Xəbərlər
Heydər Əliyevin milli ideologiyanın formalaşmasında rolu
May 29, 2025 | 11:55 / Konfranslar, iclaslar
Oxunub 1872 dəfə

Milli ideologiya ictimai həyatın bütün sahələrində milli maraqların üstünlüyünə əsaslanan münasibətlər sistemini, mənəvi birliyin prinsiplərini, eləcə də xalqın adət-ənənə və dəyərlər sistemini ehtiva edir. Bu ideologiya xalqın dili, mədəniyyəti və tarixi ənənələri fonunda formalaşan siyasi, iqtisadi, mənəvi və mədəni meyarların prioritetləşdirilməsini nəzərdə tutur.

Milli ideologiyanın düzgün və balanslı şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu sahədə ifrat meyllərin – yəni milli təkəbbürün və ya özünü digərlərindən üstün görmənin – güclənməsi millətçilik, ksenofobiya və hətta ekstremizm kimi neqativ təzahürlərin meydana gəlməsinə zəmin yarada bilər. Buna qarşılıq olaraq, milli ideologiyanın humanist və inklüziv dəyərlər çərçivəsində inkişaf etdirilməsi cəmiyyətdə multikultural mühitin, beynəlxalq əməkdaşlığın və qarşılıqlı tolerantlığın formalaşmasına təkan verir. Bu yanaşma xüsusilə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində bariz şəkildə öz əksini tapmışdır. Onun həyata keçirdiyi siyasət milli ideyanın qlobal dəyərlərlə uyğunlaşdırılması və cəmiyyətin bütün təbəqələrinin maraqlarının nəzərə alınması baxımından nümunəvi bir model kimi çıxış edir.

Milli özünüdərk və milli ləyaqət hissi bütün xalqlarda müəyyən dərəcədə təzahür edir. Bu baxımdan, tarix boyu bir çox etnoslar müstəqil dövlətə sahib olmaq arzusu ilə mübarizə aparmış, bu ali məqsəd naminə saysız-hesabsız qurbanlar vermiş və milli dəyərlərini, ideyalarını varislik prinsipi əsasında gələcək nəsillərə ötürməyə çalışmışlar. Lakin hər bir xalq bu idealı gerçəkləşdirmək və milli kimliyini beynəlxalq miqyasda tanıtmaq imkanı əldə edə bilməmişdir. Azərbaycan xalqı tarixən milli iradəsinin əzmkarlığı və yüksək etnik potensialı ilə fərqlənmiş, dövlət müstəqilliyinin itirilməsi ilə heç zaman barışmamışdır. XX əsrin əvvəllərində, çar Rusiyasının müstəmləkə rejimi altında olan Azərbaycan ərazisində milli oyanış prosesi geniş vüsət almışdır. Bu milli dirçəlişin nəticəsi olaraq, 1918-ci ildə müsəlman və türk dünyasında ilk dəfə olaraq demokratik əsaslara söykənən Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Qısa ömürlü olmasına baxmayaraq, bu dövlət milli dövlətçilik ənənələrinin təməlini qoymuş və xalqın öz müqəddəratını müəyyən etmək bacarığını nümayiş etdirmişdir. Sovet imperiyası dövründə isə kommunist diktaturasının milli hisslərə və milli ziyalılara qarşı həyata keçirdiyi sistemli repressiyalar milli ideologiyanın tamamilə susdurulmasına yönəlsə də, bu cəhdlər xalqın milli mənsubiyyət hissini tamamilə aradan qaldıra bilməmişdir. Azərbaycan xalqı həmin dövrdə də öz dilini, dinini, adət-ənənələrini və milli-mənəvi dəyərlərini qoruyub saxlamış, onları tarixin ən çətin və faciəli dönəmlərində belə yaşatmağı bacarmışdır.

XX əsrin ikinci yarısından etibarən ictimai-siyasi arenada özünü parlaq liderlik xüsusiyyətləri ilə göstərən Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideologiyasının formalaşması və inkişafında əvəzolunmaz rol oynamışdır. Onun rəhbərliyi ilə milli dəyərlərin qorunması və ictimai şüurda gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Hələ sovet dövründə siyasi təzyiqlərin və ideoloji senzuranın hökm sürdüyü bir şəraitdə Heydər Əliyev milli-mənəvi dəyərlərin, Azərbaycan ədəbiyyatının, incəsənətinin və mədəniyyətinin təbliği və inkişafı sahəsində əhəmiyyətli təşəbbüslərlə çıxış etmişdir. Sovet ideologiyasının milli kimliyi sıxışdırdığı bir dövrdə o, milli ideologiyanın inkişafına şərait yaratmış, xalqın öz köklərinə və mədəni yaddaşına bağlılığını qorumağa xüsusi önəm vermişdir.

Milli siyasət yalnız milli üstünlüyə əsaslanan yanaşmalarla məhdudlaşmamalı, eyni zamanda milli azlıqların hüquqlarının qorunması, onların dil, din və mədəni irsinin tanınması və hörmətlə yanaşılması ilə də xarakterizə olunmalıdır. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə bu yanaşmanı əsas götürmüş, milli siyasətin ədalətli və davamlı şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetirmişdir.

