Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, əməkdar elm xadimi akademik Həbibulla Şahtaxtinskinin 125 illik yubileyi qeyd olunub.
Sen 09, 2025 | 16:25 / Konfranslar, iclaslar
Oxunub 1847 dəfə

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, akademik, əməkdar elm xadimi Həbibulla Şahtaxtinskininanadan olmasının 125 illiyinə həsr olunmuş Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir.Tədbirdə elmi şuranın üzvləri, mərhum alimin yaxınları və yetişdirdiyi tələbələri iştirak edirdi. Öncə Həbibulla Şahtaxtinskinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, H.B.Şahtaxtinskinin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, boratların, daş duzunun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edir. Dünyada ilk dəfə Gəncə-Gil torpaq zavodu öz fəaliyyətinə 1965-ci ildə alunitin emalı ilə başlamışdır. Mövcud texnologiyanın təkmilləşdirilməsi, emalın göstəricilərinin yaxşılaşdırılması, istehsal prosesinin müxəlif pillələrində itirilən qiymətli komponentlərin (vanadium və qalliumun) alınması, qaz tullantılarının təmizlənməsi və istifadəsi üzrə tədqiqat işlərinin aparılması H.B.Şahtaxtinskinin rəhbərliyi ilə onun tələbələri tərəfindən davam etdirilmişdir. Yandırma və reduksiya zamanı alunitin narın fraksiyalarının toz halında itkisini yox etmək üçün tədqiqatçı üyüdülmüş alunitin əvvəlcədən dənəvərləşdirilməsi və prosesi fırlanan sobada aparmağı təklif edir, bu isə itkinin 20%-ni aradan qaldırmağa imkan verir. Həbibulla Şahtaxtinskinin təklif etdiyi digər mühüm üsul alunitin reduksiyası üçün solyar yağı əvəzinə konversiya olunmuş təbii qazdan istifadə edilməsidir. Səmərəli reduksiyaedicinin hesabına materialın reduksiya dərəcəsi artır, bu da öz növbəsində təmiz alüminium oksid və sulfat turşusunun alınmasına səbəb olur. Akademik H.Şahtaxtinskinin öz biliyini və gücünü sərf etdiyi mühüm və böyük problemlərdən biri də əlvan metallurgiya sənayesində alınan və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. İlk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə  kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənilib hazırlanmışdır. Keçmiş SSRİ əlvan metallurgiya sənayesi nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilmiş və qərara alınmışdır ki, bu metod Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunsun. Sonralar bu proses alimin tələbələri tərəfindən Ryazan metallurgiya zavodunda yarım-sənaye qurğusunda sınaqdan keçirilmiş və Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq edilmişdir. H.Şahtaxtinski eyni zamanda uzun illər pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. Qeyd etmək kifayətdir ki, müxtəlif vaxtlarda və müxtəlif tədris müəssisələrində onun tələbələri sırasında sonradan görkəmli alim və ictimai xadim olan Sosialist Əməyi Qəhramanları Rüstəm İsmayılov və Murtuza Nağıyevi, akademik Əli və Ələddin Quliyevləri, Soltan Mehdiyev, İmam Mustafayev, Vəli Axundov, Əliəşrəf  Əlizadə, Şəfahət Mehdiyev, Toğrul Şahtaxtinski, Musa Musayevi və başqalarını görmək olar. H.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərsliklərdə, 400 elmi məqalə, müəllif şəhadətnamələri və elmi hesabatlarda ümumiləşdirilmişdir. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və doktoru müdafiə etmişdir.

Sonra “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının müdiri, professor Arif Heydərov, akademik Həbibulla Şahtaxtinskinin həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan EA-nın həqiqi üzvi, qeyri-üzvi və analitik kimya, qeyri-üzvi maddələrin kimyəvi texnologiyası və mineral xammalın emalı sahələrində görkəmli alim, Azərbaycan EA Qeyri-üzvi və Fizika Kimya İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Mineral maddələrin texnologiyası” laboratoriyasının əsasını qoymuş və rəhbəri olmuş, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Həbibulla Baxşəli oğlu Şahtaxtinskini hələ sağlığında da, haqlı olaraq, Azərbaycan kimyaçılarının ağsaqqalı adlandırırdılar. Həbibulla Baxşəli oğlu Şahtaxtinski 1900-cu il sentyabr ayının 9-da İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Naxçıvan MR) Şahtaxtı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və 1926-cı ildə oranı bitirmiş, həkim diplomu almışdır. Eyni zamanda universitetin tibb fakültəsinin 3-cü kursunda oxuyarkən o, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitet) kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı 1930-cu ildə bitirib mühəndis-texnoloq diplomu alaraq gələcək həyatını bütövlükdə kimya elmi ilə bağlamışdır. H.Şahtaxtinski ali məktəbdə təhsilini davam etdirməklə yanaşı 1923-cü ildən orta tədris müəssisələrində, fabrik-zavod məktəblərində, fəhlə fakültələrində, texnikumlarda dərs demişdir. Hələ, tələbə ikən o, 1924-1930-cu illərdə Politexnik İnstitutunda analitik kimya kafedrasının laborantı işləmiş, 1930-cu ildə qeyri-üzvi və analitik kimya kafedrasının assistenti seçilmiş, bir ildən sonra miqdari kimyəvi analiz laboratoriyasına rəhbərlik etmişdir. 1934-cü ildən H.B.Şahtaxtinski dosent vəzifəsini icra etmiş, 1938-ci ildə dosent adını almış, 1937-ci ildən etibarən 22 il ərzində analitik kimya kafedrasına rəhbərlik etmişdir.

