İyn 11, 2025 | 15:00 / Konfranslar, iclaslar
3-7 iyun 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Şandunq əyalətinin Jinan şəhərində Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının (MAAN) II Konqresi baş tutmuşdur. Konqres Qilu texnologiya Universitetinin və Şandunq Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, İnstitutumuzun aparıcı elmi işçisi, dosent Elmir Babayev də iştirak etmişdir. Konqresin açılış mərasimində dövlət rəsmiləri, Şandunq Elmlər Akademiyasının rəhbər heyəti və MAAN prezidenti iştirak etmiş və açılış nitqi söyləmişlər.
Konqres çərçivəsində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Şandunq Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum azkarbonlu enerji istehsalı üçün yüksək konversiyaya malik innovativ texnologiyaların hazırlanması istiqamətində birgə tədqiqatların aparılmasına dair işlərin görülməsini özündə ehtiva edir. Memorandumun imzalanması mərasimindən sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, Elmir Babayev Enerji Tədqiqatı İnstitutuna səfər etmiş, ordakı laboratoriyaların mövcud şəraiti və müasir avadanlıqları ilə tanış olmuş və görülə biləcək birgə layihələr müzakirə edilmişdir. Müştərək layihələr kimi biokütlədən müxtəlif çevrilmə üsulları ilə enerji istehsalı, C1 kimyası, xüsusən də karbon qazının çevrilmələri istiqamətində perspektiv işlər müəyyən edilmişdir.
Həmçinin Konqres müddətində bir sıra əlamətdar tədbirlər keçirilmiş, konfranslar təşkil olunmuşdur. Təşkil edilmiş konfranslarda müxtəlif elmi istiqamətlər üzrə müzakirələr aparılmışdır. Enerji, Yeni materiallar və Texnologiya ilə əlaqəli olan plenar sessiyada dosent Elmir Babayev “Biokütlənin zənginləşdirilməsi üçün katalizatorları dizaynı: GVL-nin davamlı monomer istehsalına çevrilməsi üçün metodlar” adlı məruzə ilə çıxış etmişdir.
Konqresin 2-ci günü Gənc alimlərin konfransı keçirilmiş və MAAN Gənc alimlər Şurasının iclası təşkil edilmişdir. Elmir Babayev MAAN Gənc alimlər Şurasının iclasında Gənc alim və mütəxəssislər şurasının fəaliyyətindən bəhs edən geniş məruzə etmişdir.









