İyn 13, 2025 | 13:00 /
12.06.2025-ci il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u iştirak etmişdir. İclasda AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun dissertantı Həsənova Səadət Suliddin qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bir və iki əsaslı karbon turşularının yeni metal komplekslərinin sintezi, quruluşu və bioloji aktivliyinin tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: ARETN-i akademik M.Nağıyev adına KQÜKİ-nin professoru, k.e.d. Özbək Əliyev; Bakı Dövlət Universitetinin “Analitik kimya” kafedrasının müdiri, k.e.d., prof. Famil Çıraqov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, k.e.d. Hüseyn Qurbanov iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.









