Xəbərlər
İnstitutun əməkdaşlarının xarici və yerli alimlərlə birgə məqaləsi yüksək impact faktorlu jurnalda dərc olunmuşdur .
Okt 28, 2024 | 14:07 / Nəşrlər
Oxunub 1796 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Qazi Universitetinin alimlərinin birgə apardıqları tədqiqat işlərinin nəticələri SCOPUS bazasında indekslənən Journal of Vinyl and Additive Technology IF 3,8, (CiteScore -5.4, kvartil-Q2) jurnalında nəşr olunmuşdur.

Məqalədə qeyd edilir ki, dielektrik sabitliyinə və keçiriciliyinə nəzarət etməklə yeni kompozit materialların sintezi və tədqiqi bəzi elektron komponentlərin dizaynında mühüm amillərdən biridir. Xüsusilə laylı qurluşlu yarımkeçirici və  polivinil spirt (PVS) əsasında  materiallar superkondensatorlarda istifadə üçün böyük potensiala malikdirlər. Bu tədqiqat işində doldurucu kimi laylı qurluşlu FeGaİnS4 hissəciklərindən və matrisa kimi PVS –dən (polivinil spirti) istifadə edilərək mexaniki qarışdırılma üsulu ilə kompozit sintez edilmişdir. Kompozitin strukturu rentgen difraksiya üsulu ilə təhlil edilmiş, elektrik xassələri və keçiriciliyin mexanizmi tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, dielektrik nüfuzluğu temperaturun artması ilə artır, tezliyin artması ilə azalır. Dəyişikliklərin xarakteri nanokompozitlərdə baş verən polyarizasiyanın dipol-oriyentasiya və dipol-miqrasiya mexanizmləri ilə izah olunur. Dielektrik itgisinin tezlik asılılığında müşahidə olunan maksimum yükdaşıyıcıların relaksasiya prosesləri ilə əlaqədardır. Temperatur yüksəldikcə itki bucağının tangensinin qiymətinin artmasınının səbəbi elektrik keçiriciliyinin artmasıdır. Müəyyən edilmişdir ki, boş PVS və 1%-li FeGaInS4 əsaslı kompozit üçün elektrik keçiriciliyi iki mexanizm ilə əlaqədar olur: zona və sıçrayış. Bu kompozitdə  müxtəlif tezliklər üçün aktivləşmə enerjisi təyin edilmişdir. Qeyd edək ki, polimerlə yarımkeçiricinin nisbi migdarını dəyişməklə kompozitin elektrik keçiriciliyini dəyişmək mümkündür.

Zeynab Addayeva, Yashar Azizian-Kalandaragh, Namiq Niftiyev, Goncha Eyvazova, Faik Mammadov, Mahammad Babanly, Mahammad Baghir Baghirov, Mustafa Muradov. Fabrication and dielectric spectroscopy analysis of FeGaInS4/PVA composite materials. Journal of Vinyl and Additive Technology. https://doi.org/10.1002/vnl.22148

https://4spepublications.onlinelibrary.wiley.com/doi/10.1002/vnl.22148

 

JURNALLAR
Faydalı linklər