İyl 10, 2025 | 15:00 / Maraqlı məlumatlar
Leonardo da Vinçinin məşhur "Vitruvius adamı" rəsmi üzərində aparılan yeni analiz, bədən proporsiyalarının izahında stomatologiyada tanınan bir quruluşun – "Bonvill üçbucağı"nın – həlledici ola biləcəyini irəli sürür.
Qaynarinfo xəbər verir ki, Qərb sənət tarixinin ən tanınan fiqurlarından biri olan bu rəsim, həm estetik, həm də elmi baxımdan yüz illərdir diqqətlə araşdırılır. "Mona Liza"dan sonra Leonardo da Vinçinin ən məşhur əsərlərindən biri sayılan "Vitruvius adamı", ehtimal ki, bu günə qədər gözardı edilən insan ağız quruluşu ilə bağlı bir geometriya prinsipini əks etdirir.
Rəsmin tarixi və Vitruviusun təsiri
Leonardo bu rəsmi 1490-cı ildə, qədim Roma memarı Vitruviusun "De Architectura" əsərindən ilham alaraq yaradıb. Vitruviusa görə, insan bədəninin mərkəzi nöqtəsi göbəkdir və insan arxası üstə uzanıb qollarını və ayaqlarını açdıqda, bu mərkəzdən çəkilmiş bir çevrə içində əlləri və ayaqları çevrənin sərhəddinə toxunur. Eyni zamanda, insanın boyu ilə qollarını yanlara açdıqda alınan genişlik eyni ölçüdə olur və bu, kvadrat forması ilə tamamlanır.
Da Vinçi bu prinsipləri vizual şəkildə əks etdirməyə çalışsa da, Vitruviusun mətnlərində ölçülərin dəqiq hesablanmasına dair texniki məlumatlar yox idi. Rəssamın çəkdiyi rəsim ilk baxışda bu boşluqları doldururmuş kimi görünsə də, dövrün bir çox sənətçisi oxşar cəhdlər etmiş və əksəriyyəti uğursuz olmuşdu. Hətta Leonardo özü belə, metndəki bəzi qeyri-dəqiqlikləri düzəltmək məcburiyyətində qalmışdı.









