Okt 08, 2024 | 14:00 / Mühüm hadisələr
AMEA Rəyasət Heyətinin Azərbaycan Milli Elmlər Akademiyası və Çin Xalq Respublikasının Honkonq Kore Akademiyası arasında elmi əməkdaşlığa həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllərinin Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ilə atıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev də Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir, Çin də öz növbəsində Azərbaycanın beynəlxalq nəqliyyat layihələrinə dəstək verir.
Çinli professor Azərbaycanda təkcə humanitar və ictimai elmlər sahəsində deyil, bərpa olunan enerji, “yaşıl energetika” və digər sahələrdə həyata keçirilən tədbirlərə də öz töhfəsini verməyə hazır olduqlarını vurğulayıb.
Honkonq Kore Akademiyasının Baş katibliyinin icraçı müavini prof. Raymond J. Wu isə öz növbəsində Kore Akademiyası haqqında ətraflı məlumat verib. Akademiyada multidissiplinar tədqiqatların aparıldığını deyən professor ölkəmizə səfərin AMEA ilə Honkonq Kore Akademiyası arasında yeni əməkdaşlıq imkanları açdığını söyləyib.
Sonra AMEA ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Li Lei imzalayıblar. Memorandumda birgə elmi layihələrin, tədqiqat proqramlarının, konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, elmi kadrların, nəşrlərin və əsərlərin mübadiləsi kimi müddəalar yer alıb.
Tədbirdə həmçinin akademik Dilqəm Tağıyevə Kore Akademiyasının həqiqi üzvlüyü diplomu və üzvlük nişanı təqdim edilib. Qeyd edək ki, Honkonq Kore Akademiyasının Rəyasət Heyətinin qərarı ilə bu elmi qurumun həqiqi üzvü seçilmiş akademik İsa Həbibbəyliyə isə həqiqi üzvlük diplomu və Akademiyanın üzvlük nişanı AMEA prezidentinin iyun ayında Çinə səfəri zamanı təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.









