May 11, 2025 | 10:49 / Nəşrlər
Dünya şöhrətli Lider Türk dünyasının ən güclü şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə həkk olunub. Aydın təfəkkürü, müdrikliyi, natiqlik məharəti, yüksək liderlik qabiliyyəti, siyasi idealogiyası ilə dövlətimiz və xalqımız üçün əvəzsiz xidmətlər göstərən Dahi şəxsiyyətin ölməz ideyaları bu gün də yaşayır və zaman- zaman öz bəhrəsini verir.Dahi şəxsiyyət hər zaman xalqının və dövlətinin gələcəyini, tərəqqisini düşünürdü. Onun nəzərdə tutduğu təxirəsalınmaz ən önəmli məsələlərdən biri isə elmin və təhsilin inkişafı idi. Azərbaycan sovetlər birliyinin tərkibində olduğu illərdə ölkəmizə rəhbərlik edən Heydər Əliyevin göstərişi ilə hələ o zamanlar respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi xeyli genişləndirilmiş, SSRİ - nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı tələbə göndərilmişdi. Və bu proses mütəmadi olaraq davam etdirilirdi. Hər il Azərbaycandan kənara 800 tələbə yola salınır və həmin təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. Respublikada inkişaf Heydər Əliyevin göstərişi və qərarları ilə əhatəli surətdə həyata keçirilirdi. Lakin, Ulu Öndərin doğma Azərbaycanımızı müstəqil, ən qabaqcıl ölkələr sırasında görmək istəyi daha böyük idi.
1980-ci illərin sonu keçmiş sosializm sistemində yaşanan proseslər Azərbaycan xalqına müstəqil dövlətçilik ideyalarının reallığa çevrilməsi üçün şərait yaratdı. Ermənilərin Dağlıq Qarabağda ərazi iddiaları və onların SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsi, o zamankı dövlətimizə başçılıq edən dövlət rəhbərinin ölkəni idarə etmək səriştəsizliyi, milli maraqlara zidd mövqeyi həmin dövrlər Azərbaycanı olduqca ağır problemrlərlə üz - üzə qoydu. Dərinləşməkdə olan ictimai - siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurmasına gətirib çıxardı. Dağlıq Qarabağ münaqişəsinin həllində ölkə rəhbərliyinin cəsarətsiz mövqeyi torpaqlarımızın işğalına şərait yaratdı. 1990-cı il 20 Yanvar faciəsi, ardınca 26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri və MDB- nin 366-cı alayı tərəfindən Xocalı şəhərində mülki Azərbaycan əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi - Xocalı faciəsi yaşandı. Kənar xarici müdaxilələr ölkəni böyük təhlükə qarşısında qoydu. Xalq qurtuluş yolunu güvənib etibar etdiyi Heydər Əliyevin hakimiyyətə gəlişində gördü.
1993- cü ilin may-iyun aylarında xalqın təkidi və dəvəti ilə Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlişi ilə ölkəmiz və dövlətçiliyimiz gözlənilən bir çox bəlalardan xilas oldu. Ölkədə siyasi sabitlik bərpa olundu. Ulu Öndərin göstərişi ilə xalqın və dövlətin mənafeyinə xidmət edən bir çox mühüm islahatlar həyata keçirilməyə başladı. Eyni zamanda ölkənin müdafiə qüdrətinin gücləndirilməsi işində mühüm addımlar atıldı.
Ulu Öndərin qarşıya qoyduğu ən vacib məsələlərdən biri də vahid komandanlığa əsaslanan ordunun yaranması idi. Heydər Əliyevin qərarı və böyük səyi ilə Azərbaycanda nizami ordu birləşmələri yaradıldı. Hərb sahəsində bir çox yeniliklərə imza atıldı. Yüksək ixtisaslı, peşəkar hərbi kadrların hazırlayan məktəblər açıldı.
Ulu Öndərin hakimiyyəti illərində təhsil infrastrukturu tamamilə yeniləndi. ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəblər açıldı. Məhz Ulu Öndərin rəhbərliyi və səyi ilə iqtisadi problemlərin həll edilməsi yolunda təxirəsalınmaz işlər həyata keçirildi. Xəzərdə Azərbaycana məxsus neft yataqlarının birgə işlənməsi ilə əlaqədar xarici neft şirkətləri ilə danışıqlar aparıldı. 1994-cü il sentyabr ayının 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” layihəsi ilə Azərbaycan neft strateğiyasının əsası qoyuldu. Azərbaycanın dünya miqyasında beynəlxalq nüfuzu artdı. Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı -Tibilisi-ceyhan nefti, Bakı -Tibilisi-Ərzurum qaz kəmərləri, Böyük İpək yolu və Bakı-Tibilisi - Qars dəmiryolu layihələri Azərbaycan və bütün region üçün hazırda da böyük və əhəmiyyətli rol oynayır.
Məhz Heydər Əliyevin parlaq zəkası sayəsində Azərbaycan müstəqilliyi tarixində tərəqqi və inkişafa start verildi. Heydər Əliyevin diplomatiyası nəticəsində dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti əsaslı surətdə dəyişdi.
Hüquqi dövlətdə, onun özünün də dediyi kimi “Xalq dövlət üçün yox, dövlət xalq üçün” prinsipi ilə hərəkət edən Heydər Əliyevin milli dövlətçilik strategiyası, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün
uğurla həyata keçirilir. Müdrik dövlət başçımızın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasındadır. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu bəşər tarixində görünməmiş qələbə idi.
Qarabağda, azad olunmuş bölgələrimizdə artıq qürurla Azərbaycan bayrağı dalğalanır. Müstəqilliyinə qovuşmuş torpaqlarımız yenidən dirçəlir. Yeni binalar, evlər inşa olunur. Soydaşlarımız öz doğma ata - baba yurdlarına geri qayıdırlar. Bu böyük Zəfər - Ulu Öndərimiz Heydər Əliyev ideyalarının sadiq davamçısı Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruğ”unun təntənəsi - Ən möhtəşəm qələbəmizdir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, məqsədyönlü xarici siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Bu uzaqgörənliyin və nailiyyətlərin təməlində isə dünyaşöhrətli Lider Heydər Əliyevin ölməz ideyaları dayanır.
May ayının 10-u Dahi Şəxsiyyət Heydər Əliyevin anadan olmasının ildönümüdür. Azərbaycan xalqı daim qürur duyduğu Ümummilli Lider Heydər Əliyevi heç zaman unutmur, hörmət və ehtiramla yad edir. Ruhu şad olsun!
İxtiyar Bəxtiyarli kimya elmləri doktoru, professor









