Xəbərlər
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti uğurlu olub.
Dek 29, 2024 | 12:42 / Konfranslar, iclaslar
Oxunub 2843 dəfə

23 dekabr  2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın 2024-cü ilin yekunlarına həsr olunmuş iclası  keçirilmişdir.

İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, iclasın gündəliyinə 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının və  2025-ci il üçün iş proqramlarının təsdiqi haqqında, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə fərqlənən əməkdaşların  mükafatlandırılması, 2024-cü ildə elmlər və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olan şəxslərin fərdi iş planlarının təsdiqi, müsabiqə  və s. məsələlər daxil edilmişdir.

Birinci məsələ haqqında danışan akademik bildirdi ki, 2024- cü ildə İnstitutda 3 istiqamət  üzrə aparılan elmi-tədqiqat  işləri  nəticəsində 12 mühüm elmi  və tətbiqi nəticə əldə edilmiş,  institut əməkdaşlarının 127  məqaləsi Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc olunmuşdur. Bunlardan  Heliyon, Journal of Physics and Chemistry of Solids, Journal of Vinyl and Additive Technology, Journal of Solid State Chemistry, The Journal of Chemical Thermodynamics, Journal Phase Equilibria Diffusion Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar.

Ümumilikdə, il  ərzində  institutda aparılan tədqiqatların nəticəsi olaraq 10 monoqrafiya və kitab (onlardan 2-si xaricdə), 149 məqalə  (58 Respublika, 91 xarici jurnallarda, 127 - Web of Science və SCOPUS, 31 - digər bazalara daxil olan impakt faktorlu jurnallarda), 167 tezis (onlardan 87 xarici ölkələrdə) çap olunmuş, 6 patent alınmış (onlardan biri beynəlxalq patentdir), 6 patentə müsbət rəy verilmişdir, bu günə qədər institut əməkdaşlarının elmi əsərlərinə 2500-dən artıq istinad qeyd olunmuşdur.  Cari ildə İnstitutda bir neçə qrant çərçivəsində tədqiqatlar davam etdirilmiş,  4 layihə isə qrant müsabiqəsinin qalibi olmuşdur.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu il də daxil olmaqla son 10 ildə institut əməkdaşlarının elmi fəaliyyətində, beynəlxalq bazalarda referatlaşan jurnallarda çıxan məqalələr və onlara edilən istinadların sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Belə ki, 2014-cü ildə institut əməkdaşlarının sayı 489,  Web of Science və SCOPUS-da çap olunan məqalələrin sayı 32 olduğu halda, 2024-cü ildə isə əməkdaşların sayı 375, Web of Science və SCOPUS-da olan məqalələrin sayı isə 127 olmuşdur.  Akademik bildirdi ki, bir sıra parametrlərə (H-index, Scopus və Web of science bazalarında indeksləşən jurnallarda çap olunan məqalələr və onlara edilən istinadlar və s.) görə İnstitut Respublikada fəaliyyət göstərən 84 ali təhsil və elmi-tədqiqat müəssisələri arasında 10-cu, Kimya Elmləri Bölməsi üzrə isə 1-ci yerdə qərarlaşıb. Belə ki,  2022-2024- cü illərdə institutda ümumilikdə 275 məqalə Web of Science və SCOPUS-da çap olunub. Eyni zamanda AR ETN-nə daxil olan elmi tədqiqat müəssisələri arasında SCOPUS bazasındakı ümumi göstəricilərinə görə  institut ilk beşlikdə 3-cü yerdə qərarlaşıb (2019-2023- cü illər üzrə).

Qeyd olunmalıdır ki, 2022-2024-cü illərdə Azərbaycan üzrə SCOPUS bazasında cəmi  3672 məqalə dərc olunmuşdur ki, həmin məqalələrdən 450-si ümumilikdə Kimya Elmləri Blməsinin institutlarının, onlardan da 271-i Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun payına düşür. Son 10 ildə isə  Scopus bazasında KQKİ-nun 757 məqaləsi (Bölmə üzrə 1300) çap edilib.

