Yan 06, 2025 | 12:07 / Konfranslar, iclaslar
24-27 dekabr 2024-cü il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Kimya və kimya texnologiyası” mövzusuda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans Tacikistan Milli Elmlər Aakademiyasının təçkilatçılığı və MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (МФГС) dəstəyi ilə təşkil olunmuşdur. Beynəlxalq konfransda İnstitutumuzun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Elmir Babayev iştirak etmişdir.
Konfrans proqramına əsasən üzvi və qeyri-üzvi maddələr, polimer materiallar, dərman kimyası, yaşıl kimya və aqrokimyanın ən son nailiyyətlərini əhatə edən müxtəlif mövzular üzrə məruzələr dinlənilmişdir.
Konfrans çərçivəsində 26 dekabr 2024-cü il tarixində baş tutan Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransda gənc kimyaçı alim konfransın bir sıra seksiyalarında müzakirələrdə iştirak etmiş, o cümlədən “yaşıl kimya və aqrokimya” seksiyasında ekoloji zərərli kimyəvi maddələrin utilizasiyası və biokütlənin katalitik zənginləşdirilməsinə dair məruzə ilə çıxış etmişdir.
Konfransın sonuncu günü Tacikistanın Milli Qədim Əsərlər Muzeyinə gəzinti təşkil olunmuş, konfrans iştirakçılarına sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.









