Dek 06, 2024 | 15:00 / Konfranslar, iclaslar
05.12.2024-cü il tarixində AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u iştirak etmişdir. İclasda İnstitutun sabiq doktorantı Əzimova Günel Ramiz qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ferrit katalizatorlarının karbon monooksidin aşağı temperaturlu oksidləşməsi üçün zol-gel yanma və mikrodalğalı şüalanma ilə sintezi və tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya” kafedrasının müdiri k.ü.e.d., professor Eldar Əhmədov; AR ETN Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen Kataliz” laboratoriyasının müdiri k.ü.e.d., professor Səfa Abasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi k.ü.f.d., dosent Elvira Hüseynova iş haqqında geniş məlumat verdilər. İddiaçı Günel Əzimovanın elmi rəhbəri k.ü.f.d., dosent Sima Zülfüqarova iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının iclasının sədri AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Məhəmməd Babanlı tərəfindən elan edildi.









