İyl 22, 2025 | 11:00 / Konfranslar, iclaslar
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi və dissertantı Samirə Süleymanova Bayer Fondunun dəstəyi ilə 28 iyun - 11 iyul 2025-ci il tarixlərində Almaniyanın Lindau şəhərində keçirilən və kimyaya həsr olunmuş nüfuzlu 74-cü Lindau Nobel Mükafatı Laureatlarının Toplantısında iştirak edib. Bu görüşlər 1951-ci ildən etibarən mütəmadi olaraq keçirilir və məqsəd Nobel mükafatı laureatları ilə gənc alimlər arasında fikir mübadiləsi üçün qlobal miqyasda tanınmış bir forum yaratmaqdır. Bu toplantılar dünyanın müxtəlif ölkələrindən gələn gənc alimlər arasında davamlı elmi şəbəkələrin qurulmasına töhfə verir. Bu ilki görüş 30-dan çox Nobel mükafatı laureatını və dünyanın müxtəlif ölkələrindən 600-dən çox gənc tədqiqatçını bir araya gətirərək, kimyanın ən müasir mövzuları — o cümlədən yaşıl kimya, iqlim həlləri, tibbi tətbiqlər və elmi tədqiqatlarda süni intellektin rolu üzrə müzakirələrə ev sahibliyi etdi. Bu mötəbər tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 10 000-dən çox gənc kimyaçı müraciət edib. Qlobal miqyasda aparılan çoxmərhələli seçim prosesi nəticəsində yalnız 620 namizəd iştirak hüququ qazanıb. Samirə Süleymanova tədbirdə iştirak etmək üçün seçilmiş 620 gənc alimdən biri və Azərbaycanı təmsil edən yeganə nümayəndə olub. Samirə Süleymanova panel müzakirələrində və Nobel mükafatı laureatları ilə sessiyalarda fəal iştirak edib, dəyərli təcrübə qazanıb və həmçinin elmi əlaqələr qurub.









