşıl enerji” və “yaşıl iqtisadiyyat” Azərbaycan elmini də bu istiqamətdə öz fəaliyyətini yenidən qurmağa səfərbər etmişdir. Müxtəlif elm sahələrində “yaşl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl kimya”, “yaşıl layihələr” və s. kimi yeni dövrün çağırışlarını ifadə edən anlayışlar meydana gəlmiş, yeni elmi istiqamətlər ortaya çıxmışdır.
Akademik İsa Həbibbəyli bu ilin noyabrında Azərbaycanın COP-29 kimi böyük və vacib tədbirə ev sahibliyi edəcəyini də deyərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun böyük olduğunun göstəricisi olduğunu vurğulayıb. O, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində AMEA-da da silsilə tədbirlərin təşkil olunduğunu, ciddi müzakirələrin aparıldığını, alim və ziyalılarımızın aktual elmi problemlərin həllində yaxından iştirak etdiklərini diqqətə çatdırıb.
Daha sonra Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək bildirib ki, XX əsrin ortalarında enerjinin saxlanılması qanunun kəşfi təbiətdə bütün fəaliyyətlərin vəhdəti üzrə fəlsəfi mülahizələrin elmi fakta çevrilməsinə səbəb olmuşdur. Müasir enerji sistemləri böyük həcmdə enerjini saxlamaq və istənilən vaxtda ötürmək imkanına malikdir. Eyni zamanda, bu sistemlər bütövlükdə enerji infrasktrukturunun etibarlılığına, dayanıqlığına və təhlükəsizliyinə tam zəmanət verir.
“Müasir sənayenin və texnologiyaların inkişafı yaxın gələcəkdə enerjiyə tələbatın daha artıq olacağını və bunun dövlətlərin və alimlərin qarşısında daha böyük vəzifələr qoyacağını göstərir, - deyən alim COP-29 ərəfəsində “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium”un təşkilinin mühüm önəm daşıdığını bildirib. Qeyd edib ki, alternativ enerji mənbələrinin tətbiqi və istifadəsi getdikcə daha böyük aktuallıq kəsb edir.
O, süni intellekt texnologiyalarından istifadənin hazırda dünyada ən perspektivli sahələrdən biri olduğunu söyləyib, bu texnologiyalara əsaslanan mühərriklərin ildə təxminən 500 teravatt-saat enerji sərf etdiyini vurğulayıb.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi potensiala malik müəssisə olduğunu söyləyən Əminağa Sadıqov institut alimlərinin elmmetrik göstəricilərinin Azərbaycanın elmi göstəriciləri arasında xüsusi yer tutduğunu bildirib. Çıxışının sonunda direktor müavini konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Orta Doğu Teknik Üniversitetinin professoru Tayfur Öztürk qonaqları Bakı şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O, birgə əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması baxımından beynəlxalq simpoziumun elmi əhəmiyyətini qeyd edib. Professor Tayfur Öztürk bərpaolunan alternativ enerji mənbələrinin mənimsənilməsi kimi mühüm məsələlərə toxunulacaq tədbiri mühüm platforma kimi yüksək dəyərləndirilib.
Sonra AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov bərpaolunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, yarana biləcək problemlər və gözləntilər haqqında məlumat verib. O, 1955-ildə ci Azərbaycan SSR Elmlər Akademiyasında ilk dəfə olaraq ekoloji problemlərin həlli üzrə komissiyanın yaradıldığını və akademik Həsən Əliyevin həmin komissiyaya sədr təyin edildiyini diqqətə çatdırıb. Akademik Arif Həşimov bildirib ki, Azərbaycanda enerji sistemində Şirvan Elektrik Stansiyasında bir blokun tam hidrogenlə işləməsi üçün layihə hazırlanmış və bu istiqamətdə işlərə başlanmışdır. Alim həmin layihənin maketinin COP- 29-da nümayiş etdiriləcəyini deyib.
“Hidrogen istehsalı üçün, ilk növbədə alternativ bərpa olunan enerji mənbələrinin inkişafı vacibdir”, - deyə bildirən akademik Arif Həşimov bu sahədə Azərbaycanda mühüm işlərin görüldüyünü, Günəş və külək stansiyalarının tikildiyini, həmçinin kiçik su elektrik stansiyalarının sürətlə inşasına başlanıldığını vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kiçik su elektrik stansiyasının tikilib istifadəyə verildiyini söyləyib. Alim elmi simpoziumun Azərbaycan elminə töhfələr verəcəyinə əminliyini ifadə edib.
Tədbir işini plenar iclaslarla davam etdirib.
Beynəlxalq simpozium oktyabrın 10-da başa çatacaq.