Azerbaijan National H-index Ranking  2024-cü ilin 4-cü rübünün nəticələrinə görə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu bütün parametrlərə görə   ( National       H-index ,    H-index     Google,    H-index Scopus, H-index  Wos) Kimya elmləri Bölməsinə daxil olan təşkilatlar arasınnda birinci yerdə qərarlaşıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, Scimağo beynəlxalq qiymətləndirmə sisteminin 2023-cü il üzrə elan etdiyi nəticələrə görə, Azərbaycanda fəaliyyət göstərən bütün elmi tədqiqat və ali təhsil müəssisələri arasında cəmi 8-i, o cümlədən, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu yer alıb.

Sevindirici haldır ki, AR ETN Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə 2018-2023-cü illərdə Scopus bazasında nəşrlərə görə fəalliq göstərən KEB-nin 38 elmi işçisi əlavə maaşla mükafatlandırılıb ki, onlardan da 21-i Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarıdır.

Kadr hazırlığı məsələsinə toxunan alim qeyd etdi ki, İnstitutun doktorantura və dissertanturasında 49 nəfər təhsil alır, o cümlədən doktoranturada elmlər doktoru elmi dərəcəsi almaq üçün 9 nəfər (qiyabi), fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 16 nəfər (əyani) təhsil alır. İnstitutun dissertanturasında elmlər doktoru elmi dərəcəsi almaq üçün 15 nəfər, fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün 9 nəfər dissertasiya işləri üzərində çalışırlar.Cari il institut əməkdaşlarından 7-si fəlsəfə doktorluğu, 1 nəgər isə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.

İnstitutda 2 elmi jurnal- Azərbaycan Kimya Jurnalı və  Kimya Problemləri jurnalı nəşr olunur. Hər iki jurnal Scopus bazasında indekslənir. Sevindirici haldır ki, bu il hər iki jurnal  quartile dərəcəsi almışdır (Azərbaycan Kimya Jurnalı – Q4 quartile dərəcəsi və 0,6 İmpakt Faktor; Kimya problemləri jurnalı –Q4 quartile dərəcəsi  və 0,9 İmpakt faktor).

Cari ildə İnstitutun təşkilatçılığı ilə 3 elmi konfrans keçirilmişdir. Bunlardan ikisi “Yaşıl dünya naminə həmrəylik ili”- çərçivəsində təşkil olunub. Üçüncü tədbir isə beynəlxalq səviyyəli olub, dünyanın 16 ölkəsindən olan alimlərin iştirakı ilə  7-10 oktyabr tarixlərində   AR Elm və Təhsil Nazirliyi ilə   Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  birgə təşkilatçılığı ilə keçirilən “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium” adlı  konfransdır. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi mühüm hadisədir və  qloballaşan dünyada Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin elmimizin dünya elmi ictimaiyyətində nüfuzunun artması istiqamətində  əhəmiyyətli təkan verəcək.

Beynəlxalq elmi əlaqələrdən danışan alim bildirdi ki, 2024-cü ildə institutun əməkdaşları xarici ölkələrdə (İspaniya, Almaniya, Belçika, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Tacikistan) 14 elmi ezamiyyətdə  olmuşlar.

Daha sonra akademik bildirdi ki, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində institut əməkdaşları elmi, elmi-təşkilati və ictimai fəaliyyətində aktivlik nümayiş etdirib. Onların içərisində fərqlənən gənclər institut rəhbərliyi tərəfindən mükafatlandırılıb. Sonra fəal gənclərdən Əzimova Günel,   Cavadova Sevinc, İsazadə Aygün, Muradova Aysel , İbrahimova Nigar və Zeynalova Aygünə  sertifikatlar təqdim olundu

 2025-2030-cu illər üçün elmi-tədqiqat işlərinin mövzuları haqqında danışan akademik bildirdi ki, elmi-tədqiqat mövzuları qoyulan zaman prioritet istiqamətlər üzrə fundamental işlər, eyni zamanda  iqtisadiyyata tövhə verə bilən tətbiqi yönümlü elmi-tədqiqat işləri nəzərə alınmalı, o cümlədən yaşıl energetika  ilə əlaqəli tədqiqatlar orada öz əksini tapmalıdır.

Sonra gündəlikdə duran  məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. 

JURNALLAR
Faydalı linklər