H.Şahtaxtinski 30-cu illərdə pedoqoji fəaliyyətlə yanaşı böyük elmi-tədqiqat işləri də aparmışdır. O, 1940-cı ildə “Yod həlledicilərinin tətbiqi ilə arsenat turşusunun və maqneziumun yodometrik təyini” mövzusunda namizədlik dissertasiyası, 1949-cu ilin fevralında M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin elmi şurasında “Yodometriyanın arsenat üsulu” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1950-ci ilin yanvarında ona professor adı verilmişdir.Alimin arsenat-yodometriya sahəsində apardığı tədqiqat işləri sonralar analitik kimyada “arsenat-yodometriya” adlı böyük və vacib bir elm bölməsinin yaranmasına səbəb olmuşdur. Kimya fənninin Azərbaycan dilində tədrisinin əsasını qoyanlardan biri olan H.B.Şahtaxtinski 1937-ci ildə çapdan çıxmış “Miqdari kimyəvi analiz” dərsliyi sonralar 1953-cu ildə ikinci nəşri olunmuş və bu günə qədər ali məktəb və müəllimlərin istifadə etdiyi ən qiymətli vəsaitlərdən biridir.

Böyük Vətən müharibəsi illərində H.Şahtaxtinski Respublika Xalq Komissarları Sovetinin tapşırığı ilə yerli xammal və materialların emalı əsasında ölkənin müdafiə ehtiyacı üçün döyüş sursatı hazırlayan xüsusi kimya qrupuna rəhbərlik etmişdir.

1959-cu ilin sentyabrında alimin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) Azərbaycanda elmi istiqamətinə görə yeganə olan “Mineral maddələrin texnologiyası” laboratoriyası yaradılmış, 27 il bu laboratoriyada işləyərək ömrünün sonuna kimi Azərbaycanın mineral xammalının öyrənilməsinə və kompleks işlənməsinə dair tədqiqat işləri aparmışdır. Sonralar bu laboratoriya şöbə adını daşıyaraq 3 laboratoriyaya çevrilmiş və hal-hazırda da fəaliyyət göstərir. H.Şahtaxtinskinin və onun tələbələri tərəfindən aparılmış tədqiqatlar nəticəsində alunitin emal prosesində itirilən gallium və vanadiumun istehsal məhsullarından çıxarılması, həm də zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları hazırlanmışdır. Alunitin kompleks emalı üzrə H.Şahtaxtinskinin apardığı işlər bu gün də son dərəcə aktual olduğu üçün, hal-hazırda da institutda “Alunitin yeni emal texnologiyası” adı ilə davam etdirilir.

Çox zəngin təbii ehtiyata malik tərkibində 40-a qədər qiymətli element olan Filizçay polimetal filizinin kompleks emalı problemi də H.Şahtaxtinskinin elmi fəaliyyətində çox mühüm bir mərhələni təşkil edir. Belə ki, onun bilavasitə rəhbərliyi altında filizin zənginləşməsindən alınan ayrı-ayrı selektiv konsentratların (mis, sink, qurğuşun və pirit), kollektiv konsentratın və birbaşa filizin işlənməsinin yeni texnoloji sxemləri işlənilib hazırlanmışdır.

H.Şahtaxtinski tərəfindən irəli sürülən daha mühüm bir problemi qeyd etmək lazımdır. Daşkəsən dəmir filizini və titan-maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə polad əritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyə malik çox qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, atom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılmasının texnologiyası işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. 

H.Şahtaxtinskinin yaradıcılığını Sovet alimlərindən akademiklər I.V.Tananayev, I.P.Alimarin, H.V.Javoronkov və başqaları yüksək qiymətləndirmişlər. M.V.Lomonosov adına MDU-in kimya fakültəsinin Elmi şurasında H.B.Şahtaxtinskinin Azərbaycan EA-nın həqiqi üzvlüyünə namizədliyini– A.A.Balandin, S.I.Valikoviç, V.A.Karqin, A.N.Nesmenyanov, P.A.Rebinder, A.N.Frumkin və başqaları yekdilliklə müdafiə etmişlər. O, 1967-ci ildə müxbir üzv olmadan birbaşa Azərbaycan EA-nın həqiqi üzvi seçilmişdir.

Alimin əmək fəaliyyəti Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, akademik H.Şahtaxtinski “Oktyabr inqilabı” ordeni (1971), bir neçə medallar və Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. 1974-cü ildə ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir. Akademik H.B.Şahtaxtinskinin 125 illik yubileyi ərəfəsində biz alimin irsini, onun elmi uzaqgörənlik istedadını, perspektiv elmi ideyalarını minnətdarlıqla qiymətləndiririk. Onun elmdə yaratdığı yeni istiqamətlər, müstəqil Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi və ehtiyatların səmərəli istifadə olunması üçün bu gün xüsusən aktualdır. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Sonra tədbirdə çıxış edən alimin tələbələrindən k.e.n. Əyyub Əzizov onun haqqında ürək sözlərini və xatirələrini iclas iştirakçıları ilə bölüşdü.

Sonda alimin ailəsi adından k.e.n.Rüfət Rüstəmov xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

 

 

 

 

 

 

 

JURNALLAR
Faydalı linklər