Noy 01, 2024 | 14:08 / Konfranslar, iclaslar
2024-cü il 30 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçirilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində təşkil olunan dəyirmi masa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olan tədbirlər çərçivəsində keçirilib.
Tədbirdə ölkəmizin rəsmi dövlət nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşları iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Kamran İmanov tədbir iştirakçılarını salamlayıb, COP29 – dünyanın ən vacib, epoxal olan iqlim konfransı ərəfəsində Agentlik tərəfindən keçirilən dəyirmi masanın işinə uğurlar arzulayıb. O, gözlədiyimiz “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyəti onun fundamentində cəmləşdirməsini nəzərə alaraq, gələcəyimizin nə qədər “yaşıl” olacağının bizim hazırkı iradəmizdən, məsuliyyətimizdən, qəbul etdiyimiz hər bir qərardan asılı olduğunu, kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu bildirib.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü Umayra Tağıyeva, Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək dəyirmi masanın mövzusunun aktuallığını qeyd ediblər, tədbirə uğurlar diləyiblər.
Tədbir zamanı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş “yaşıl patentlər”in bir qismi barədə məlumat verilib, mövzu ətrafında müzakirələr keçirilib.
Tədbirdə institutun əməkdaşlarından “Elmi-informasiya və Patent Tədqiqatları” şöbəsinin elmi işçisi Təranə Hüseynova, “Qeyri-üzvi və sintetik sorbentlər” laboratoriyasının aparıcı elmi işçisi Zarema Cabbarova və “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının elmi işçisi Aysel Muradova iştirak ediblər.
https://patent.copat.gov.az/news-view-182