Ulu Öndərin siyasi fəaliyyətində xalqımızın çoxəsrlik adət-ənənələri, milli-mənəvi dəyərləri və humanist idealları yalnız qorunmaqla kifayətlənməmiş, həm də beynəlxalq səviyyədə layiqincə tanıdılmışdır. Bu, Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının möhkəmlənməsində mühüm mərhələ təşkil etmişdir.

Milli ideologiya müxtəlif etnoslarda fərqli səpkidə təzahür edir. Bəzi hallarda bu ideologiya humanist və tolerant xarakter daşıdığı halda, digər hallarda ekstremist və şovinist mahiyyət kəsb edə bilir. Bu baxımdan, milli ideyanın ideologiyaya çevrilməsi mərhələsində bu cür vacib məqamların nəzərə alınması zəruridir. Əksər hallarda ilkin mərhələdə milli ideyalar xaotik və sistemsiz şəkildə formalaşır. Onların normativ və humanist prinsiplər əsasında istiqamətləndirilməsi və strukturlaşdırılması siyasi liderlərin üzərinə düşən mühüm vəzifədir. Ümummilli Lider Heydər Əliyev də bu baxımdan milli ideologiyamızın formalaşmasında və inkişafında aparıcı rol oynamış, milli ideyanın ideoloji sistemə çevrilməsində əvəzsiz xidmətlər göstərmişdir.

Azərbaycan tarixən multikultural və tolerant dəyərlərə əsaslanan bir cəmiyyət olmuşdur. Bu xüsusiyyətlər ölkəmizi polietnik bir sosial sistemə çevirmişdir. XX əsrin əvvəllərindən etibarən milli kimlik məsələsi ilkin olaraq spontan formada gündəmə gəlsə də, bu proses Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində vahid və ardıcıl bir istiqamət almışdır. Ulu Öndərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdığı zaman ölkə dərin siyasi, sosial və hərbi böhranla üz-üzə idi və müstəqil Azərbaycanın mövcudluğunu təhlükə altına almışdı. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik liderliyi nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, milli və etnik zəmində baş verə biləcək ziddiyyətlər düzgün idarə olunan bir multikultural siyasətlə tənzimlənmişdir.

Bu siyasət çərçivəsində milli ideologiya yalnız bir etnosun üstünlüyünə deyil, bütün vətəndaşların hüquqlarının qorunmasına, dini və mədəni müxtəlifliyin təmin olunmasına xidmət edən humanist və inklüziv mahiyyətə malik olmuşdur. Etnik münasibətlərin harmoniyası, sosial inteqrasiyanın təmin olunması və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi milli ideologiyanın əsas prinsiplərinə çevrilmişdir. Tarixi irsin qorunması, mədəni mirasın varislik prinsipi ilə ötürülməsi və milli-mənəvi dəyərlərin sistematik şəkildə inkişaf etdirilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsini təşkil etmişdir.

Sovet dövründə milli ideologiya totalitar idarəçilik şəraitində sıxılmış və kommunist ideologiyasının təsiri altında formal xarakter daşımışdır. Lakin müstəqillik dövründə milli ideologiya obyektiv və müstəqil düşüncəyə əsaslanan, universal və bəşəri dəyərlərlə sintez olunan bir məzmun qazanmışdır.

Bu kontekstdə Azərbaycançılıq ideologiyası Heydər Əliyevin siyasi fəaliyyətində aparıcı xətt kimi möhkəmlənmişdir. Bu ideologiya milli kimliyin əsas göstəricisi olmaqla yanaşı, həm də ölkə daxilində yaşayan bütün etnosların bərabər hüquqlu vətəndaş kimi qəbul edilməsini, ictimai inteqrasiyanı, dini və mədəni dözümlülüyü təmin edən vahid dövlətçilik modelinin əsasını təşkil edir. Azərbaycançılıq ideologiyası təkcə milli identikliyin qorunmasına deyil, həm də ümumbəşəri dəyərlərlə sintez olunmuş harmonik cəmiyyətin formalaşmasına xidmət edən düşüncə sistemidir.

Heydər Əliyevin siyasi irsi milli ideologiyanın formalaşması və möhkəmlənməsi sahəsində qızıl səhifələr kimi tarixə həkk olunmuşdur. Onun rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qloballaşan dünyada inteqrasiya olunması prosesi başlanmış, Azərbaycan mədəniyyətinin, tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə təbliğinə şərait yaradılmışdır.

Ən əsası isə bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çağdaş dövrdə demokratiya şəraitində inkişaf edən milli ideologiyamız regionda və dünyada sülhə, mədəni müxtəlifliyə və qarşılıqlı anlaşmaya töhfə verən örnək bir modelə çevrilmişdir. Heydər Əliyevin milli ideologiyaya verdiyi elmi-siyasi töhfələr, onun mənəvi və liderlik keyfiyyətləri Azərbaycançılıq ideologiyasının əsas dayaqlarındandır və müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmişdir.

Vilayət MƏMMƏDOV, AR ETN-nin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi k.ü.f.d.

JURNALLAR
Faydalı linklər