İyn 03, 2025 | 14:27 / Konfranslar, iclaslar
AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbiri açıq elan edən İnstitutun Həmkarlar İttifaqı Təşkilatının sədri prof.Arif Əfəndi insan hüquqlarından danışaraq bildirdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətimizin siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ümumimilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu istiqamətdə strateji fəaliyyətin əsasını qoyub. Bu sənədə əsaslanaraq, ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib. Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunur. Aylıq çərçivəsində insan hüquq və azadlıqların təbliği, cəmiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.
Professor hər bir insanın doğuşdan hüquq və azadlıqlara malik olduğunu, bu hüquqların dinindən, irqindən, cinsindən, milliyyətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq, hər kəsə bərabər şəkildə şamil edildiyini qeyd edib. O, insan hüquqlarının müdafiəsi və təşviqi üçün cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının və fərdlərin fəal iştirakının vacibliyini vurğulayıb. A.Əfəndi ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ciddi islahatlar aparıldığını, addımlar atıldığını qeyd edib və xüsusilə Konstitusiyamızın maddələrinin üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu bildirib.
Daha sonra söz institutun Qadınlar Şurasının sədri Esmira Quluzadəyə verilib. O, qeyd edib ki, Azərbaycanda insan hüquqları beynəlxalq hüquq, milli qanunvericilik və digər hüquqi çərçivələr vasitəsilə qorunur və təmin olunur. E.Quluzadə Azərbaycanda insan hüquqlarının təmin edilməsi və müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevlə bağlı olduğunu vurğulayıb, prezident cənab İlham Əliyevin insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətindən bəhs edib. O qadın hüquqlarından danışaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə qadın problemləri və hüquqları istiqamətində yeni bir mərhələ başlamışdır. O, bu gün Azərbaycan qadınının qazandığı nailiyyətlərdən, cəmiyyətdə oynadığı roldan geniş şəkildə məlumat verdi.
Sonda mövzu ilə bağlı maraqlı müzakirələr oldu və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.









