Xəbərlər
Foto
BDU-nun KQKİ ilə birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Apr 18, 2025 | 14:41 / Konfranslar, iclaslar
Oxunub 2400 dəfə

17-18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində Kimya fakültəsinin və M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı IV Respublika elmi konfransı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdur.

Açılış mərasimi 17 aprel 2025-ci ildə BDU-da olmuşdur. Elm və İnnovasiyalar üzrə prorektor Hüseyn Məmmədov çıxış edərək Ulu Öndərin Azərbaycanın kimya sənayesinin inkişafında və yenidən qurulmasında olan misilsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Növbəti çıxış edən kimya fakultəsinin dekanı Fuad Kərimli dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz rolu olan Ulu Öndər Heydər Əliyevdən danışaraq prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla dəvam etdirildiyini iştirakçıların nəzərinə çatdırmışdır. Həmçinin, natiq bildirmişdir ki, bu konfransa ölkənin müxtəlif universitetlərindən, elmi tədqiqat institutlarından, Türkiyə, Özbəkistan, Böyük Britaniya kimi xarici universitetlərdən 180- dan çox tezis (2 plenar, 136 şifahi, 42 poster) qəbul olunmuşdur.

Iclasda iştirak edən Kataliz və Qeyri-üzvi Kimya İnstiututunun baş direktoru akademik Diqəm Tağıyev, Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin ölkəmizdə neft -kimya sənayesinin inkişafındakı tarixi xidmətlərini qeyd edərək keçirilən bu elmi konfransların gənc nəslin gələcək elmi fəaliyyətində böyük rol oynadığını qeyd etmişlər.

Konfransda institutumuzun böyük elmi işçi Elvin Əhmədov “Stibium və bismutun xalkoyodidləri və onlar əsasında funksional materiallar”, BDU-nun baş müəllimi Ofeliya Babayeva isə “Multifunksional nanomaterialların kimyası və tətbiqi” adlı plenar məruzə ilə çıxış etmişlər.

Konfrans öz işini iki gün 4 bölmə (Zərif Üzvi Sintez və Koordinasion Birləşmələr; Kataliz və Materialşünaslıq; Alternativ Enerji Mənbələri və Neft Kimyəvi Sintez; Kimyanın tədrisində müasir yanaşmalar) üzrə dəvam etdirmişdir. Əməkdaşlarımız 1 plenar məruzə və 16 tezislə institutumuzu təmsil etmişlər.

Onlardan Elvin Əhmədov “Bi2S3-Bi2Se3-BiI3 kvazi-üçlü sistemində yeni dəyişən tərkibli fazalar”, Albina Poladova “Cu8 GeS6 –Ag8GeSe6 sistemində yüksək entropiyalı fazalar” Şəfiqə Əliyeva isə "Piroliz prosesinin yan məhsulu-yüngül qatrandan lak-boya materiallarının alınması" adlı tezislərlə çıxış etmişlər.

İnstitutumuzun əməkdaşlarından Elmir Babayev, Vüsalə Məcidzadə, Ülviyyə Məmmədova, Günel Əzimova, Şəfiqə Əliyeva, Ülviyyə Qurbanova, Şahnaz Qəhrəmanova, İlahə Hüseynova, Könül Musazadə, Ceyran Rüstəmova və başqaları konfransda fəal iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər