Dek 05, 2024 | 12:37 /
“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının e.i Seyidova Çiçək 01.11.24-cü il tarixindən bir ay müddətinə qısa müddətli elmi təcrübə keçmək üçün Almaniyanın Karlsruhe Texnologiya İnstitutunda (KIT) ezamiyyətdə olmuşdur. Bu müddətdə Prof. Dr. Patrick Theatonun rəhbərliyi altında tədqiqat işləri aparmışdır. Layihə çərçivəsində Polivinilpirrolidon (PVP) və akril turşusu istifadə edərək müxtəlif nisbətlərdə yeni sopolimer nümunələr hazırlanmışdır. Hazırlanan nümunələrin tərkibi və strukturu NMR (Nüvə Maqnit Rezonansı), İQ (Infraqırmızı Spektroskopiya) kimi müasir analiz metodları vasitəsilə geniş şəkildə öyrənilmişdir.
Tədqiqatın əsas məqsədi yeni materialların hazırlanması və onların potensial tətbiq sahələrinin müəyyən edilməsidir. Əldə edilən nəticələr göstərir ki, bu sopolimerlər materialşünaslıq, əczaçılıq və ətraf mühitin qorunması kimi sahələrdə yeni imkanlar təqdim edə bilər. Çiçək Seyidova həmçinin eksperimentlərdə müxtəlif inisiator və tikici agentlərin təsirini araşdıraraq, sopolimerlərin fiziki və kimyəvi xüsusiyyətlərini təkmilləşdirməyə çalışmışdır.
Bu beynəlxalq əməkdaşlıq Çiçək Seyidovaya elmi bilik və təcrübəsinin artırılmasına mühüm töhfə verməklə yanaşı, institutumuzun elmi fəaliyyətlərinin tanıdılması baxımından da böyük əhəmiyyət kəsb edir.









