Yan 22, 2025 | 15:00 / Konfranslar, iclaslar
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun 2026-2030-cü illər üçün prioritet istiqamətlər üzrə aparılacaq elmi-tədqiqat işləri müzakirə edilmişdir.
23 dekabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir.
İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, iclasın gündəliyinə 2024-cü ilin yekunları, AMEA-nın 2025-2030-cu illərdə “İnkişaf strategiyası və Yol xəritəsi” üçün KEB-nin təklifləri və KQKİ qarşısında duran vəzifələr, 2025-ci il üçün iş planının təsdiq edilməsi və mart ayının 15-nə kimi 2026-2030-cu illər üçün aparılacaq elmi-tədqiqat işlərinin müasir elmin çağırışları və ölkənin milli prioritetlərini nəzərə almaqla hazırlanması, İnstitutun 90 illik və akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileyləri ilə əlaqədar konfransın təşkilat komitəsinin və tədbirlər planının hazırlanması (işçi qrup), doktorantların attestasiyasının kerçirilməsi, Elm və AT üzrə Dövlət Agentliyi tərəfindən yüksək nəticələr göstərən alimlərin əməyinin stimullaşdırılması haqqında və s. məsələlər daxil edilmişdir.
Nəşr olunan məqalələr, monoqrafiya və kitablar, alınan patentlər, həyata keçirilən layihələr haqqında danışan akademik bildirdi ki, 2024- cü ildə İnstitutun fəaliyyəti qənaətbəxş olmuşdur.
Sonra akademik AMEA-nın 2025-2030-cu illərdə “İnkişaf strategiyası və yol xəritəsi” , Kimya Elmləri Bölməsinin verdiyi təklifləri və bu dövrdə Kataliz və Qeyri – üzvi Kimya İnstitutu qarşısında duran vəzifələrdən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasında 2030-cu ilə kimi sosial –iqtisadi inkişafın əsas prioritetlərini nəzərə almaqla kimya elmləri sahəsində dayanıqlı inkişafa nail olmaq üçün neft kimyası və üzvi kimya, kataliz və fiziki-kimya, qeyri-üzvi materialşünaslıq, polimerlər kimyası və kimya mühəndisliyi istiqamətlərini AMEA-nın “İnkişaf strategiyasında və Yol xəritəsi”ndə mühüm elmi tədqiqatlar sırasına aid etmək olar. Konkret olaraq yaxın 5 ildə “Yaşıl” enerji təhcizatçısına çevrilmək üçün prioritet istiqamətlər üzrə elmi tədqiqatlar, o cümlədən hidrogen energetikası, biokütlənin emal problemləri, “Yaşıl” və sirkulyar texnologiyaların yaradılması, ekoloji problemləriin həllinə, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji gərginlik yaradan tullantıların idarə olunması, zəhərli qazların zərərsizləşdirilməsi və s. sahəsində tədqiqatların artırılması, təbii və alternativ xammalın kimyəvi emalı üçün ekoloji təhlükəsiz texnologiyaların yaradılması, dekarbonlaşma və karbon-dioksidin istifadə yollarının araşdırılması, neft kimyası sənayesinin yan məhsullarının təkrar emalı və əlavə dəyər yaradan məhsullara çevrilməsi üçün innovativ həll yollarının axtarılması, təbii qazdan kiçik molekullu olefinlərin və digər qiymətli məhsulların alınması üçün enerji qənaitli texnologiyaların yaradılması, “Yaşıl” dünya prinsiplərindən istifadə etməklə müxtəlif təyinatlı funksional materialların və fizioloji fəal birləşmələrin alınması kimi perspektiv tədqiqatlara üstünlük verilməlidir.
Sonra akademik qeyd etdi ki, 2024-cü ildə AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə 2018-2023-cü illərdə Scopus bazasında nəşrlərə görə fəalliq göstərən İnstitutumuzun 21 elmi işçisi əlavə maaşla mükafatlandırılıb. Sevindirici haldır ki, bu il də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu prosesin davam etdirilməsi nəzərdə tutulub və artıq prosesə start verilib.
Daha sonra akademik bildirdi ki, bu il İnstitutun 90 illik və akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileyləri keçiriləcək. Bununla əlaqədar konfransın keçirilməsi nəzərdə tutulur və bu məqsədlə təşkilat komitəsi və tədbirlər planı və işçi qrupu təsdiq olunmalıdır.
Sonra gündəlikdə duran məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.









