Okt 22, 2024 | 15:00 /
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Ağır metal ionlarının enterosorbsiyası üçün perspektivli material kimi modifikasiya olunmuş xitozanın sintezi və xarakteristikası” (Synthesis and characterization of modified chitosan as a promising material for enterosorption of heavy metal ions) adlı məqaləsi “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxil edilmiş kvartili Q2 və impakt faktoru ( Scopus bazasında 5 olan) “Elsevier” nəşriyyatının “Karbohidrat Tədqiqatı” (Carbohydrate Research) jurnalında (vol. 545, November, 2024, Article 109255, doi.org/10.1016/j.carres.2024.109255) işıq üzü görüb.
Məqalə arilləşmə, alkilləşmə, reduksiya, kvartenizə reaksiyaları vasitəsilə xitozanın modifikantının alınmasına həsr edilmişdir. Bu məqsədlə tərkibində çoxsaylı reaktiv funksional amin və hidroksil qrupları olan ilkin xitozanın N-(2-hidroksibenzil)-N-etil-N-metil xitozan xlorid törəməsinin alınması həyata keçirilmişdir. Sintez edilmiş nümunələr müxtəlif fiziki-kimyəvi üsullardan (o cümlədən, FTIR, NMR, XRD, SEM, DSC/TGA) istifadə etməklə xarakterizə edilmişdir. Qeyd etmək lazımdır ki, aparılan analizlərin əksəriyyəti Neapol şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunda (CNR-IPCB) həyata keçirilmişdir. Bu tədqiqat işi AEF-Mob-11-2023-6(48)-08/07/4-M-07 qrant layihəsi kimi təqdim edilmiş və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilmişdir.