Xəbərlər
Foto
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
Dek 23, 2024 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 3090 dəfə

23 dekabr  2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası  keçirilmişdir. 

İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, iclasın gündəliyinə 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının və  2025-ci il üçün iş proqramlarının təsdiqi haqqında, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə fərqlənən əməkdaşların  mükafatlandırılması, 2024-cü ildə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olan şəxslərin fərdi iş planlarının təsdiqi, müsabiqə  və s. məsələlər daxil edilmişdir.

Birinci məsələ haqqında danışan akademik bildirdi ki, 2024-cü ildə  laboratoriya və şöbələr üzrə  muhüm nəticələr əldə olunmuş, həmin nəticələr Scopus və Web of science  kimi beynəlxalq bazalarda indeksləşən nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu ildə daxil olmaqla son 5 ildə institut əməkdaşlarının elmi fəaliyyətində, beynəlxalq bazalarda referatlaşan jurnallarda çıxan məqalələr və onlara edilən istinadların sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Akademik bildirdi ki, bir sıra parametrlərə (H-index, Scopus və Web of science bazalarında indeksləşən jurnallarda çap olunan məqalələr və onlara edilən istinadlar və s.) görə institut Respublikada fəaliyyət göstərən 87 ali təhsil və elmi-tədqiqat müəssisələri arasında 10-cu, Kimya Elmləri Bölməsi üzrə isə 1-ci yerdə qərarlaşıb.

2025-2030-cu illər üçün elmi-tədqiqat işlərinin mövzuları haqqında danışan akademik bildirdi ki, elmi-tədqiqat mövzuları qoyulan zaman prioritet istiqamətlər üzrə fundamental işlər, eyni zamanda  iqtisadiyyata tövhə verə bilən tətbiqi yönümlü elmi-tədqiqat işləri nəzərə alınmalı, o cümlədən hidrogenin energetikası  ilə əlaqəli tədqiqatlar orada öz əksini tapmalıdır.

Daha sonra akademik bildirdi ki, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində institut əməkdaşları elmi, elmi-təşkilati və ictimai fəaliyyətində aktivlik nümayiş etdirib. Onların içərisində fərqlənən gənclər institut rəhbərliyi tərəfindən mükafatlandırılıb. Sonra fəal gənclərdən Əzimova Günel,   Cavadova Sevinc, İsazadə Aygün, Muradova Aysel , İbrahimova Nigar və Zeynalova Aygünə  sertifikatlar təqdim olundu.

 Sonra gündəlikdə duran  məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. 

 

JURNALLAR
Faydalı linklər