Xəbərlər
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İyn 24, 2025 | 17:00 /
Oxunub 1565 dəfə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissə üzrə:

1.1. 5.5-1–5.5-3-cü bəndlər müvafiq olaraq 5.5-2–5.5-4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:

“5.5-1. Elektron kabinet verilmiş şəxsin kabineti aşağıdakı hallarda ləğv edilir və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona 5 (beş) iş günü müddətində bu barədə məlumat göndərilir:

5.5-1.1. Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;

5.5-1.2. elektron kabinet verilmiş şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.”;

1.2. 5.5-3-cü bəndin birinci cümləsində “5.5-1-ci” sözləri “5.5-2-ci” sözləri ilə əvəz edilsin;

1.3. 5.6-cı bənd üzrə:

1.3.1. birinci cümləyə “şəxs” sözündən sonra “(bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş şəxslər kateqoriyasına sonradan aid olmadığı hal da daxil olmaqla)” sözləri əlavə edilsin;

1.3.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Bu bəndin tətbiqi zamanı bu Qaydanın 5.5-1-ci və 6.2-1-ci bəndlərinin tələbləri nəzərə alınmalıdır.”.

2. 6-cı hissə üzrə:

2.1. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilmir.”;

2.2. 6.5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.5.1. bu Qaydanın 5.5-1.1-ci və 5.5-1.2-ci yarımbəndlərində göstərilən hallarda;”. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 iyun 2025-ci il

JURNALLAR
Faydalı linklər